"Təbii ki, oğlum olaraq hər zaman Elgizin yanındayam. Onun məşqçi kimi yavaş-yavaş özünü doğrultmağa doğru getdiyini deyə bilərəm. Bu da məni sevindirir. "Şəfa" kimi iddialı klubdadır və həmin komanda da gözləntiləri qarşılayır. Komanda I Liqada liderdir. Bu da məni sevindirir. Əlbəttə ki, futboldur, hər zaman, hər şey düşündüyün kimi getməyə də bilir. Amma əsas odur ki, hər zaman ayaqüstə qalasan, hədəfindən, iddiandan əl çəkməyəsən. Elgizin də xarakterinə malikəm, bilirəm ki, o qarşısına qoyulan hədəfə doğru getməyi bacaracaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Şəfa"nın sabiq baş məşqçisi Nazim Əliyev deyib. Azərbaycan çempionatları tarixində ən çox qol vuran futbolçu kimi tarixə keçmiş Əliyev “Qarabağ”, “Ədliyyə”, “Terek”(indiki “Axmat”), “Neftçi”, “Rah Ahan” kimi klublarda, həmçinin “Şəfa”da işləyib.
O, oğlu Elgiz Kərəmlinin çalışdırdığı I Liqa klubunun durumundan bəhs edib:
"Elgizin futbolçu kimi də perspektivi var idi. Sadəcə bəzi səbəblərə görə, karyerasını başa vurmalı oldu. Amma erkən yaşda artıq məşqçiliyə addım atdı və Şükür Allaha tez bir zamanda irəliləyiş əldə etdi. Hazırda da "Şəfa" kimi iddialı klubdadır. Elgizin məşqçi kimi işini də izləyirəm. Hər halda, özünəməxsus oyun planı, sxemi var və bunun üzərində işləyir. Bir müddət əvvəl Qurban Qurbanovun yanında da təcrübədə olmuşdu, "Qarabağ"ın düşərgəsində. Təbii ki, rəhbərliyin ona etimad göstərməsi də sevindiricidir. Hər halda, bilirsiniz, klub rəhbərliyi, məşqçilər korpusu və kollektiv birlikdə olanda, uğurlar gəlir. "Şəfa"da da bunun olduğunu görmək mümkündür. Ümidvaram ki, Elgiz komandasını Premyer Liqaya yüksəldə biləcək".
Təcrübəli mütəxəssis vaxtı ilə çalışdırdığı “Şəfa”nın fəaliyyətini bərpa etməsinə sevindiyini söyləyib:
"Bəli, vaxtı ilə mən də "Şəfa"da baş məşqçi kimi işləmişəm. Əlbəttə ki, Elgizin vaxtı ilə burada baş məşqçi olması maraqlıdır. O özü də, elə futbolçu kimi "Şəfa"da başlayıb. Hər halda, vaxtı ilə "Şəfa" Azərbaycan futbolunda adlı-sanlı futbolçuların oynadığı klub olub. Sadəcə vaxtı ilə maliyyə məsələsinəgörə fəaliyyətini dayandırmışdı. Şadam ki, Azərbaycan futbolu üçün xüsusi yeri alan bu cür klub yenidən fəaliyyətini bərpa etdi və indi daha da iddialıdır".
Qeyd edək ki, "Şəfa" 8 turdan sonra 20 xalla liderdir. "Səbail" 18 xalla 2-ci pillədədir.
Mirbağırağa
