"Zəngəzur"un prezidenti: "Xarici klublarla işbirliyi etməliyik" - MÜSAHİBƏ

19:19 - 27 Noyabr 2022

Təməl prinsipləri və ya hər şey sıfırdan başlayır. Bu teorem həyatın bütün sferalarında olduğu kimi idman növlərinə, ələlxüsus, futbola da aiddir.

Bütün dünyada əsas diqqət uşaq futboluna, akademiyalara verilir. Azərbaycanda peşəkar klubların futbol akademiyaları ilə yanaşı özəl futbol məktəbləri də fəaliyyət göstərir. Onlardan biri də "Lamasya" uşaq futbol məktəbidir. Bu klubu digərlərindən fərqləndirən əsas məsələlərdən biri, yeni yaranmasına baxmayaraq, daim ölkə xaricində turnirlərdə iştirak etməsidir. Klub "Lamasya" adı ilə yaradılsa da, artıq "Zəngəzur"a dəyişdirilib. Klubun 29 yaşlı prezidenti Rəhmanlı Şahin elə "Zəngəzur"un məqsədlərindən söz açıb.



- "Lamasya" klubunu yaratmaq fikri sizdə necə yarandı? 
- Ali təhsil aldığım vaxtlardan futbol sahəsində klub yaratmağı, futbolun inkişafı üçün layihələr ərsəyə gətirmək planlarım olub. 2015-ci ildən həvəskar səviyyədə böyük və minifutbolda bir neçə kluba rəhbərlik etmişəm. 2021-ci ildə uşaq futbolunda məktəb yaratmaq layihəyimizi reallaşdırdıq. Uşaq futbolundakı layihəmiz isə təcrübəli bir neçə məşqçi ilə tanışlıq sonra ərsəyə gəldi.



- Əvvəl "Lamasya", sonra "Zəngəzur" . Komandanın adını niyə dəyişdiniz?
- Klubumuz fəaliyyətə başlamamışdan qabaq çox ad fikirləşirdik. Düşündük ki, əgər futbolda uşaqların texniki təməl baza anlayışını, topla davranışından inkişafa başlayırıqsa, topla oyun dedikdə, ağıla "Barselona" gəlir. Onların da məktəbi "Lamasya"dır. Biz də uşaqlara bu futbolu aşılayacağımız üçün klubumuzu "Lamasya" adlandırdıq. Təbii ki, bu, ilk mərhələ idi. Əsas fikrimiz keyfiyyətdir. Daha yaxşı uşaqlar yetişdirməli olduğumuz üçün daha ciddi, şəraiti olan layihələrlə dolu təklifə yox demədik. Elə hamımız üçün dəyərli olan "Zəngəzur" adına keçdik.


 

- Komanda turnirlər üçün tez-tez xaricə turnirlərə səfər edir. Maraqlıdı, maliyyə məsələlərini necə qarşılayırsız?
- Komanda həm öz kapitalı, həm də sahibkar və iş adamlarının dəstəyi ilə, həmçinin xırda sponsorluq müqavilələri, valideynlərdən gələn ianələrlərlə fəaliyyət göstərir. Turnirlərə də bu cür yollanırıq. Daha maraqlı, tanınmış, elit turnirlərdə iştirak etmək fikrimiz var.

- Uşaq futbolundan əlavə, səhv etmirəmsə, minifutbol liqasında da komanda ilə təmsil olunursuz...
Məşqçilərimiz arasında minifutbol millisində çıxış edən oyunçular var. Onlarla işbirliyində olan məşqçilərimizin də olmasını nəzərə alaraq, federasiyadan gələn təklifi dəyərləndirdik. Beləliklə, maraqlı turnirə qatılmaq qərarı aldıq. Çalışacağıq ki, uğurlu nəticə əldə edək. Təbii ki, planlarımız arasında, gələcəkdə böyük yaş qruplarında və birinci liqa üçün oyunçular yetişdirərək həmin çempionatlarda da iştirak etmək var.


- Bu yaxınlarda mətbuatda "Altınordu"dan əməkdaşlıq təklifi aldığınızla bağlı xəbərlər çıxmışdı. Bu barədə məlumat verərdiniz... 
- 2022-ci ildə Türkiyədə 4 turnirdə iştirak etmişik. "Altınordu", "Fənərbaxça", "Qalatasaray", "Bursasapor" və digər komandalarla oyunlar oynamışıq. Bizim oyunçularla ciddi maraq göstərdikdən sonra bəzi klublardan işbirliyi təklifi aldıq. Həm də, "Altınordu" ilə Azərbaycan futbolu arasında "Zəngəzur" vasitəsi lə ilə körpü yaratmaq planlarımız var. Hazırda onlarında düşərgəsində bir oyunçumuz iştirak edir. Yenə də, ora oyunçular göndərə bilərik.




- Ölkənin tanınmış uşaq məşqçilərindən sayılan Azər Cabbarov sizin futbol məktəbində çalışır. Onunla işbirliyiniz necə yarandı?
Azər Cabbarovu illərdir ki, tanıyıram. Son iki il ərzində onun ideya və layihələri əsasında bu işi görmək qərarına gəldik. Yanaşması və uşaq futbolunda yaxşı nəticələri bizi eyni məqsəd üçün çalışmağa gətirib çıxardı. 


- Klub prezidenti kimi hansı çətinlikləriniz olur? Həmin problemləri necə aradan qaldırırsız?
Müəyyən əngəlllər var. Amma işbirliyi ilə komandamız həmin çətinliklərin öhdəsindən gəlir. Sponsorlarımızla işbirliyimizi 2023-cü ildə daha da möhkəmləndirmək istəyirik. Bununla yanaşı, hər yaş qrupuna ayrıca dəstək tapmaq planımız var.  Artıq bir neçə yaş qrupunda bu alınır. Düşünürük ki, həmin variant öz effektini verəcək.


- "Zəngəzur" adı ilə böyük futbolda komanda yaratmaq planı var? 
Oyunçu bazamız olduqdan sonra yaxın gələcəkdə Region və birinci liqada futbola başlamağı qarşımıza məqsəd qoymuşuq.
 



- İllərdir ki, hamı uşaq futboluna diqqət ayrılmalı olduğunu deyir. Sizcə, yetərincə diqqət var?
İş adamlarının dəstəyi özəl sektor və innovativ işlərlə inkişaf mümkündür. Biz bunu pilot layihə kimi edirik. Yeni nəsilə, gənclərə inanmaq lazımdır. Kütləviliyi, həmçinin rəqabəti artırmaq üçün xarici klublarla işbirliyi etməliyik. Savadlı məşqçilərimizin sayı da artıb.


 

- Məsələn, uşaq futbolunun daha yaxşı duruma gəlməsi üçün nə təklif edərdiniz?
Bizim yanaşmamız belədir ki, 12 yaşa qədər olan uşaqlara futbolu sevdirək, onlar arasında kütləvilik yaradaq. Bununla yanaşı, təməl baza anlayışlarını onlara aşılayaq. Qısacası, fikrimiz topu, meydançanı, uşaqlarımıza daha yaxşı aşılamaq, öyrətməkdir. 

Mirbağırağa Cəfərli     

Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu - YAZI XXII    

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb. 

Xəbər xətti