Şakir Qəribov gəncliyindən danışdı
“Neftçi” – “Dinamo” (Tiflis) 3:0(1:0)
10 may, 1987-ci il. Bakı, V.İ.Lenin adına Respublika stadionu. 37.616 tamaşaçı.
Hakim: İvan Timoşenko (Rostov)
Sarı vərəqələr: Əsgər Abdullayev, Zaur Svanadze
Qollar: Maşallah Əhmədov, 42; Şakir Qəribov, 62; Nazim Süleymanov, 75.
Neftçi: 1. Aleksandr Jidkov, 2. Andrey Fedorovski, 3. Mustafa Bilalov, 4. Arzu Mirzəyev, 5. Valerii Pançik, 6. Nazim Süleymanov, 7. Mehman Allahverdiyev (Samir Ələkbərov, 83), 8. Şakir Qəribov, 9. İqor Ponomaryov, 10. Maşallah Əhmədov, 11. İsgəndər Cavadov.
Baş məşqçi: Ağasəlim Mircavadov
Dinamo: 1. Otari Qabeliya, 2. Zaur Svanadze, 3. Areksandr Çivadze, 4. Vissarion Çediya, 5. Axrik Sveyba, 6. Zaza Revişvili, 7. Merab Jordaniya (Mamuka Pansulaya, 77), 8. Tengiz Sulakvelidze, 9. Qriqori Saava, 10. N.Kapilaşvili (Ramaz Şengeliya, 57), 11. Giya Quruli
Baş məşqçi: Kaxi Asatiani
Həmin oyundan 26 ildən çox vaxt keçib. Amma elə bil dünən olub. Mənim üçün. İndən belə 26 il də keçsə, yadımdan çıxmayacaq. Çünki, ilk dəfə 1987-ci ilin 10 mayında, 10 yaşım olanda rəhmətlik atam məni stadiona – futbola baxmağa aparmışdı. Zarafat deyildi, ağ-qara televizorda oyunlarını baxdığım futbolçuları həyatda görəcəkdim, oyunlarını canlı izləyəcəkdim. Vurulan hər 3 qol, qarşılaşma ilə bağlı bir çox maraqlı məqamlar hələ də yadımdadır. Hətta oturduğumuz yer də. Hər dəfə respublika stadionuna gedəndə istər-istəməz 12-ci sektora baxıram.
“Mən futbolçu olanda...” rubrikasının bu dəfəki qonağı Şakir Qəribov həmin oyunun iştirakçılarından idi. Şakir müəllimə ilk sualım da “Neftçi” – “Dinamo” oyunu ilə bağlı oldu – “Xatırlayırsınız”? Gözlədiyimin əksinə olaraq, həmin oyun təfsilatları ilə Şakir müəllimin yadındaymış. Oyundan əvvəl baş verənlər, qolların necə vurulması, qarşılaşmadan sonra əsəbiləşdiyi an... Bir sözlə, hər şey.
Əvvəlcə qonağım haqında məlumat verim. Şakir Dadaş oğlu Qəribov 1956-cı il yanvarın 15-də Sabirabadda anadan olub. Futbolla doğurlduğu rayonda məşğul olmağa başlayıb. 1973-cü ildə ustalardan ibarət “Neftçi” komandasında baxışda olub. “Neftçi”nin əvəzedicilərinə qəbul edilsə də, müəyyən səbəblərdən Gəncənin “Dinamo” komandasına göndərilib. 1974-75-ci illərdə “Dinamo”nun, 1975-76-cı illərdə isə hərbi xidmətlə əlaqədar OİK-də çıxış edib. 1977-ci ildə hərbi xidməti başa vurmamış “Neftçi”yə geri qaytarılıb. İlk oyununu əvəzedici komandanın heyətində Moskvanın “Dinamo” komandasına qarşı keçirib. 1978-ci ildə əsas heyətə dəvət alıb. 1978-1984 və 1986-1988-ci illər aralığında “Neftçi”nin şərəfini qoruyub. 1985-1987-ci illərdə isə “Dinamo”da (Gəncə) oynayıb. Karyerasına 1989-cu ildə Gəncə komandasında son qoyub. SSRİ çempionatları tarixində yüksək dəstədə 200-dən çox oyun keçirib, 6 qol vurub.
