"Qəbələ"nin müdafiəçisi Elvin Yunuszadə Sportal.az saytına müsahibə verib.
- "Qəbələ" son matçda da qələbə qazanmağı bacardı. Komanda 49 xalla liderdir. Məğlubiyyətsiz irəliləməsinin sirri nədədir?
- "Mingəçevir"in yaxşı komanda olduğunu, 90 dəqiqə mübarizə aparmaq üçün yaxşı fiziki gücə malik olduqlarını bilirdik. Yeni baş məşqçi gəlib, komandaya yeni oyunçular da dəvət edilib. Bu da komandaya müsbət tərəfdən təsirini göstərib. Oyunlarını analiz etmişdik. Asan olmayacağını anlayırdıq. Əsas odur ki, qələbə qazandıq və üç xalı aktivimizə yazdırdıq.
- "Qəbələ" mövsümün sonuna qədər məğlubiyyətsizlik seriyasını davam etdirə biləcək? Rəqiblər zəifdir, yoxsa "Qəbələ" çox güclüdür?
- Hər oyuna son matç kimi hazırlaşırıq. Bugünkü gündə məğlubiyyətsiz olmağımızın səbəbi intizam və işimizə yanaşmamızdır. Ciddi yanaşmağımıza görə hazırda ortada bu cür nəticə var. İstəyərək ki, çempionatı məğlubiyyətsiz başa vuraq. Amma bu futboldur, hər an hər şey ola bilər. Deməzdim ki, rəqiblər zəifdir. Hər oyunda lazımı qədər əziyyət çəkirik, rəqiblər bizə çətinlik yaradır. Bu intizamı, motivasiyamızı mövsümün sonuna qədər saxlaya bilsək, məğlubiyyətsiz başa vurarıq.
- "Qəbələ” Premyer Liqaya əsas iddialı komandadır. Səncə, digər iki komanda hansı olmalıdır? Həm gücü, həm də şəraiti baxımından...
- "Qəbələ" hər şeyi ilə Premyer Liqaya layiqdir. Digər iki komanda məsələsinə gəldikdə, ad çəkməyim düzgün olmazdı. Mübarizə aparmağa hazır olan bir neçə komanda var. Ancaq ad çəkməyim qeyri-etik olardı.
- Yeni sezondan Premyer Liqada legioner limiti də tətbiq edilməyəcək. Səncə, “Qəbələ”nin hazırki heyətindən Premyer Liqada oynayan yerlilər olacaq? Məsələn, özünü görürsən “Qəbələ”nin heyətində yüksək liqada, yoxsa səncə daha çox legionerlər oynayacaq?
- Hazırda yeni sezondan da qabaq, əsas fikrim çempionatı sona qədər maksimum başa vurmaqdır. Əgər gələcək sezon komanda ilə birlikdə olsam, burada qalsam, legioner olsa belə, hər bir azərbaycanlı mübarizə aparmağa hazırdır. Azərbaycanlılar da əsas heyətdə oynamaq potensialındadır.
- Premyer Liqada legioner limiti olmayacaq deyə, əksər yerlilərin Birinci Liqaya üz tutacağı da ehtimallar arasındadır. Səncə, bu qərarla Birinci Liqanın səviyyəsi daha da yüksələ bilər?
- Hər bir qərarın nəticəsini zaman keçdikcə görürsən. İndidən nəsə demək çətindir. Hər şeyi zaman göstərəcək.
- Komanda yoldaşın Şahin Şahniyarovun milliyə dəvət edilməsi Birinci Liqadakı digər oyunçular üçün də stimuldur? Onunla danışmışdın və nəsə məsləhət verdin?
- Şahinin adına çox sevinirəm. O, bizim balaca qardaşımızdır, ona etimadım da böyükdür. Gələcək 10-15 ildə Azərbaycan millisinin, Premyer Liqada lider oyunçularından birinin olacağını görürəm. Məşqlərdə də, oyunlarda da bunu görürəm. Potensialına bələdəm. Şahinin millidə olması hər bir yerli cavan stimul olmalıdır. Şahinin özü oralara gedibsə, millinin futbolçusu kimi oynamalı, işinə elə yanaşmalıdır. Onunla daim futbol aid söhbətləşirik, çalışırıq ki, Şahin potensialının maksimumunun ortaya qoysun. O, yaxşı insandır, işinə də ciddi və peşəkar yanaşır. Belə getsə, gələcək 10-15 ilin yarımmüdafiə xəttində Azərbaycan millisinin lideri ola bilər. Onunla daim danışırıq. Ən əsas dediyim bir söz var ki, artıq millinin futbolçususan və gözləntilər, tələblər də başqa olacaq. Məsuliyyəti daha da çoxaldı. Şahin milliyə getməklə, böyük futbolda daha böyük addım atdı. Hələ yolu qarşıdadır. Daha da irəliləməsi üçün ona o yolda təkan verməliyik.
Mirbağırağa
saytlarin hazirlanmasi