Azərbaycan Premyer Liqasının 2-ci turunda “Zirə” “Neftçi”ni səfərdə 1:0 hesabı ilə məğlub edib.
Matçdan sonra “qartallar”ın futbolçusu Viktor İqbekoyi Sportal.az-ın əməkdaşına müsahibə verib:
- Bu gün yaxşı oynadıq. İlk qələbəmizi qazandığımız üçün xoşbəxtəm. Arxa xəttdə etibarlı oyun sərgilədik.
- “Zirə” ilə niyə gec müqavilə imzaladın?
- Amerikada idim. Bəzi problemlərim var idi. Ailəmin yanında idim və sənəd məsələlərimi də həll edirdim. Daha sonra Bakıya gələrək “Zirə” ilə müqaviləni uzatdım. Artıq problemim yoxdur və hər şey qaydasındadır.
- “Zirə”nin prezidenti Vüqar Astanov vəzifəsindən gedəndən sonra müqavilə imzaladın. Bu, nə ilə bağlı idi?
- Vüqar Astanovla problemim olmayıb. Mən və klub arasında danışıqlar oldu. Ötən mövsüm də burada çıxış etmişəm. Oyunuma yaxşı bələddirlər. “Zirə”də hamı ilə aram yaxşıdır.
- Viktor, uzun müddətdir Azərbaycandasan. Bu il Premyer Liqada 8 komanda mübarizə aparacaq...
- Bu heç də yaxşı deyil. Amma rəqabət güclü olacaq. Çünki komandaların hamısı iddialıdır. Fikrimcə, bu mövsüm çempionat yaxşı keçəcək.
- Fiziki durumun necədir?
- Bir müddət oynamadım. Bildiyiniz kimi, ötən həftə qayıtmışam. Formamı bərpa etmək üçün vaxt lazımdı.