Medianın İnkişafı Agentliyinin layihəsi
XI YAZI
Uşaq və gənclərin fiziki və mənəvi inkişafından danışırıqsa, bunun üçün savadlı mütəxəssislərin olması vacibdir. Lakin əksər idman növlərində məşqçi çatışmazlığı var ki, bu da inkişafı əngəlləyən məsələlərdən birinə çevrilir. Futbol sahəsinə nəzər saldıqda məşqçilik lisenziyasına malik mütəxəssislərin kifayət qədər çox olduğunu və hər il də bu sayın artdığını görürük. Lakin kəmiyyətlə keyfiyyət uzlaşırmı, futbol sahəsində uşaq və gənclərin inkişaf etməsi üçün yetəri qədər yaxşı məşqçilərimiz varmı? Bu suala cavab tapmaq üçün AFFA-nın məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimova müraciət etdik.
Kərimov ilk olaraq ölkəmizdə futbol məşqçilərinin maariflənməsi ilə bağlı məlumat verdi: “Uşaq futbolunun inkişafı üçün üç istiqamət vacibdir - insrastruktur, kütləvilik və maariflənmə. Maariflənmə tərəfinə cavabdeh olan bir şəxs kimi onu qeyd edə bilərəm ki, bizim təkcə “C” lisenziyalı kurslarımız yox, bir neçə kurslarımız keçirilir. Uşaq futbolu ilə bağlı “D” lisenziyamız da var. “D” lisenziya kursları məktəblərdə dərs deyən idman müəllimləri üçün təşkil olunur ki, idman dərslərində uşaqlar ən azından futbola aid olan nələrləsə məşğul olsunlar, futbol elementlərini istifadə etsinlər. Bu linesziyanı almaq üçün federasiyaya pul ödənilmir. Bu kursları müxtəlif regionlarda keçməyə çalışırıq. İndi bizim yeni bir layihəmiz var. Təhsil nazirliyi ilə birlikdə işlər görməyə çalışırıq. Artıq İdman Akademiyasında da “C” lisenziyasını tədris etməyə başlamışıq. Hüquqi olaraq UEFA-nın qaydalarına görə, İdman Akademiyasını bitirən şəxslər məşqçi kimi UEFA-nın bayrağı altında çalışa bilmirlər. UEFA başqa diplomları tanımaq istəmir. Bu baxımdan dörd il akademiyada oxuyan şəxsin federasiya sahəsində işləməyə hüquqi əsası olmur. Buna görə də biz İdman Akademiyasının nəzdində “C” kateqoriya kurslarını təşkil etmişik. Maariflənmə baxımından çoxtərəfli istiqamət götürmüşük. Həm Bakıda, həm də regionlarda kursları keçirik. Bununla yanaşı inkişafla bağlı yalnız lisenziya kursları deyil, kütləvilik departamenti də Bakıda və regionlarda maarifləndirici festivallar, turnirlər keçirməklə uşaqları futbola cəlb etmək üçün tədbirlər görür”.
