Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir.
Sportal.az xəbər verir ki, “İnter” doğma meydanda “Qəbələ”ni qəbul edib. Meydan sahiblərinin 1 – 3 hesablı məğlubiyyəti ilə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında baş məşqçi Zaur Svanadze jurnalistlərin suallarını cavablandırıb:
- İlk hissədə pis oynamadıq. Qol epizodları da yarada bildik. Onlardan yalnız birindən yararlana bildik. Amma ikinci hissədə qol buraxdıqdan sonra komanda "sındı". 2-ci qolu demək olar ki, rəqibə hədiyyə etdik. Bizi qarşıda çətin oyunlar gözləyir. Onlara hazırlaşmalıyıq.
- Bu məğlubiyyətdən sonra kubokun “İnter” üçün artıq bitdiyini düşünmək olar?
- Bizim üçün səfərdə çox çətin olacaq. Amma buna baxmayaraq mübarizə aparacağıq.
- Müdafiəçiləriniz sanki yuxulu görünürdü...
- İlk hissədə yaxşı idilər. Amma ikinci hissədə səhvlərə yol verdilər. Xüsusilə də ikinci qolda.
- “İnter” son zamanlar “Qəbələ”yə qarşı yaxşı oynayırdı. Bu gün isə komandanız özünə bənzəmirdi. Bunun səbəbi nədir?
- Komandamız qış fasiəsindən sonra zəifləyib. İki aparıcı üzvümzün komandadan ayrılması ciddi təsir edib. Dayaq yarımmüdafiəçisi mövqeyi ilə bağlı problemimiz var. Ruslan Abışovun yoxluğunu Fuad Bayramovla doldururduq. Bu gün o da oynaya bilmədi. Bizim heyətimizdə ciddi itkilkər var idi. Ehtiyat oyunçular skamyamız zəngin deyil. Bütün mövsümü eyni heyətlə oynayırıq. Bu da yorğunluq yaradır. Buna görə də futbolçularıma təşəkkür edirəm.
- Zurab Xizanişvilinin ilk hissədə oynamamasının səbəbi nə idi?
- Zurab bir neçə məşqdə iştirak etməmişdi. Ona görə də ehtiyatda saxladım.
- Dediniz ki, futbolçular yorulub. Klubda baş verən hadisələr, maliyyə durumunun yaxşı olmaması, yayda baş məqşçi postuyna Mahmud Qurbanovun gətiriləcəyi deyilir. Bütün bunlar Zaur Svanadzeni yorub?
- Bizim əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı. Mahmud Qurbanovla bağlı məsələ barədə heç nə deyə bilmərəm. Bundan xəbərim yoxdur. Yorğunluğa gəlincə, bu, hamımızda var.
- Qapınıza 2 penalti təyin olundu. Bunlarla razısız?
- Hələ epizodlara baxmamışam. Uzaqdan gördüyüm üçün heç nə deyə bilmərəm. Epizodları izlədikdən sonra bu barədə nəsə deyə bilərəm.