"Qriqorçuk çempionatın səviyyəsini yaxşı bilir, bu da "Neftçi"yə kömək olacaq"

11:48 - 7 İyul 2024

Azərbaycan millisinin Ukrayna əsilli sabiq futbolçusu Aleksandr Çertoqanov Sportal.az saytına açıqlama verib.

"Neftçi"də də oynamış Çertoqanov Roman Qriqorçukun "ağ-qaralar"a baş məşqçi təyin olunmasına münasibət bildirib.

Onun sözlərinə görə, ukraynalı mütəxəssis paytaxt klubuna uğur qazandıracaq:

"Roman Qriqorçukun "Neftçi"yə baş məşqçi təyin olunmasını gördüm. Məncə, yaxşı təyinatdır. Qriqorçukun "Neftçi"də yaxşı komanda yaradacağına inanıram. Çünki o, yaxşı məşqçidir. İşini də hər yerdə görmüşük. Ona görə də, "Neftçİ"də yaxşı komanda yaradacağına, yaxşı işlər görəcəyinə inanıram. Məncə, o, bu komandanı yuxarılara daşıya biləcək. Doğrudur, futbolda zaman məsələsi də önəmlidir. Vaxtı ilə "Qəbələ"də baş məşqçi kimi işləyib. Təbii ki, bu da "Neftçi"nin "Qarabağ"la çempionluq mübarizəsində ona kömək ola bilər. Qriqorçuk Azərbaycan çempionatının səviyyəsini çox yaxşı bilir, oradakı futbola çox yaxşı bələddir. Heyətlə bağlı məsələyə gəlincə, təbii ki, buna baş məşqçi qərar verəcək. İstənilən halda, onun "Neftçi"də görmək istəyəcəyi futbolçular olacaq. Necə alınacağını zaman göstərəcək"

Xəbər xətti