Məşqçi kimi ilk iş yeri Sabirabadın “İnşaatçı” komandası olub. 1995-99-cu illərdə mini-futbol üzrə “Avtomobilçi” komandasını çalışdırıb, 2 dəfə respublika çempionu olub, 2 dəfə isə kuboku qazanıb. 1999-cu ildə Vaqif Sadıqovun təklifi ilə böyük futbola qayıdıb və uzun müddət müxtəlif yaşlı milli komandalarla yanaşı, əsas millinin də uğurları üçün çalışıb. Şakir Qəribov vaxtilə yığmanın baş məşqçiləri olmuş İqor Ponomaryov, Vaqif Sadıqov və Şahin Diniyevlə birgə işləyib, olmipiya yığmamıza və aşağı yaş qruplarından ibarət komandalara rəhbərlik edib. 2009-cu ildə “Neftçi”də, 2011-2013-cü illər aralığında AZAL-da Vaqif müəllimin köməkçisi olub. Hazırda işsizdir.
“Elə oyunu yaddan çıxarmaq olar?”
İndi isə 17 il əvvəlki oyun haqda. Bir qədər əvvələ gedim, hələ 1984-ci ildə bəzi səbəblərə görə Şakir müəllim “Neftçi”dən uzaqlaşdırılmışdı. Bundan incik düşən Qəribov hətta futbolu atmaq istəyirmiş. Lakin Gəncənin “Dinamo” komandasından təklif gələndən sonra fikrindən daşınıb. Bu haqda bir qədər sonra ətraflı məlumat verəcəm. Üstündən 2 il keçəndən sonra Qəribov “Dinamo”da göstərdiyi oyuna görə xahiş-minnətlə yenidən “Neftçi”yə qaytarılır. Həmin ərəfədə Aleksandr Sevidov komandanın baş məşqçisi təyin edilir. Saşa dayı “Neftçi”yə gələndə özü ilə 2 müdafiəçi – Vladimir Pivtsov və adını unutduğum Kostinini gətirmişdi. Əsas heyətdə onları oynadaraq, Qəribovu ilə əvəzedici komandaya göndərmişdi. Özünün dediyinə görə, nə Pevtsov, nə də Kostininin Qəribovun sol ayağının bildiyi qədər də futboldan başları çıxmırdı. Aleksandr Sevidovun köməkçisi oğlu Yuri, komandanın 3-cü məşqçisi isə hamımızın yaxşı tanıdığı Ağasəlim Mircavadov idi. Məhz Mircavadovun Şakir müəllimə mənəvi dayaq olması onu həvəsdən salmamışdı. “Dinamo” ilə oyundan əvvəl “Neftçi”nin zəif nəticə göstərməsinə görə Sevidovlar komandadan göndərilmiş, ata Sevidovun yerinə Ağasəlim müəllim baş məşqçi təyin olunmuşdu. Mircavadov ilk oyunundaca Sevidovun gətirdiyi futbolçuları ehtiyata göndərib müdafiənin sol cinahını Qəribova tapşırmışdı. Çoxdandı oynamayan Qəribovu əsas heyətdə, özü də “Dinamo” kimi güclü bir rəqibə qarşı meydana buraxmaq risk idi. Amma Şakir müəllim baş məqçinin seçiminin doğru olduğunu nəinki oyunu, hətta vurduğu qol ilə də sübut etdi: “Həmin oyun bütün hamı yaxşı oynadı. Bir-birimizə həsəd aparırdıq. Birinci hissədə günc zərbəsindən sonra Maşallah başla topu qapıdan keçirdi. İkinci hissənin ortalarında sol ayağımda uzaqdan qapıya zərbə vurdum. Mənim adıma olduğuna görə demirəm, həqiqətən gözəl qol alınmışdı. Top dirəyə dəyib qapıdan keçdi. Qapıda isə Qabeliya kimi usta var idi. Nazimin də qolu baxımlı olmuşdu. Müdafiəçini qabaqlayaraq cinahdan ötürülən topa birinci toxunmuşdu. Amma oyundan sonra...”.
