Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Almaniyanı qəbul edəcək.
Sportal.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında Almaniya yığmasının baş məşqçisi Yoahim Löv jurnalistlərin suallarını cavablandırıb.
- İngiltərə ilə oyundan sonra Bakıya gəlmisiz. Fikirləriniz necədi?
- Məqsədimiz aydındı. Qələbə qazanmaq istəyirik. Yaya kimi heç bir matçda xal itirməyi düşünmürük. İngiltərə ilə oyundan sonra uzaq yol gəlmişik. Vaxt fərqi var. Amma bütün bunlar bəhanə ola bilməz.
- Zədəli futbolçular durumu necədi?
- Sözsüz ki, problemlərimiz var. Sami Xedira, Yulian Draksler və Mario Qomesin müəyyən problemi olsa da, oynaya bilərlər. Yalnız Məsut Özilin oynayıb-oynamayacağı dəqiq deyil. Müalicəsi davam edir.
- İngiltərə ilə oyunda qapıda Ter Ştegen idi. Sabahkı oyunda qapını kimə əmanət edəcəksiz?
- Hələ qərar verilməyib. Ter Ştegen İngiltərə ilə oyunda özünü çox yaxşı göstərdi. Amma hələ bilmirik ki, sabah qapını kim qoruyacaq. Hər üç qapıçımız yaxşıdı. Son məşqdən sonra qərar verəcəyik.
- Andre Şürrle "Borussiya"da az oynayır. Onun gələcəyi ilə bağlı nə düşünürsüz?
- Onun klubda oynamaması heç də yaxşı deyil. Amma özünü məşqlərdə çox yaxşı göstərir. Bu da pozitiv düşünməyə əsas verir. Təkcə Şürrle deyil, klubunda daim oynaya bilməyən oyunçular var və onlara dəstək olmalıyıq.
- Millimizə qarşı iki dəfə oynamısız. Əvvəlki Azərbaycanla indiki Azərbaycan arasında hansı fərqlər var?
- Ümumiyyətlə komanda haqda dediklərimizi bütün ölkəyə də şamil edərik. Ölkədə böyük dəyişiklik hiss olunur. Komanda da çox inkişaf edib. Həm futbolçuların keyfiyyətləri, həm də taktiki baxımdan. Nəticələrə baxanda da inkişaf hiss olunur. Müdafiədə çox etibarli oynayırlar. Azərbaycan millisini inkişaf baxımından çox pozitiv görürəm.
- Antonio Rüdigeri sabah oynatmağı düşünürsüz?
- Sabah yəqin ki, Mats Hummelsin yanında Benedik Hövedes oynayacaq.
- Kapitan kim olacaq?
- Komandanı meydana kapitan kimi Sami Xedira çıxaracaq. O, liderdi, örnək futbolçudu. İşə çox peşəkar yanaşır.
- Son dövrlər çətinlik çəkirsiz. Bəzi futbolçular üçün milli komanda ikinci plana keçib, oynamaq istəmirlər...
- Xeyr, futbolçular milliyə sevinə-sevinə gəlir. Milli hər bir futbolçu üçün ən yüksək zirvədi. Hamı canla-başla komandaya gəlir. Kənarda qalanlar da üzülürlər.
- Mario Qomes yaxşı formadadı. Onu start heyətdə meydana buraxacaqsız?
- Qomes son oyunlarda yaxşı təsir bağışlayır. Ona görə də matça ilk “11-lik”də başlayacaq.
- Azərbaycan millisinin qrupda ikincilik şansını necə dəyərləndirirsiz?
- Ümumi götürsək 4 oyuna 7 xal yaxşı başlanğıcdı. Hər şey Çexiya və Şimali İrlandiya ilə oyunlarda müəyyənləşəcək. İkincilik şansları var. Niyə də olmasın?