Aslan Kərimov kateqoriya kurslarında iştirak edən məşçqilərin bacarıq səviyyəsinə də toxundu: “Tədris proqramımızda yeniliklərlə bağlı reallığa əsaslanan öyrənmə prosesi təşkil etmişik. Mənə elə gəlir ki, savadsız məşqçilər çox deyil. Bizim kursları bitirən məşqçilərdən də şikayətlər ola bilər. Amma daha çox şikayətlər UGİM-lərin aşağı yaş qruplarında çalışan məşqçilərdən gəlir. Bəzən uşaqların üstünə qışqırırlar, keyfiyyətsiz məşq keçirlər. Mənim bunu kontrol etmək şansım yoxdur. Bizim kursları bitirən vicdanlı, işini bilən məşqçilər var. Amma bəzən klub tərəfindən aşağı yaş qruplarında nəticə tələb olunur. Mən klublarla danışanda deyirdilər ki, aşağı yaş qruplarında nəticə önəmli deyil, önəmli olan uşaqların inkişafıdır. Amma sonradan oyunlarda görürdük ki, uşaqlar komandalarının məşqçilərindən çempionluq, yüksək yerləri tutmaq tələb edirlər. Bunu müşahidələrimdə, təcrübələrimdə görmüşəm. Bəzi məşqçilər öz eqoları ilə vuruşa bilmirlər. Bizim futbol ictimaiyyətində də hansısa komandanın çempion olmağı onların doğru yolda olmasının nəticəsi kimi qələmə verilir. Belə olan halda isə məşqçilər qələbə qazanmaq üçün oyunda lazım olan şeyləri etmirlər, bütün oyunçuları oynatmırlar. Demirəm ki, bizim kurslardan çıxanlar hamısı savadlı məşqçilərdir. Amma ən azından kursdan çıxan məşqçilər minimum tələbləri yerinə yetirirlər ki, onlar lisenziya ala bilirlər. Tələbləri yerinə yetirməyənlərə elə-belə lisenziya vermirik. Adından, tutduğu vəzifəsindən asılı olmayaraq minimumu yerinə yetirirlərsə, lisenziyanı alırlar. Kateqoriya kursu oxuyarkən hər məşqə hazırlaşmaq, uşaqlara individual olaraq yanaşmaq, hər məşqi detallı işləyib keçmək lazımdır deyirlər. Amma kursu bitirib məşqçilik karyerasına başladıqda isə bir az tənbəllik etməyə başlayırlar. Hər gün məşq tərtib etmək, hər uşağın individual keyfiyyətinə görə məşq yazmaq asan iş deyil. Bu, əsl iş tələb edir, evdə oturub tərləmək lazım gəlir. Bilmirəm aldığı məvacibə görədir, yoxsa məşqçilər tənbəl olur. Şəxslər haqqında danışa bilmirəm. Məşqə çıxanda standart, ən yüngül bir məşq yazırlar. Bununla ən rahat şəkildə yola verib gedirlər. Amma klubların daxilinə girib monitorinq keçirə bilmirəm. Əslində, dediklərim klubların nəzdində, onların texniki direktorlarının diqqət mərkəzində olmalıdır. Onlara səlahiyyət verilməlidir ki, hansı məşqçi ilə çalışmaqla bağlı qərarı özləri versinlər. Ona görə də nə qədər çox məşqçi olsa, o qədər də rəqabət olar. Bu baxımdan klublar bir az diqqət ayırmalıdır. Hesab edirəm ki, bizim məşqçilərin savadı heç də xaricdəki uğur qazanan məşqçilərin savadından aşağı deyil. Əslində, sistemin özü oyunçuların inkişafına gətirib çıxara bilir. Sistem deyəndə, infrastrukturdan söhbət gedir. Bizdə indi "Qəbələ" və "Neftçi"nin akademiyasının infrastrukturu yaxşıdır deyə bilərik. Digər klubların şəraitinə baxsaq, boşluqların olduğunu görə biləcəyik. Klubarın əsas komanda ilə akademiyaya sərf olunan vəsaitini müqayisə etsək, fərqi görəcəyik. İnfrastruktur olduğu halda, inanın ki, məşqçilərin savadı aşağı olsa da, uşaqlar inkişaf edəcək".
