Azərbaycan yığmasının sabiq qolkiperi: "Lukaku təkbaşına millimizi məğlub etdi"

09:49 - 22 Noyabr 2023

Azərbaycan milli komandasının veteran qolkiperi Aleksandr Jidkov Sportal.az saytına açıqlama verib. 

O, Canni De Byazi və millimizin gələcək mümkün baş məşqçi namizədi haqda danışmasa da, Belçikaya 0:5 hesablı məğlubiyyətinə şərh verib:

"Millimiz İsveçi məğlub etdi, görünürdü ki, komandanın əhval-ruhiyyəsi də yaxşı idi. Bu cür də Belçika ilə oyuna çıxdılar, hətta ilk 10 dəqiqəni yaxşı oynamışdılar. Problem ondadır ki, biz Belçika kimi rəqibə qarşı azlıqda oynaya bilmərik. Eddi İsrafilovun gördüyü qırmızı vərəqə isə anlamsız idi. Bu mənada, millini yaxşı və ya pis oynaması ilə bağlı mühakimə etmək doğru olmaz. Görünən o oldu ki, biz Lukaku və ümumilikdə Belçika yığması ilə rəqabət apara bilmərik.

Hamımız şahidi olduq ki, Lukaku təkbaşına Azərbaycan millisini məğlub etdi. Güc və texnika baxımından belçikalılar bizdən çox üstün idilər. Bəli, xoaşgəlməz hesab qeydə alındı. Lakin Azərbaycan çox səviyyəli komandaya uduzduq. Digər məsələləri isə zamanla görəcəyik".

Mirbağırağa
 

Xəbər xətti