"İmişli"nin yarımmüdafiəçisi Elnur Cəfərov Sportal.az saytına açıqlama verib. O, komandasının ölkə kubokunun 1/8 final mərhələsində "Kəpəz"ə qarşı keçirdiyi və 0:1 hesabı ilə məğlub olduğunu görüşü şərh edib. Cəfərovun fikrincə, komandası bu görüşdə layiqli futbol nümayiş etdirib:
"Kəpəz"i qələbə münasibətilə təbrik edirəm. Öz komandamı isə göstərdiyimiz performansa görə alqışlayıram. Komandamız "Kəpəz"dən üstün oynadı. Baxmayaraq ki, biz Birinci Liqa təmsilçisiyik. Hər şey göz qabağındadır. Bunu təkcə mən demirəm, bütün futbol ictimaiyyəti deyir. Birinci Liqa klubu olaraq, Premyer Liqa təmsilçisi ilə başabaş oynayırıqsa, demək ki, biz də yüksək liqada oynaya bilərik. Elə oyunçularımız var ki, yüksək liqada çıxış etməyə qadirdir. Birinci Liqada elə potensiallı uşaqlar var ki. Azərbaycan futbolunun inkişafından danışırıq. Elə potensiallı uşaqlar var ki, onlara qayğı göstərilməlidir. Yoxsa, ayaqları bir az axsayan kimi...Futbolumuzu fikirləşənlər, bu futbolçuları ovucunda saxlamalıdır. Yoxsa, azca axsayan kimi futbolçunu siyahıdan silmək olmaz".
"İmişli"nin aparıcı futbolçusu "Kəpəz"lə görüşün 81-ci dəqiqəsində penaltiyə səbəb olduğu epizod haqda isə bunları deyib: "Düzü, topa qalxarkən rəqib oyunçunu görmədim. Son anda gördüm və ayağımı çəkdim. Onu baş hakim də gördü, penalti qərarı vermədi. VAR-dan çağırdılar ki, toxunuş var. Burada komandanın simpatiyasını qazanmaq lazımdır. Biz Birinci Liqada klubuyuq gəlmişik, "Kəpəz"lə başabaş oynamışıq, hətta üstün də. Matçın 85-ci dəqiqəsi gedir...Baş hakim istəsə, penaltini verməyə bilərdi. Oyunu sındırmamaq olardı. O qədər də ciddi bir şey yox idi. Cüzi, çox cüzi toxunuş olmuşdu. Yəni, hansısa qol epizodu deyildi axı. Çəkilən əziyyətə, aradakı fərqə fikir verərək, penalti təyin edilməməli idi. Əgər futbolun inkişafından danışırqsa, bunlar incəliklərdir. Oyunu sındıranda, futbolçular da mental olaraq düşür. Baş hakim penalti verməsəydi, heç kim heç nə deməyəcəkdi. Onsuzda baş hakim penalti nöqtəsini göstərməmişdi. Artıq bu oyun geridə qaldı. Sadəcə onu bilirəm ki, hakim matçın daha maraqlı məcrada keçməsinə səbəb ola bilərdi".
Azərbaycan milli komandasında da oynamış futbolçu millimizin uğurlu nəticələr qazanmasını istədiyini söyləyib:
"Kim istəməz ki, millimiz böyük turnirlərdə oynasın? Baxaq, həzz alaq. Niyə də olmasın? Bunu bütün qəlbimlə istəyirəm. Mənim millimdir, mənim ölkəmdir də. Kim istəməz? Bunun üçün hətta Birinci Liqadakı oyunçulara qayğı göstərilməlidir. Belə olarsa, vaxtı gələcək və effektini görəcəklər. 22-28 yaş aralığı futbolçu üçün yaxşı yaşdır. Bu yaşda olan oyunçulara diqqət edilməlidir. Vaxtı gələndə, milliyə də xeyir verə bilərlər. Yoxsa, biz gözləyək ki, 10 il uşaq futboluna diqqət ediləcək, uşaqlar böyüyəcək... Amma bir az əlimizdəki imkanlardan da istifadə etməliyik. Məsələyə geniş baxmalıyıq. Təkcə Premyer Liqada dayanmalı, ora baxmaq lazım deyil. Azərbaycanda futbolçu qıtlığı var. Birinci Liqadakı oyunçulara baxmaq lazımdır, orada rəqabət yüksəkdir, maraqlıdır. Dediyim kimi, biz "Kəpəz"lə başabaş oynadıq. Bizim çox yaxşı kollektivimiz var. Daha yaxşısını bacara bilərik. Bunu da zamanla göstərəcəyik".
Mirbağırağa
saytlarin hazirlanmasi