Məşqçilərin savadının qənaətbəxş səviyyədə olduğunu deyən Aslan Kərimov problemləri təşkilati məsələlərdə görür: “Mənim gördüyüm, müşahidə etdiyim amillərdən biri bütün regionlarda futbola rəhbərlik edən şəxslərin bir qədər laqeyd olmasıdır. İndiyə kimi icra hakimiyyətlərinin, regionlarda olan futbol asossiasiyalarının nəsə bir iş gördüyünü, futbola aid nəsə etdiyini o qədər də görməmişəm. Ələlxüsus da rayonlarda hər şeyə cavabdeh olan icra başçılarının hər hansı futbol turniri, festival, yarış keçirdiyini eşitməmişəm. Bəlkə də var, mən bilmirəm. Varsa da, o qədər də çox deyil. Digər ölkələrlə müqayisə etsək, Serbiyanı götürsək, hər regionda futbolla bağlı nəsə təşkil edirlər. Şəhərlərin, regionların rəhbərləri özləri futbol xəstələridir, futbolu sevirlər deyə, bu işlərlə məşğul olurlar. Futbolun inkişafında infrastruktur və kütləvilik amilləri var. Maariflənmə daha sonra gəlməlidir. Bir məşqçini maarifləndirib, ona top vermədən futbol məşqi keçirdə bilməzsən. Kütlə də olmalıdır. Bir nəfərdən futbol komandası düzəltmək olmur. Kütləvilik baxımından regionlarda futbolla bağlı ciddi tədbirlərin olmadığı açıq-aşkar görünür. AFFA hərdən regionlarda festivallar keçirir. Amma bu, barmaqla sayılası qədərdir. Əslində, hər rayonda icra hakimiyyəti, idmana aid olan şəxslər futbola aid tədbirlər keçirməlidir. Bir daha deyirəm, Serbiya, Macarıstan, Ukrayna və digər ölkələrin məşqçilərinin savadı bizimkilərdən üstün deyil. Bunu tək mən demirəm. Kursları, seminarları görən şəxslərin hamısı təsdiqləyə bilər. Amma Ukrayna aşağı yaş qruplarında dünya çempionu ola bilir. Səbəbi o deyil ki, onların məşqçiləri çox savadlıdır. Ona görə ki, onların çempionatları, hər regionda futbol olması və rəqabətdən oyunçular yetişir və gəlib çempion olurlar. Bizdə bu baxımdan çatışmazlıq hiss olunur. Hesab edirəm ki, digər ölkələrlə müqayisədə bizdə futbol yalnız AFFA-dan soruşulur. Regionlarda icra hakimiyyətləri futbolla bağlı heç bir iş görmür. Məncə, ən böyük səbəblərdən biri budur. Sözsüz ki, əlavə səbəblər çox sadalamaq olar. Bizim çempionatda səkkiz klubun olmağı uşaq futbolunun inkişafına xələl gətirir. Nə qədər çox klub, akademiya olsa, bir o qədər çox uşaq futbolla məşğul ola bilər. Bu bir tərəfidir. Digər tərəfi klubların özlərinin də uşaq futbolunun inkişafına laqeyd yanaşmağıdır. Əminəm ki, bu gün qərar çıxsa ki, UEFA yarışlarında iştirak etmək üçün akademiyanın olmağı vacib deyil, bizim Premyer Liqa klubları akademiya saxlamaz. Məşqçilər “B” lisenziyası çərçivəsində əks-hücum məşqi keçməlidirlər. Əks-hücum məşqi üçün ən azından 70 metr meydança lazımdır. 70 metrlik meydança olmadığı halda məşqçi əks-hücum məşqini necə keçə bilər? Klublar məşq üçün meydançanın yarısını verirlər. Çünki beş komanda bir yerdə məşq edir. Bu cür problemləri görəndən sonra fikirləşirsən ki, klublar akademiyaları sadəcə qaydalara əməl etmək üçün saxlayırlar. Bütün klublara şamil etmək istəmirəm. Çünki, infrastruktur baxımından "Qəbələ"yə bunu deyə bilmərəm. Bu klubun maddi cəhətdən problemləri yarandı. Buna qədər aşağı yaş qruplarında bəlli bir səviyyədə məşqləri, infrastrukturları var idi. "Neftçi" hazırda akademiya tikməyə çalışır. Amma digər klublara baxsaq, infrastruktur baxımından çatışmazlıq var və bu da inkişafın aşağı düşməsinə səbəb olur”.