Oyundan sonra baş verənləri özüm nəql edəcəm. Deməli, qarşılaşmanın ertəsi günü qəzetlərə baxan Şakir müəllim vurduğu qolun Nazim müəllimin, Süleymanovun qolunun isə onun adına yazıldığını görür və bərk əsəbləşir. Belə də səhv olar, bəyəm camaat bilmir ki, ikinci qolu kim vurdu, üçüncünü kim? Sonradan “yerdəyişmə”nin səhv yox, bilərəkdən belə yazıldığı məlum olur. Məsələ burasındadır ki, həmin vaxt “Neftçi”dən Yunis Hüseynovla Nazim Süleymanov SSRİ yığmasına namizədlər arasında idilər. Onları hər vəchlə irəli çəkmək lazım idi. Şakir müəllimin qolu o qədər gözəl alınmışdı ki, rəhbərlik bu qolu Nazim müəllimin adına yazdırmışdı. O vaxtlar mərkəzi televiziyada “Futbolnoye obozreniye” (Futbol icmalı – İ.T.) adlı həftəlik veriliş efirə gedirdi və ayda bir dəfə vurulan qollardan 3 ən baxımlısı seçilirdi. Qəribovun Süleymanovun adına yazılan qolu 2-ci yeri tutur: “Həm Yunis, həm də Nazimin xətrini çox istəyirəm. O vaxt 30 yaşım var idi, irəli getmək üçün gənclərə dəstək olmaq lazım idi. Qolumun Nazimi adına yazılması onun işinə yaraya bilərdi. Haradan biləydim ki, rəhbərlik belə bir plan qurub. Onlara bildirdim ki, bunu vaxtında deyin, mən də səsimi çıxarmayım. “Dinamo” həmin vaxt çox güclü komanda idi. Gürcülərə oyunla qalib gəldik. Həmin oyundan sonra məni məşqçilər şurasına daxil etdilər. İndi özünüz deyin, elə oyunu heç yaddan çıxarmaq olar?”
Bir müddət sonra Sevidov etdiyi haqsızlığa görə Qəribovdan üzr istəyib. Rəhmətlik sıradan məşqçilərdən olmayıb ha. Kiyev və Moskva “Dinamo”ları ilə SSRİ çempionu olmuş, 2 dəfə SSRİ Kubokuna sahib çıxmışdı. Bundan başqa xeyli başqa nailiyyətləri də vardı. Hələ 1968-ci ildə SSRİ-nin əməkdar məşqçisi adına layiq görülən məşqçi 1992-ci il aprelin 15-də xərçəngdən vəfat edib. Nə isə, “Neftçi”nin Moskva “Dinamo”su ilə oyunundan sonra Şakir müəllimə yaxınlaşan məşqçi onun əsl peşəkar olduğunu söyləyib: “Sənə qarşı bu qədər haqsızlıq elədim, amma həvəsdən düşmədin, sınmadın. Oyununla güclü olduğunu, mənim səhv etdiyimi sübut elədin. Ona görə də sənin əlini sıxmağa gəlmişəm”.
“Ay ana, bu kişi kimdi, bizə gəlib?”
