"Qarabağ"ı Çempionlar Liqasının qruplarına aparan, Azərbaycanda iki fərqli klubda oynayan - Premyer Liqamızdakı 4-cü CAR-lı oldu

13:17 - 2 Sentyabr 2026

Azərbaycan Premyer Liqasında Cənubi Afrika Respublikasından olan futbolçuların sayı 4-ə çatdı. "Sabah"ın yeni transferi Ayden Makkarti bununla da ölkə çempionatımızda çıxış edən 4-cü Cənubi Afrikalı futbolçu oldu. 22 yaşlı müdafiəçi bu yay "Kayzer Çifs"dən Bakı klubuna keçib. O, yeni komandası ilə 3 illik müqavilə imzalayıb. O, "Sabah"ın bu mövsüm çempionatda keçirdiyi hər iki matçda da 90 dəqiqə meydanda olub. Makkartiyə qədər Premyer Liqamızda Cənubi Afrika Respublikası vətəndaşı olan 3 futbolçu futbolçu oynamışdı. Sportal.az liqamızda ona qədər çıxış etmiş həmin afrikalıları xatırladacaq.

Dino Ndolovu

Azərbaycanda oynamış ən yaddaqalan CAR-lı olduğunu desək, yəqin ki, yanılmarıq. O, "Qarabağ"ın əsas forvardı olmuş, klubun tarixində ilk dəfə Çempionlar Liqasında qruplara düşməsində önəmli rol oynamışdı. O, 2017/2018 mövsümündə ÇL-in təsnifat mərhələsinin pley-offunun cavab görüşündə "Kopenahgen"ə səfərdə (2:1) yeganə qolu vurmaqla "Qarabağ"ı qruplara daşımışdı. Cənubi Afrika Respublikası millisində 8 matça çıxıb 1 qol vurmuş forvard “Qarabağ”a qədər “Makkabi” (Hayfa), Azərbaycandan sonra isə “Kocaelispor”, “Boluspor”, “Çançun Yatay”, “Sakaryaspor kimi klublarda çıxış etmişdi. O, hazırda klubsuzdur. Ölkəmizdə oynamış ilk CAR-lı da Dino Ndolovudur. Cənubi Afrikalı hücumçu 2016-cı ildə "Qarabağ"a transfer olunub. Ndolovu 2016-2018-ci illərdə Ağdam klubunun formasını geyinib. Beləliklə, o, Azərbaycan Premyer Liqasında çıxış edən ilk CAR-lı futbolçu kimi tarixə düşüb.

Hendrik Ekşteyn

Premyer Liqamızdakı ikinci CAR-lı Hendrik Ekşteyndir. O, isə digər həmyerlilərindən Azərbaycanda iki klubda oynaması ilə fərqlənir.  "Sabah"a böyük ümidlərlə gətirilmiş afrikalı "bayquşlar"ın heyətində özünü ən yaxşı şəkildə göstərə bilməmişdi. O, sonradan "Səbail"ə keçmişdi. Beləliklə, Ekşteyn Premyer Liqamızda iki fərqli klubun formasını geyinən yeganə Cənubi Afrikalı olub. 35 yaşlı vinger hazırda ölkəsində "AmaZulu" klubunda oynayır.

Siyanda Xulu

Makkartiyə qədər Premyer Liqamızda oynamış sonuncu CAR-lı Siyanda Xulu idi. Hazırda klubsuz qalmış 34 yaşlı müdafiəçi Cənubi Afrika Respublika milli komandasının kapitanı olub. “Turan Tovuz”a qədər “Rostov”, “Kayzer Çifs”, “Hapoel Tel-Əviv”kimi klubların formasını geyinmiş Xulu millidə 31 matçda meydana çıxıb. 

Mirbağırağa


Xəbər xətti