"Araz-Naxçıvan"ın qolkiperi Kristian Avram Sportal.az saytına müsahibə verib. Moldovalı qolkiper bu gün Misli Premyer Liqasının 13-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəkləri görüşdən gözləntilərini bölüşüb.
- Sonuncu dəfə üçüncü turdan təxirə salınmış matçda "Zirə"ni səfərdə məğlub etdiniz. Görüş sizin üçün necə alındı?
- Çox yaxşı oyun oldu. Biz bilirdik ki, çox ağır, çətin oyun olacaq. Amma sona qədər mübarizə apardıq. Nəticədə qələbə qazandıq. Həqiqətən çox yaxşı idi.
- Bir müddət əvvəl "Zirə" ilə 1:1 bərabərə qalmışdınız. Bu dəfəki matç fərqli alındı, yoxsa oxşar görüşlər idi?
- Hər iki görüş arasında çox müddət olmadı. Amma fərqli-fərqli oyunlar idi. Məncə, bu dəfəki görüşdə sanki sonluğu daha yaxşı gətirdik. Ona görə də sonda qələbə qazanmağı bacardıq. "Zirə"ni səfərdə məğlub etməyimiz bütün komandamızın əməyidir. Məşqlərdə etdiklərimizi oyunda tətbiq etməyi bacardıq. Ona görə də sonda qələbəni qazandıq.
- "Araz-Naxçıvan" çempionatda təkcə "Qarabağ"a məğlub olub, o da mövsümün ilk oyununda. Maraqlıdır, həmin məğlubiyyyətdən sonra komanda özündə necə güc tapdı?
- "Qarabağ"a məğlubiyyətdən sonra komandamız çox yaxşı reaksiya verdi. Biz hamımız birlikdə irəliyə gedirik. Bu isə hamımız üçün çox vacibdir. Yaxşı komandamız var. Daim ən yaxşısını etməyə can atırıq.
- "Sumqayıt"la görüş haqda fikrin necədir? Hansısa yorğunçuluğunuz olmayacaq?
- "Zirə" ilə matçdan sonra artıq "Sumqayıt"la oyuna hazırlaşdıq. Təbii ki, məşqçilər korpusu rəqib haqda bizə məlumatları verib. Bizim çox yaxşı və təcrübəli məşqçilər korpusumuz var. Onlar bizə qalib gəlmək üçün doğru yol tapmağımıza kömək olacaq.
- "Qarabağ"la aranızda cəmi bir xal fərqi var. Səncə, bu pillədə qalaraq çempionluq mübarizəsi aparmağınız realdır?
- Biz yalnız öz komandamıza fokuslanmışıq. Harada və nə vaxt hansı komanda ilə mübarizə aparmaq lazım gələcək, bunu zaman göstərəcək. Biz indi yalnız qarşıdakı oyunu düşünürük. Hər oyuna da maksimum nəticə üçün çıxırıq.
- “Sumqayıt”la matçdan sonra milli komandalara görə verilən fasilə sizin üçün yaxşıdır, yoxsa heç yerinə düşməyəcək?
- Bəli, "Sumqayıt"la matçdan sonra pauza olacaq. Amma o qədər də böyük deyil. Komanda bu pauzadan da ən yaxşı şəkildə istifadə etmək istəyəcək. Çünki zədəlilərimiz də var. Onlar da qayıdacaq.
Mirbağırağa
saytlarin hazirlanmasi