Qəribovlar ailəsində 8 uşaq böyüyüb – 6 qardaş, 2 bacı. Dadaş dayı Böyük Vətən müharibəsində iştirak edib. Müharibəyə gedəndə 2 oğul atası olan veteranın 3-cü uşağı da dünyaya gəlməli imiş. Hitler imkan verməyib ki, 3-cü oğlunun üzünü görsün. Davadan qayıdanda isə... Şakir müəllim o dövrlə bağlı maraqlı bir əhvalat danışdı: “Ailənin 7-ci uşağı olmuşam. Atam müharibədən 1946-cı ildə qayıtmışdı. 3-cü qardaşım atamın üzünü görməmişdi. O, müharibəyə gedəndən az sonra dünyaya gəlmişdi. Atam əsgər getdiyinə görə qardaşımın adını Əsgər qoymuşdular. Atam müharibədən qaydında Əsgər anamdan soruşmuşdu – ay ana, bu kişi kimdi, bizə gəlib? (gülür). Anam da qayıdıb ki, a bala, atandı da, müharibəyə getmişdi, indi qayıdıb. O vaxtlar ailədə çox uşağın olması ənənə idi. Uşağı çox olan ailəyə varlı ailə kimi baxırdılar. Soruşa bilərsiniz, bu boyda uşağı atam neçə dolandırıb? Müharibədən sonra atam bir müddət nöyüt satıb. Sonradan həmin çayxananı işlətməyə başlayıb. Atam samovarı ilə o boyda külfəti saxlayırdı. Düzdür, elə də təmtəraqlı yaşayışımız yox idi, kasıbçılıqıydı. Amma əsas mehribançılığın olmasıydı”.
Dadaş dayı 1978-ci il mayında dünyasını dəyişib. Şakir müəllimin “Neftçi”yə düşdüyü il. Ən böyük arzusu da Banişevskinin evində qonaq olması idi. Doğrudur, sağlığında Banişevskini görmək ona qismət olmayıb. Dünyasını dəyişəndən sonra isə Şakir müəllimin sayəsində Anatoli Andreyeviç 2 dəfə Dadaş dayının qapısına qonaq gəlib. Üstündən 3 il keçəndən sonra isə Şakir müəllimin anası Reyhan xala rəhmətə gedib. Allah hər ikisinə rəhmət eləsin!
“Neftçi”yə yol çayxanadan keçirmiş
Özünü tanıyandan evlərinin yanındakı bağda top qovan həmsöhbətim futbolla yanaşı voleybol və stolüstü tennislə də məşğul olub. Yeri gəlmişkən, Şakir müəllim stolüstü tennis üzrə ustalığa namizəddir. İdmana olan sevgisi dərslərə marağı azaldıb. Maraqlıdır ki, Şakir müəllim məktəbə 1961-ci ildə – 5 yaşında gedib. 5-ci sinifə kimi yaxşı oxuyub. Gəl ki, 6-cı sinifdən etibarən təhsili futbola qurban verib. Bu səbəbdən də 9-cu sinifdə 2 il oxuyub. Mikayıl Müşfiq adına məktəbdə riyaziyyatı tədris edən İbrahim müəllim 3 rüb ardıcıl qeyri-kafi qiymət aldığına və dərslərdən yayındığına görə şagirdini sinifdə saxlayıb. Balaca Şakirin uşaqlığı o qədər də maraqlı keçməyib. Boş vaxtlarını futbol oynamaqla yanaşı Dadaş dayının çayxanasında keçirir, atasına kömək edirmiş. Odun daşımaqdan, stəkanları yumaqdan çay paylamağa kimi hər bir işlə məşğul olurmuş.
