"Lerik" Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində "Füzuli"ni 1:0 məğlub edərək ikinci mərhələyə adlayıb. Cənub təmsilçisinin bu mərhələdəki rəqibi "Sumqayıt" olacaq. "Lerik"in baş məşqçisi Vidadi Hüseynov Sportal.az saytına müsahibəsində komandasının ilk mərhələdəki performansını dəyərləndirib, həmçinin "Sumqayıt"la görüşdəki şanslarından danışıb.
- Matçla bağlı fikriniz necədir?
- Oyun çox ağır keçdi. Rəqibi tanıyırdıq, onlarla bir müddət əvvəl oynamışdıq, matç da 1:1 bitmişdi. "Füzuli" güclü komandadır. Şəxsən mən Amit Quluzadənin komandadan gedişinə çox heyfsləndim. Çünki yaxşı komanda yığmışdı. Allah yolunu açıq etsin. Oyuna gəldikdə, yaxşı hazırlaşmışdıq. Əsas odur ki, mərhələni keçdik."Sumqayıt"la oyuna da baxarıq.
- Kubok oyunu öncəsi "Füzuli"də baş məşqçi istefası sizin xeyrinizə işləmişdi?
- Şəxsən mən Amiti tanıyırdım. O, yaxşı futbolçu olub. Amitin gedişi özüm üçün birmənalı qaldı. Bu cür komanda ortaya çıxarmışdı. Yəqin ki, ən yaxşısını özü bilər. Ona bundan da yaxşı komanda arzulayıram. "Füzuli"nin elə təmsil etdiyi Füzulidə oynamasını istəyərdik. Oralarda oynayardıq, Füzulini biz də görərdik. Bu komandaya uğurlar arzulayıram.
- Növbəti mərhələdəki rəqibiniz "Sumqayıt"dır. Bu oyun haqda fikriniz necədir?
- "Sumqayıt"ın həm oyunçuları, həm də baş məşqçisi ilə tanışıq.
- Onlardan qorxmursuz?
- Xeyr. Qorxası bir şey yoxdur. "Sumqayıt" çox yaxşı komandadır. Keçən ilə baxanda, bu mövsüm Samir Abasov çox yaxşı komanda yaradıb. Məşqçilər korpusunun hamısını yaxından tanıyıram. Çalışacağıq ki, "Sumqayıt"a qarşı yaxşı oyun göstərək.
- Premyer Liqa klubuna qarşı oynayacaqlarına görə futbolçularınızın motivasiyası yüksəkdir? Arzuolunmaz nəticə ola bilər...
- Futbolda hər şey ola bilər. Çalışırıq ki, futbolçulara gələcəyinə motivasiya verək. Axı tək "Lerik"lə futbol bitmir. Öz azarkeşlərimizin qarşısında oynasaq...Onu arzulayırıq. Deputatımız, Lerik İcra Hakimiyyətimiz yaxın günlərdə dövlət səviyyəsində bu məsələni qaldırıb. Arzulayırıq ki, gələn il öz azarkeşlərimiz qarşısında oynayaq. Onda rəqiblərə şans vermərik.
- Böyük futbolda cənub bölgəsini siz təmsil edirsiz...
- Vaxtı ilə "Masallı", "Xəzər Lənkəran" kimi komandamız olub. Onları da, Astaranı, Cəlilabadı, Biləsuvarı da böyük futbolda görərik. Arzu edirik ki, bu zonada 10 komandamız olsun. Başımızın ucalığı olardı. İdman olan yerdə, tərbiyə, qabiliyyət, qanacaq olur, sağlam ruh olur.
- Uşaqları nə qədər mükafat gözləyir?
- Bəli, mükafat ayırmışdıq. Normal mükafatdır. Oyun bitən kimi, tərli-tərli onlara mükafat təqdim edildi.
Mirbağırağa
saytlarin hazirlanmasi