“Motor”(Lublin) klubunun baş məşqçisi Mateuş Stolarski, bu yaxınlarda transferə çıxarılış, lakin sonradan məşqçilər heyətinin etimadını qazanmağı bacaran Azərbaycan millisinin forvardı Renat Dadaşovla bağlı vəziyyətə münasibət bildirib.
Sportal.az xəbər verir ki, “Dziennik Wschodni” nəşrinə danışan Polşa klubunun çalışdırıcısı Dadaşovun komandada qalmasını istəyir:
"Renat performansında geriləmə olduğu üçün yollarımızı ayırmaq istədiyimiz futbolçular siyahısına daxil edilmişdi. İndi isə o, siyahıdan çıxarılmağa layiqdir. Renata bir insan kimi münasibətim dəyişməyib. İlk məşqdən bu yana. O, artıq "Yagelloniya"ya qarşı yaxşı oyun göstərdi. Qış toplanışında Dada düşdüyü vəziyyətə uyğunlaşdı. Sadəcə məndən onu hesabdan çıxarıb-çıxarmadığımı və hələ də şansının olub-olmadığını soruşdu. Mən cavab verdim ki, klubda olduğu müddətcə şansı var. Onun transferi də mənim qərarım idi. Renatın indiki kimi olacağını gözləyirdim. Lakin, bir liqa matçının kifayət etmədiyi aydındır. Bütün bu məşq dövrü, bu dörd həftə onu həqiqətən də yaxşı formaya saldı”.
Baş məşqçi həmçinin Dadaşovun komanda yoldaşları üçün faydalı olduğunu bildirərək, onu tərifləyib"Çubi (komandanın digər hücumçusu Karol Çubak – red.) üçün yanında pressinq etməyi bilən hücumçunun olmasından yaxşı heç nə yoxdur. Çubi daha bir qol vurdu, amma bu, Renat sayəsində reallaşdı. Dadaşovun pressinqi Karolu tam hüquqlu hücumçuya çevirir və o, həqiqətən də getdikcə daha yaxşı görünür".
Qeyd etmək lazımdır ki, Azərbaycan millisinin hücumçusu bu yaxınlarda Ekstraklasanın 19-cu turunda “Poqon”a (2:1) qarşı oynayıb, 74-cü dəqiqədə meydana çıxıb. Dadaşovun "Motor"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
