"Başqa əcnəbinin dəvət olunmağındansa, Canni De Byazinin qalmasını məqsədəuyğun hesab edirəm" - MÜSAHİBƏ

15:18 - 19 Noyabr 2023

Azərbaycan millisinin sabiq kapitanı Rail Məlikov Sportal.az saytına müsahibə verib.

- Bu gün Azərbaycan millisi Belçikaya qarşı oynayacaq. Sənin də oynadığın vaxtda Bakıda onlardan bir xal almışdınız. Bu dəfə səfərdə nə etmək mümkündür?

- Vaxtı ilə Belçika ilə bərabərə qalmışıq. Bəli, həmin oyunda mən də oynamışdım. İsveç üzərindəki qələbəmiz oyunçularımıza yaxşı motivasiya verəcək. Belçika qrupun liderlərindən biridir, evdə də yaxşı oynayırlar. Bakıda onlara qarşı oynamışdıq. 0:1 uduzsaq da, yaxşı oynamışdıq. Bu gün Brüsseldəki matç isə ağır oyun olacaq. Millimizin qələbə qazanmasını istəyərdim. Lakin çətindir. Xeyirlisi nədirsə, o da olsun.

- Bəhlul Mustafazadə İsveçlə matçda qırmızı vərəqə ilə cəzalandırıldı deyə, bu gün oynamayacaq. Bunun yığmamıza təsiri olacaq?

- Bəhlul hazırda milli komandamızın önəmli, açar oyunçularından biridir. Müdafiədənin lideridir. Onun yoxluğu müdafiədə boşluqlar yaradacaq. Çünki indi yaxşı formadadır. Milli elə olmalıdır ki, əvəzedilməz oyunçusu görülməməlidir. Sadəcə, Bəhlul olsaydı, daha yaxşı idi. Çünki Belçika milli komandasının taran tipli oyunçular var. Onun olmaması itkidir. Allah qoysa, ehtiyatda olan milli üzvləri bunu biruzə verməməyə çalışacaqlar. 

- Azərbaycan millisinin İsveç üzərində qazandığı qələbəni necə şərh edərdin?

- Möhtəşəm. Əvvəl də demişdim ki, milliyə inanıram və qələbə gözləyirəm. Bunu etdilər, azarkeşləri sevindirdilər. 10 nəfərlə qalsaq da, yığma komanda əzmkar oynadı, döyüşdülər. Əsas odur ki, döyüş ruhumuz yaxşıdır. Gözəl oyunla qalib gəldik.

- Ümumiyyətlə, matçdan öncə bu cür hesabın qeydə alınacağını ehtimal edərdin?

- Belə hesabı yox, amma qələbəni gözləyirdim. Düşən imkanlardan istifadə etdik. Futbolun da ən uğurlu olması odur ki, fürsəti dəyərləndirirsənsə, komandaya özgüvən gəlir və rahat oynayırsan. Belə hesabın olmasını heç kim gözləməzdi. Şükürlər olsun ki, bunu etdik.

- Əslində, İsveçin qrupdan çıxmaq üçün heç bir iddiası qalmamışdı. Bunun qələbəmizdə təsiri oldu, yoxsa necə?

- Bunu çox adam belə deyə bilər. Amma İsveç millisi heç vaxt istəməzdi ki, Bakıda, özündən reytinqdə aşağı olan komandaya uduzsun. Baş məşqçinin aqressivliyindən görünürdü ki, onlar Bakıya qələbə üçün gəlmişdi. Qrupdan çıxmadılar deyə, zəif oynadılar deyə bilmərəm. Haqqını demək lazımdır, millimiz çox yaxşı oynadı. Milli ən yaxşı oyunlarından birini oynadı. Belçika ilə Bakıda da yaxşı oynamışdıq. Qələbə qazanmamışdıq. Amma yaxşı oyun sərgiləmişdik. İsveçlə görüşdə isə yaxşı oyun və yaxşı qələbə alındı.

- Emin Mahmudovun vurduğu qolu necə şərh edərdin?

- Emin Mahmudovun qolu fantastik idi. Millimizdə texniki zərbələri oyunçularımızdan birincisidir. İnanıram ki, Emin qola qədər qapıçısının önə çıxdığını görmüşdü. Ramil Şeydayev və Toral Bayramovun da fürsəti var idi. Emin əla qol vurdu. Sübut etdi ki, istedadlıdır, yığmanın lideridir.

- Milli son tura qədər qrupu üçüncü bitirmək şansını saxlayır. Canni De Byazi məsələsi hələ də açıq olaraq qalıb. Səncə, italiyalı işinə davam etməli və növbəti tsikldə qarşısına qrupdan çıxmaq iddiası qoyulmalıdır?

- Bu yöndə tənqidlər az deyil. Dəfələrlə demişəm ki, De Byazini göndərib yerinə əcnəbi məşqçi gətirəcəyiksə, italiyalının qalması məqsədəuyğundur. Çünki milli də son oyunlarda əzmkarlıq var, yaxşı oyun stilimiz yaranıb. Gələn məşqçi də 3-4 il vaxt istəyəcək. Canni De Byaziyə bu qədər vaxt verilib. Başqa əcnəbi məşqçinin dəvət olunmağındansa, Canni De Byazinin qalmasını məqsədəuyğun hesab edirəm. Qalsa, gələn tsikldən qarşısına qrupdan çıxmaq məqsədi qoyulsa, razı olacaq ya, yox, bilmirəm. 

Mirbağırağa

Xəbər xətti