Bilirik ki, uşaq futbolunda çalışan məşqçilərin arasında xarici ölkələrdə təcrübə keçənlərin sayı azdır. Məşqçilərin inkişafı üçün isə bu amil çox vacibdir. Aslan Kərimov bu məsələyə də münasibət bildirdi: “PRO kateqoriyasında məşqçilər hansısa TOP səviyyəli bir akademiyaya gedib onların strukturu, fəlsəfələri haqda məlumat toplayıb, gəlib həmkarları ilə paylaşmaq məcburiyyətindədir. Nə qədər böyük təcrübən olsa, özünü müqayisə edə bilirsənsə, bir o qədər də öyrənmə prosesi, inkişaf daha yaxşı olacaq. Əslində, bizim məqsədimiz Belarusa gedib onların akademiyasına baxmaq deyil. TOP səviyyədə olan İngiltərə, İtaliya, Almaniya, Fransa, Portuqaliya, İspaniya, Niderland kimi ölkələrdə təcrübə keçməkdən söhbət gedir. Amma bu, həm də maddiyyata bağlıdır. Uşaq məşqçiləri üçün təşkil edilən kurs olaraq bizim o qədər imkanlarımız yoxdur ki, hamını xaricə göndərək. Bir məşqçinin xaricə gedib qayıtması bəlli səviyyədə pul tələb edir. Biz məşqçilərdən bunu tələb edə bilmərik. “C”, “B”, “A” kateqoriyasında iştirak edən məşqçilərə deyə bilmərik ki, mütləq hansısa ölkəyə gedib təcrübə toplamalısan. Kurslarda məşqçilərə ən çox tövsiyyə etdiyimiz məqam imkanları olduğu qədər ölkədən kənara çıxıb xarici klublara nəzər yetirmələridir. Aşağı yaş qruplarında işləyən məşqçilər nə qədər kənara çıxıb görə bilsə, onların inkişafı üçün bir o qədər əlverişlidir. "Qəbələ" zaman-zaman məşqçilərini yarışlara göndərirdi. 10-12 yaşlı komandalar Niderlandda, Türkiyədə turnirlərdə iştirak edirdilər. Məşqçilər orada müqayisə edə biləcək nələrsə görüb gəlirdilər. Amma bunu kursun tərkibində etmək bizim üçün imkansızdır. Məşqçilərdən bunu tələb edə bilmərəm. Bizim qoyduğumuz tələblər UEFA-nın tələblərinə uyğunlaşdırılmış şəkildədir”.
Uşaq komandalarımızda olan çatışmazlıqlardan biri də fiziki hazırlıq məşqçilərinin olmamağıdır: “Fiziki hazırlıq bir az qlobal məsələdir. Akademiyada minimum iki fiziki hazırlıq üzrə məşqçi olmalıdır ki, bütün yaş qruplarına lazım olanı versin. Fiziki hazırlıq üzrə məşqçi deyəndə düşünmək lazım deyil ki, 12 yaşlı uşaqları qaçırmaq lazımdır və s. Söhbət ondan getmir, amma ümumi bədənlərinin inkişafı üçün bəlli məşq formaları var ki, onları keçməlidirlər. Amma bu məşq zamanı olmalı deyil, ayrıca bir vaxtda təşkil olunmalıdır. Fiziki hazırlıq məşqçisi həm də koordinasiyaları yaxşılaşdırmalıdır. Koordinasiya top hissiyyatı, yıxılmaq, balanslar və bu cür başqa şeylərdir. Digər tərəfdən də fiziki hazırlıq məşqçisi o demək deyil ki, yüngül atletikadan bir nəfəri gətirib məşqçi təyin etmək lazımdır. Həmin məşqçinin uşaqlara nə qədər futbola uyğun şəkildə fiziki hazırlıq keçəcəyi sual altındadır. Klublardan soruşsaq ki, niyə fiziki hazırlıq məsqçiniz yoxdur, deyəcəklər ki, kimi gətirək? Xaricdən mütəxəssis