"Millimizdə inkişaf var, gələcəyə nikbin baxıram" - MÜSAHİBƏ

20:22 - 15 Oktyabr 2024

Azərbaycan milli komandasının sabiq müdafiəçisi Deni Qaysumov Sportal.az saytına müsahibə verib. 

- Milli komandamız Slovakiyaya da uduzdu. Bu görüşdə yığma komandamızın məğlubiyyətini necə şərh edərdiniz?

- Oyunçularımızın əhval-ruhiyyəsində nəzərəçarpacaq dərəcədə dəyişikliklər var idi. Onlar hərəkətli idilər, istəkli görünürdülər. İnamlı idilər, nəyi necə etmək lazım olduğunu yaxşı anlayırdılar. Qol epizodlarımız da az deyildi. Hesabı artırmaq da mümkün idi. Amma bəxtsizlik oldu.

- Mahir Emreli qırmızı vərəqə ilə cəzalandırıldı. Onun məsuliyyətsizlik etməsinə münasibətiniz necədir?

- Matçın gedişatı demək olar ki, komandamızın nəzarətində idi. Amma meydandan qovulmaq...Mahir Emrelinin aktivində sarı vərəqə var idi, nəyə görə yenə qaydanı pozdu? Rəqib qapımızdan uzaqdadır, heç bir təhlükə yoxdur, niyə qaydanı pozursan? Mahir Emrelinin qırmızı vərəqə ilə cəzalandırılması hər şeyi sındırdı. 

- Fernandu Santuş yalnız səbir etməli və gözləməli olduğumuzu deyir...

- Baş məşqçi işə yenicə başlayıb. Təbii ki, ona və komandaya vaxt lazımdır. Səhv etmirəmsə, komandamızın heç bir yoxlama oyunu olmadı. Ona görə də məşqçi komandanı rəsmi oyunlar vasitəsilə hazırlayır, daha yaxından tanıyır.

- Belə davam edəcəyi təqdirdə, Azərbaycan millisi Millətlər Liqasında D liqasına düşə bilər...

- Ümid edirəm ki, bu liqada qalacağıq.

- Estoniya və İsveçlə görüşlərdə millimizin qələbə qazanmaq potensialı var?

- Azərbaycan millisində inkişaf var. Ona görə də, bizim uşaqlar bu matçlardan əvvəl inam verir. Qalan matçlara nikbin baxıram. Ümidvaram ki, həmin görüşlərdə uğurlu nəticələr olacaq. Mən millinin Estoniya və İsveçlə matçlarda yaxşı nəticə qazanacağını düşünürəm.

- Kapitanlıq sarğısının Emin Mahmudovdan alınmasına, öncə Abbas Hüseynov, daha sonra Bədavi Hüseynova verilməsinə münasibətiniz necədir?

Görünür ki, Fernandu Santuş hər şeydə lider axtarır. Həm paltardəyişmə otağında, həm meydançada. 

Mirbağırağa
 

Xəbər xətti