Vüqar Əsgərli: "İşimiz gəncləri inkişaf etdirməkdir"

18:10 - 23 Dekabr 2022

"Şamaxı" Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Neftçi"yə 0:3 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında bölgə təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırıb:

 

- Əvvəldən də bilirdik ki, çox çətin olacaq. "Neftçi"nin oyunu göz qabağındadır. Birinci hissədə qol imkanlarımız var idi. Sadəcə olaraq yararlana bilmədik. "Neftçi" təcrübəsindən istifadə edib qol vurdu. İkinci hissədə rəqib çox üstün oyun nümayiş etdirdi. Buna baxmayaraq, futbolçularımı təbrik edirəm. Bu, bizim ikinci dövrədə ikinci məğlubiyyətimizdir. Futbolçularımızla fəxr edirik. Hər zaman onların arxasında dayanmışıq. 

 

- İkinci hissədə nəyi düzgün etmədiz?

- Çox önə atıldıq. İstəyirdik ki, qol vuraq. İtkilərimiz də var idi. Birinci hissədə Qurban Səfərov sarı vərəqə aldığına görə ris etmədik, onu əvəzlədik. Gəncdir, qırmızı vərəqə alıb həvəsdən düşə bilərdi. Həmin mövqeni doldura bilmədik. Ümumi olaraq da boşluqlar verdik.

 

- Qurban Səfərovda intizamla bağlı problem görünür. Bunu aradan qaldırmaq üçün tədbir görürsüz?

- Çox işlər görürük. Perspektivli futbolçudur, onu itirə bilmərik. Oyundan əvvəl çox istəkli olur. Bu aldığı sarı vərəqədə intizamsıqlıq yoxdur. 

 

- Elvin Məmmədovun yoxluğu hiss olunur. Qışda pleymeyker və dayaq yarımmüdafiəçisi transferi gözlənilir?

- Düzdür. Elvinin yoxluğu oyunumuza təsir göstərir. Bir neçə mövqedə problemlərimiz var. Gənc oyunçular axtarırıq. İşimiz gəncləri inkişaf etdirməkdir. Biz bir-iki nəfərdən formalaşmamışıq. Amma Elvin Məmmədovla Adil Nağıyev kimi təcrübəli futbolçuların olmağı bizim üstünlüyümüzdür. 

 

- "Şamaxı"ya qol vurmaq çətin olur həmişə. Bu gün nə baş verdi ki, belə böyükhesablı məğlubiyyət qeydə alındı?

- Eyni qaydada davam edirdik. Buraxdığımız qollar diqqətsizlikdən oldu. Ümumi götürəndə müdafiə planında yaxşı oynamışıq. 

 

- Rauf Əliyev, Əfran İsmayılov və Elvin Yunuszadənin transferi planınızda var?

- O haqda danışmırıq. Əvvəllər planda var idi. Amma indi istəyirik ki, sırf gənc oyunçular transfer edək. Kifayət qədər təcrübəli futbolçumuz var. Amma həyatdır, bilmək olmaz. Sabahdab trabsfer işləri ilə məşğul olmağa başlayacağıq. 

 

Elçin Əlixan

Xəbər xətti