gətirmək xeyli pul tələb edir. O pulu akademiyanın digər xərclərinə ayırırlar. Burada haqlı olacaqlar. Yerli mütəxəssislər üçün fitneslə bağlı seminarlar keçiririk. Amma bu, kifayət deyil. Bu, mütəmadi şəkildə kurs kimi olmalıdır. Bunun da keçirilməsi üçün baza biliklərinin olması həddən çox vacibdir. Anatomiyanı yaxşı bilən, futbolu bilməyən adamlar da var. Həm anatomiyanı, həm də futbol məsqçiliyini bilən məşqçimiz yoxdur. Baza bilikləri olmadığı halda, fiziki hazırlıq məşqçisi olmaq çətin məsələdir. Yeri gəlmişkən, onu da qeyd edim ki, dəfələrlə Cahangir Həsənzadə UEFA-ya müraciət edib ki, bizdə çatışmayan cəhətlərdən biri də fiziki hazırlıq üzrə məşqçilərin olmamasıdır. Biz istəyirik ki, mütəmadi olaraq bununla bağlı kurslar keçirilsin. Bu məsələ ilə bağlı UEFA ilə danışıqlar aparırıq. Bu il və ya növbəti il bunu başlamaq istəyirik. Başlamazdan əvvəl fitneslə bağlı işləmək istəyən adamlar da olmalıdır. Hər akademiyada fiziki hazırlıq məşqçisinin olması vacibdir”.
Maraqlısı odur ki, bir yaşa qədər bizim uşaqlar əcnəbi həmyaşıdları ilə başabaş oynaya bilsələr də, böyüdükcə səviyyə fərqi yaranır. Aslan Kərimov bunun səbəblərini belə izah edir: “Aşağı yaş qruplarında harada oynamaqlarından asılı olmayaraq, uşaqlar bir-birindən o qədər də fərqlənmirlər. Çünki, o yaş dövründə bütün uşaqlar bacarıq etibarilə demək olar ki, eyni olurlar. Statistikaya görə bilirik ki, ümumiyyətlə inkişaf etmiş ölkələrdə belə, akademiyanın içindən maksimum 1-3 faizə qədər peşəkar səviyyəli oyunçu çıxa bilir. Bunun bir çox səbəbləri var. İspaniyada belələri niyə daha çox olur? Çünki orada akademiyada eyni yaş qrupunda bir neçə komanda var. Ola bilər İspaniya doğru müqayisə deyil. Onların ənənəsi var, ölkə olaraq böyükdür, əhalisi çoxdur. Amma Serbiya, Danimarka, Belçika, Niderlandı götürsək, orada komandaların sayı çoxdur. Serbiyada qeydiyyatdan keçmiş komandaların sayı 18 mindən çoxdur. Nə qədər çox uşaq futbol oynasa, o qədər də çox futbolçu yetişər. İcra hakimiyyətləri istəsə, hər rayonda 4-5 uşaq komandası yarada bilərlər. Məşqçilərin savadı aşağı olsa belə, uşaqlar nə qədər çox oynasalar, oradan futbolçu çıxacaq. Komanda sayı çox olmalıdır ki, 17 yaşına çatmış futbolçular haradasa oynamaq şansı qazana bilsinlər. Bütün 17 yaşlıların "Qarabağ"da oynamaq şansı yoxdur. Çünki, komandanın məqsədi var - Avropa Liqası, Çempionlar Liqasında iştirak etmək istəyirlər. Orada eksperiment etmək, gənc oyunçuya şans vermək imkanı yoxdur. Amma elə komandalar ola bilər ki, nə avrokubok şansı, nə aşağı liqaya düşmək ehtimalı olsun. Onlar gənc futbolçuları oynada bilərlər. Belə komandalar nə qədər çox olsa, bu uşaqlar oynamaq şansı qazanacaqlar”.
Elçin Əlixan
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.
saytlarin hazirlanmasi