"Neftçi"nin legioneri: "Qarabağ"la xal fərqimiz çoxdur, amma mövsümün sonuna çox qalıb"

12:53 - 6 Dekabr 2023

"Nə özümün, nə də digər hücumçularımızın performansından razıyam. Əsas işimiz qol vurmaqdır, bunu edə bilmirik. Bura çempionat davam edə-edə gəlmişdim. Azərbaycana adaptasiya olmağa çalışdım. Oynamırdım. Baş məşqçimiz son matçlarda mənə şans verir. İnanın ki, həftəboyu öz üzərimdə çox çalışıram. Ki, qol vurub komandaya xeyir verim. Hələ ki, alınmır. Çalışacam ki, öhdəsindən gəlim".

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi”nin forvardı Lukas Melano bu gün keçirilən mətbuat konfransında deyib. O,  "Qarabağ"la "Neftçi" arasındakı xal fərqindən söhbət açıb: "Mövsümün sonuna çox qalıb. “Qarabağ”la xal fərqimiz çoxdur, böyük görünür. Lakin futbolda hər şey mümkündür. Təkcə onlarla oyuna deyil, bütün görüşlərə köklənmək lazımdır. Bütün matçlarda xal itirməməyə çalışmalıyıq. “Qarabağ”la öz aramızdakı matçlarda isə maksimum xal qazanmaq istəyəcəyik".

Melano, ABŞ-da "Qarabağ"ın sabiq forvardı Samuel Armentorrosla komanda yoldaşı olmasını da xatırlayıb: "Bəli, Samuellə çox yaxşı münasibətimiz var. Onunla tez-tez danışırdıq, ümumi mövzular çox olub. Sırf Azərbaycan haqda danışığımız olmayıb. Samuel də zəngin karyeraya malikdir. Oynadığımız ölkələr, klublar haqda danışırdıq. Hazırda MLS daha çox inkişaf edib. Bilmirəm, ora qayıtmaq qismət olacaq ya, yox. Ancaq karyeramı bitirdikdən sonra ABŞ-da yaşamaq istəyirəm. “Neftçi”yə yeni gəlmişəm. İstəyirəm ki, burada uğurlar əldə edim. MLS-də olduğum vaxtda Zlatan İbrahimoviç, Andrea Pirlo, Didye Droqaba, Frank Lemparda qarşı oynamışam".

Mirbağırağa

Xəbər xətti