Azərbaycan Premyer Liqasının II turunda "Kəpəz” doğma meydanında AZAL-ı qbul edib. Qarşılaşma 0-0 hesablı bərabərliklə başa çatıb.
Matçdan sonra AZAL-ın yeni transferi Ruslan Əmircanov Sportal.az-ın əməkdaşının suallarını cavablandırıb:
"Bizi çətin oyun gözləyirdi. "Neftçi”yə istəmədiyimiz halda məğlub olduq. Həminki oyunda bəxtimiz heç gətirməmişdi. Deyərdim ki, futbol tanrısı bizdən üz döndərmişdi. Hava həddindən artıq isti idi və bu hal hər iki komanda üçün çətin idi. Hər iki komanda qol epizodu yaratmaqda çətinlik çəkirdi. Hansı komanda bir qol vursaydı, o da qalib gələcəkdi”.
- Gəncəyə heç-heçə üçün gəlmişdiniz?
- Xeyr. Biz bura qələbə qazanmaq üçün gəlmişdik. Biz elə komanda deyilik ki, bura bərabərlik üçün gələk. Heyətimizdə kifayət qədər yaxşı futbolçu var.
- İkinci hissədə daha istəkli AZAL-ı gördük...
- İkinci hissədə Canalidze və Hüseynpur meydana daxil oldu. Onlar oyuna rəng qatmağı bacardılar. İkinci hissədə komanda şəkilində düzgün oynadıq. Fikrimcə, heç-heçə ədalətli nəticə idi.
- Ruslan, təyin edilməyən penalti epiozduna daha yaxın idin. Penalti olduğunu etiraf edə bilərsən?
- Məsələ ilə bağlı baş hakim Əliyar Ağayevdən soruşdum. O da penalti olmadığını söylədi.
- Bu gün cinahlardan çoxlu ötürmələr edə bilmirdin. Bunun səbəbi nədir? Bəlkə komandaya tam uyğunlaşmamısan...
- Mən bu oyunda cinah hücumçusu kimi çıxış etdim. Mənim mövqeyimdə Qvanzav mübarizə apardı.
- Mətbuatda belə bir xəbər yayılıb ki, sabiq komandan "Qəbələ”ni FİFA-ya şikayət edəcəksən...
- Düzdü. Mən düzgün qərar vermişəm. Gələn həftə sənədlər hazır olacaq. Mənə bildiriblər ki, "Qəbələ” sənə borcludur və bu, sənin halal pulundur. Əgər axıra kimi getsəm pulumu ala biləcəyimi dedilər. Federasiya qərar çıxarıb ki, 120 min manatın 40 min manatı mənə ödənilsin. Artıq qərar 3 aydan çoxdur ki çıxıb.
- Sən 40 min manat istəyirsən, yoxsa pulunun hamısını?
- Mən 40 min manata razı deyiləm. "Qəbələ”dən isə mənə deyiblər ki, sənə pul verilməyəcək. Mənə deyiblər ki, müqavilə imzaladıqdan sonra cəmi 9 oyunda forma geyinmisən və digər matçlarda zədəli olmusan.