Səlahət Ağayev: "Baş məşqçinin əvəzinə qərar qəbul edə bilmərəm" MÜSAHİBƏ

01:27 - 13 Avqust 2016

Azərbaycan Premyer Liqasının 2-ci turunda "Qəbələ” - "İnter” (0:0) oyunundan sonra qonaqların qapıçısı Səlahət Ağayev jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:  

 

- Mövsümə uğurlu start verdiniz və avrokuboklardakı təmsilçilərimizdən "Qəbələ”dən də xal qalmağı bacardınız. Oyun haqda nə deyə bilərsiniz?

- Gördüyünüz kimi, bu cür hava şəraiti oyuna mənfi təsir edir. Belədə oynamaq çox çətindir. Heç-heçəlik oyun idi. Komandalar hərəyə 1 xal qazandı. Normaldır.  

 

- Penalti epizoduna ən yaxın siz idiniz. Referi düzgün qərar vermişdi?

- Qarşımda qarışıqlıq yaranmışdı. Üç-dörd futbolçu var idi, ona görə tam görə bilmədim. Yan-xətt hakimindən xəbər aldım, o da təsdiqlədi ki, referi düzgün qərar qəbul edib.  

 

- Zərbənin istiqamətini müəyyənləşdirmişdiniz, yoxsa təsadüfən qaytardınız?

- Bunu əvvəlcədən demək olmur. Adətən penaltilərin 99 faizi qol olur. Qapıçının onu qaytarmaq şansı 1 faizə bərabərdir. Mən də işimi gördüm.  

 

- Nika Kvekveskiri ilə əvvəl bir komandada oynamağının təsiri oldumu?

- Belə deməzdim. Futboldur, o həmin cinaha vurdu, mən də uzanıb çıxardım. Ora vuracağını əvvəlcədən bilmirdim.

 

- Əsas millinin "1 nömrə”si hesab edilən Kamran Ağayev klubsuzdur və formada deyil. San Marino ilə oyunöncəsi millidəki yerinizi təmin etdiyinizi demək olarmı?

- Bu, mənim yox, baş məşqçinin verəcəyi qərardır. Futbolçu kimi işim komandama kömək etməkdir. Baş məşqçinin əvəzinə qərar qəbul edə bilmərəm.  

 

- Amma penaltini dəf etməyiniz həlledici ola bilər..

- Bir penalti ilə millinin qapıçısı məsələsi həll edilmir. Təbii ki, ora düşmək üçün əlimizdən gələni edirik.  

 

- Artıq iki tur arxada qalıb və millinin baş məşqçisi Robert Prosineçki stadionlarda gözə dəymir. Belədə seçimin ədalətli olacağına inamınız nə dərəcədədir?

- Millinin baş məşqçisi, baş məşqçinin də köməkçiləri var. Nəyin, necə olacağını deyə bilmərəm. Bu, onların işidir. Prosineçki gəlmir, amma köməkçiləri bütün oyunları izləyirlər.  

 

- "Qarabağ” üzərində qazanılan qələbədən sonra "İnter”in daha yaxşı başlanğıc etdiyini demək mümkündürmü?

- Ötən il məğlub olmuşduq. Əlbəttə, qələbə ilə başlamaq komandaya müsbət təsir edə bilər. Finişə avrokuboklara vəsiqə verən yerlərdən birini tutaraq çatmaq istəyirik.

Xəbər xətti