"Millilərimiz arasında bu günə qədər ən böyük və tarixi nəticəyə bizim qızlar yığması imza atdı"

19:22 - 1 Fevral 2025

Azərbaycan milli komandasının kapitanı, "Krasnodar"un üzvü Sevinc Cəfərzadə Sportal.az saytına açıqlama verib.

O, AFFA-nın yeni strategiyasına görə qadınlardan ibarət yığma komandamızın qarşıdakı 3 il ərzində FİFA reytinqində 50-ci pilləyə qədər yüksəlməsi hədəfini şərh edib:

"Xeyr, bunu qarşıdakı 3 ildə real hesab etmirəm. Biz qadınlardan ibarət A milli yığma komandası olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Amma bu o demək deyil ki, qarşıdakı 3 ildə 50-liyə düşəcəyik. Əgər bunu bacara bilsək, təbii ki, Azərbaycan futbolu üçün çox möhtəşəm və tarixi nəticə olardı. Nəzərinizə çatdırmaq istərdim ki, milli komandalar arasında ilk tarixi nəticəyə də imza atmışıq. Təəssüf ki, bu haqda bir çox insanların məlumatı belə, yoxdur. Qaldı ki, ilk “50liy”ə düşməyə bunun üçün çox şeylərə ehtiyac var. Soruşsaz ki, nələrə? Hamımız çox gözəl bilirik. Ən yaxşı nəticə üçün mübarizə aparacağıq. Artıq gələn ay Millətlər Liqasının ilk oyununa çıxacağıq. Bizi çox çətin və vacib oyun gözləyir. 

O, qarşıdakı 3 ildə qadınlar, yoxsa kişilərdən ibarət millimizin inkişaf etmək şansı haqda isə bu cür danışıb: 

"Düşünürəm ki, bizim, yəni qadınlar üzrə yığmamızın. Baxmayaraq ki, bizim kişilərdən ibarət millidən fərqli olaraq, daha yaxşı imkanlarımız yoxdur. Ancaq yenə də özümüzü deyirəm. Əgər onlar da hansısa yaxşı nəticələr göstərərsə, bu məni çox sevindirər. Çox istəyərdim ki, elə bizim millidən də kişilərdən ibarət yığmamızın üzvlərinə suallar verəsiz. Cavabları həqiqətən də maraqlı olardı. Çünki nədənsə onlar haqda suallar həmişə mənə ünvanlanır. Ancaq arzumuz təbii ki, kişi milli komandamızın da uğurlarının, qələbələrinin olmasıdır. Amalimiz ölkəmizi layiqincə təmsil etməkdir".

Sonda isə Cəfərzadə "yığma komandamızın inkişafı üçün hansı addımlar atılmalıdı?" sualını cavablandırıb:

"Bu haqda nə qədər desəz, danışmaq olar. Bunun üçün zamana, maliyyəyə, mentalitetin dəyişdirilməsinə, ailələrin uşaqlarını konkret desək, qızlarını idmana, futbola yazdırmasına və o cümlədən də aşağı yaş qruplarında yaxşı, savadlı məşqçilərə ehtiyac var. Onlar istedadlı uşaqları tapıb, ortaya çıxarıb, inkişaf etdirə bilərlər. Məhz belədə, milli komandaya xeyirli ola bilərlər. Amma çox təəssüf ki, bu sadaladıqlarımın çox cüzi faizi var. Bununla belə, istənilən Avropa ölkəsində sürətlə inkişaf edən qadın futbolu qarşısında bizim yığmamız son iki dəfə ardıcıl olaraq tarixi nəticəyə imza atmışıq. C liqasını 5 qələbə və 1 heç-heçə ilə bitirərək B liqasına yüksəlmişdik. Rəqiblərimiz İsveçrə, Macarıstan, Türkiyə yığmaları olsa da, orada 4 xal topladıq və Avropa çempiontının pley-off mərhələsinə vəsiqə qazandıq. Təəssüf ki, orada isə potensial rəqiblər arasında ən güclüsü olan Portuqaliya ilə düşdük. Hər iki oyunda uduzsaq da, rəqibin yol tapmağı bacardıq, əzmkar mübarizə göstərdik. Ölkəmizi layiqincə təmsil etməyə çalışdıq. Etdiklərimiz milli komandalar arasında bu günə kimi göstərilən ən böyük, tarixi nəticə idi. O da bizim qızlar yığması imza atdı. Başda Siyasət Əsgərov olmaqla, bu nəticələrdə kimin payı varsa, hamısına təşəkkür edirəm və onlarla fəxr edirəm".

Xəbər xətti