AZAL-ın kapitanı: "Kiçik qələbələr sonda böyük bir uğura gətirib çıxarır" MÜSAHİBƏ

01:56 - 14 Avqust 2016

"Kəpəz"lə matçdan (0:0) sonra AZAL-ın kapitanı Emin Cəfərquliyev Sportal.az-ın əməkdaşının suallarını cavablandırıb.

 

- Oyun fikirləşdiyimiz kimi oldu, ağır keçdi. Hava dəhşətli dərəcədə isti idi. Bu da oyunun yüksək tempdə keçməsinə imkan vermirdi. Əsas məqsədimiz qol buraxmamaq, ən azından 1 xalla geri dönmək idi. Şadıq ki, buna da nail oduq. "Kəpəz" də elə-belə komanda deyil. Premyer Liqanın ən yaxşılarından biridi. Biz də sübut elədik ki, pis komanda deyilik. İlk turda "Neftçi"yə evdə də məğlub olmalı deyildik. Şüvəlanda nələrin baş verdiyini özünüz də görmüsüz. Düşünürəm ki, qarşıdakı turlarda bundan da yaxşı oynayacaq və nəticə qazanacağıq.

 

- İkinci hissənin ortasında bir epizod oldu. Dario Federikonun cərimə meydançası daxilində yerdə qaldığı epizodu nəzərdə tuturam. Səncə, orda Əliyar Ağayev penalti verməli idi?
- Mən o epizoda şərh vermək istəmirəm. Nə bilim… Baş hakim epizoda yaxın idi, o, görürdü. 
 

- Oxşar epizod rəqibin qapısı ağzında baş versəydi, sən özün və komanda yoldaşların nə edərdi?
- İstəyərdik hakim penalti versin. 

 

- AZAL ikinci hissənin axır 20-25 dəqiqəsində daha aqressiv, hətta deyərdim ki, kobud oynamağa başladı. Bu, yorğunluqla bağlı idi?
- Tərlan müəllim o dəqiqələrdə heyətdə dəyişiklər etdi. Yeni hücumçular buraxdı meydana, orta bir az boşaldı. "Kəpəz"in yarımmüdafiəçiləri mərkəzi tez keçməyə başladığından, aqressiv oyuna keçdik ki, sürətli hücumların qarşısını alaq. Bu, "fizika"mızın çatdırmamasından olmadı. Sadəcə, taktikamız bu cür idi. Ortadan və cinahlardan gələn rəqibi dayandırmaq başqa cür çox çətin idi. 

 

- Qarşılaşmadan sonra demək olar bütün futbolçularınız paltardəyişmə otağında sevincdən qışqırırdı. Belə çıxır ki, bu 1 xal da sizin üçün qələbə kimi şeydi.
- Elə deməzdim. Sadəcə, bu, yeni çempionatda qazandığımiız ilk xaldı. Təbii ki, Gəncə kimi yerdən 1 xal götürdüyümüzə sevinməliyik. Kiçik qələbələr sonda böyük bir uğura gətirib çıxarır. "Kəpəz"in gözəl komanda olmasını bir azdan hamı görəcək.  
 

- Rail Məlikovun gedişindən sonra Tərlan Əhmədov kapitan sarğısını sənə əmanət edib. Kənardan isə belə görünür ki, sən hələ buna hazır deyilsən. Komanda yoldaşların mübahisəli epizodlarda özünü ələ ala bilmir, qoşulursan onlara. Halbuki uşaqları sakitləşdirmək bir kapitan kimi sənin üzərinə düşür.
- Hər şey birdən-birə alınmır, düz deyirsiz. Mən baş əsgərəm. Bizim gözəl kollektivimiz var. Yavaş-yavaş kapitan adını doğrultmağa çalışaram.

Xəbər xətti