"Hiss olunurdu ki, "Qəbələ” bir az qapalı futbol oynayır. Ümid edirəm ki, bunun mənim stadionda olmağımla heç bir əlaqəsi yoxdu. "Qəbələ”nin güclü komanda olduğunu vurğulaya bilərəm. Deməzdim ki, bizim işimiz asan olacaq”.
Sportal.az xəbər verir ki, bu sözlər Sloveniyanın "Maribor” klubunun idman direktoru – ötən illərin məşhur futbolçusu Zlatko Zahoviçə məxsusdur.
"Maribor” Avropa Liqasınını pley-off mərhələsində təmsilçimiz "Qəbələ” ilə qarşılaşacaq. Zahoviç ötən gün Mərdəkanda yerləşən "Dalğa Arena”ya təşrif buyurmuş və Azərbaycan Premyer Liqasının II turu çərçivəsində baş tutan "Qəbələ” – "İnter” qarşılaşmasını izləmişdi.
Maçtdan sonra saytımıza açıqlama verən "Maribor” rəsmisi "Qəbələ” haqqında fikirlərini izah edib:
"Dediyim kimi, bizim işimiz asan olmayacaq. Çünki rəqibin müdafiə və yarımmüdafiə xətti yaxşı futbol oynayır. Düşünmürəm ki, "Qəbələ”nin hücum xətti güclü deyil. Sadəcə, futbolçular mən dediyim mövqedə daha yaxşı oyun sərgiləyirdilər. Biz daha çox mərkəz oyunçularından ehtiyatlanmalıyıq”.
Zahoviç "Qəbələ”nin heyətində bəyəndiyi futbolçunun adını açıqlamaqda çətinlik çəkib. O, məsələnin "Maribor”un kiçik sirri olduğunu bəyan edib:
"Rəqibin heyətində çox yaxşı futbolçular var. Amma kimi bəyəndiyimizi deməyəcəm. Mən Bakıya analiz aparmaq üçün gəlmişəm və gizli işlərimizi açıqlaya bilmərəm”.
Zahoviç "Qəbələ” ilə qarşılaşacaqları üçün mənmun olduğunu da dilə gətirib:
"Püşkün nəticəsi ürəyimizcədi. Pley-off mərhələsində zəif rəqib olmur. Hər iki komandanın şansları var. Etiraf edək ki, hər iki komanda növbəti mərhələ haqqında düşünür. Ancaq futbolda daha güclü və istəkli olan komanda qalib gəlir. Fikrimcə, hansı komanda daha istəkli olsa, o da mərhələ adlayan tərəf olacaq”.
Hazırda Sloveniya çempionatında azərbaycanlı futbolçu Samir Məsimov və ölkəmizdə legioner həyatı yaşamış Julius Vobay da çıxış edir. "Maribor” rəsmisi "Qəbələ” haqqında Məsimov və Vobaydan heç nə öyrənməyə çalışmadıqlarını deyib:
"Düşünürəm ki, lazımı məlumatlarla ölkəmizə qayıdacam. Biz heç bir futbolçudan Azərbaycan çempionatı və "Qəbələ” haqqında soruşmamışıq”.
saytlarin hazirlanmasi