"Kəpəz" Misli Premyer Liqasının 18-ci turunda "Sumqayıt"la 0:0 hesablı heç-heçə edib.
Gəncə təmsilçisinin müdafiəçisi Dioqo Verdaska matçdan sonra Sportal.az saytına açıqlama verib. Portuqaliyalı futbolçu yaxşı oynadıqlarını bildirib:
"Biz bu oyunu qalib başa vura bilərdik. Məncə, çox yaxşı da futbol nümayiş etdirdik. Qol epizodlarına da girməyi bacardıq. Təəssüf ki, üç xalı qazanmaq mümkün olmadı. Hər halda, bizim üçün qazanılan hər xal önəmlidir. Yolumuza davam edirik. Şəxsən mənə görə nəticə ədalətli deyildi. Çünki biz qələbəyə yaxın idik. Qol vurmaq üçün çox imkanımız oldu. Amma təəssüf ki, istifadə edə bilmədik".
29 yaşlı mərkəz müdafiəçisi komandaya və Azərbaycan çempionatına uyğunlaşdığını deyib:
"Mən adaptasiya prosesini tez keçən biriyəm. Çünki ilk dəfə deyil ki, ölkə xaricində oynayıram. İspaniya və Portuqaliyadan savayı, İsrail və Polşada oynamışam. Bu mənada, adaptasiya prosesini tez keçirəm. Bu barədə heç bir problem yoxdur".
"Kəpəz"in Premyer Liqada qalmaq ehtimalı haqda danışan Verdaska bunu bacaracaqlarını bildirib:
"Biz oyundan-oyuna irəliləməyi istəyirik. Mən bura gələndə bizim qələbəmiz yox idi. Daha yaxşı futbol oynadığımızı düşünürəm. Artıq qələbələr qazanırıq, xallarımız var. Gündən-günə inkişaf edirik. Gələcəyə nəzarət edə bilmərik. Amma futbolda hər şey mümkündür. İnanırıq ki, Premyer Liqada qalacağıq. Bunun uğrunda da mübarizə aparırıq".
Elçin Əlixan
saytlarin hazirlanmasi