Şakir müəllimin “Neftçi”yə necə düşməsindən danışım. SSRİ dönəmində hər bir rayonda İdman Məktəbi fəaliyyət göstərirdi və həmin məktəblərin təşkilatçılığı ilə gənc futbolçular müxtəlif rayonlara yarışlara aparılırdılar. Həmin yarışlarlarda özlərini göstərə bilən uşaqlar haqqında məlumatları Bakıya – İdman Komitəsinə oyunları izləyən məşqçilərlə yanaşı, hakimlər də ötürürdülər. Bir növ seleksiyaçı-məşqçi idilər. Sabirabadlı uşaqlardan Şakir Qəribovla Ruslan Həbibovu gözaltı edən həmin seleksiyaçılar Göygöldəki oyundan sonra hər iki futbolçunu hər il Bakıda keçirilən perspektivli futbolçuların turnirinə dəvət edirlər. Baş məşqçi Eldar Dərgahov üçün bundan gözəl hədiyyə ola bilməzdi. Həmin turnirin məqsədi respublikanın müxtəlif rayonlarından çağırılmış futbolçular arasında seçim etməklə istedadlı futbolçuları üzə çıxarıb onları ustalardan ibarət komandalara göndərmək idi. “Spartak” stadionunda bakılılardan ibarət “Bakı-1” və rayon uşaqlarının təşkil etdiyi “Bakı-2” komandası arasında keçirilən oyundan sonra həm Qəribov, həm də Həbibov məşqçilər tərəfindən bəyənilirlər və onlara yenidən dəvət göndəriləcəyi bildirilir. Bu hadisə 1973-cü il oktyabrın sonlarında baş verib. Sabirabada qayıdan həmsöhbətim məşqlərini davam etdirməklə yanaşı, boş vaxtlarında çayxanada atasına gömək edir. Şad xəbər də ona çayxanada iş başında olarkən çatdırılır: “Çayxanamız evimizin yanındakı avtobazanın həyətində idi. Həmişə olduğu kimi atama gömək edirdim. Bir poçtalyonumuz var idi, İbrahim. Bir də gördük ki, qaça-qaça böyük qardaşım Bəhrəmə yaxınlaşıb muştuluq istəyir. “Bəhram, muştuluğumu ver, sənə şad xəbərim var”. Bir “3lük” alandan sonra teleqramı göstərərək mənim “Neftçi”yə çağırldığımı söylədi. Guya, qardaşımın futbol çox vecinə idi. Sonradan yoldaşlar onu məzəmmət elədilər ki, heç bilirsən nə baş verir? Qardaşın “Neftçi” kimi komandada oynayacaq. Gərək poçtalyona bir qoyun kəsərdin...”
Uşaqlıqdan “Neftçi”nin futbolçularının şəkillərini cibində gəzdirən gənc üçün bu, əsl sürpriz idi. Sevincində bütün gecəni gözünə yuxu getməyən Şakir müəllim indiyə kimi onun üçün əlçatmaz hesab etdiyi futbolçularla bir yerdə məşq edəcək, onlarla ünsiyyətdə olacaqdı.
“Əbdülqəni, noolar,“paraşüt” at da”
– 1978-ci il yanvarın 1-də “Neftçi”nin əsas heyətində qəbul olundum. Mənimlə yeni gündə “Dinamo”dakı məşqçim Vaqif Abbasov komandaya 2-ci məşqçi kimi təsdiq olundu. Amma mənə ştatda nəzərdə tutulan 250 rubl maaşı vermədilər. 180 rubl yazmışdılar. Vaqif müəllimə şikayətlənəndə dedi ki, balam, sevinmirsən? Sevinmirsən ki, “Neftçi” kimi komandada oynayırsan? Camaat burada pulsuz oynamağı arzulayır. Sən isə pul davası eləyirsən. Özünü göstər, maaşını da artıracaqlar. Özümü göstərəcəyimə əmin idim. O qədər gücüm var idi ki... İnanırsan, əlimi, ayağımı zərblə dəmirə vursaydım, ağrımazdı. Doğrudan da, bir müddət sonra maaşımı qaldırdılar.
– “Neftçi”nin heyətində ilk rəsmi oyununuz hansı komandaya qarşı olub?
– Bakıda Voroşilovqradın “Zarya” komandasına qarşı. 2:1 qalib gəlmişdik. Oyunum da pis alınmamışdı. Ondan sonra əsas heyət oyunçusu oldum.
– Həmin vaxt Qəribov hansı futbolçunu heyətdən sıxışdırıb çıxarmışdı?
– Bizdə sağ cinahda rəhmətlik Rəşid Özbəyov, solda isə Rafiq Quliyev oynayırdı. Bir ara Rəşid müəllim ya zədələnmişdi, ya da xəstələnmişdi. Rafiqi onun yerinə məni isə Rafiqin mövqeyinə qoymuşdular. Özbəyov qayıdandan sonra məni sağ cinaha keçirdilər, Rafiq Quliyevi isə ehtiyatda saxladıdar. Hər ikisi əla futbolçular idi. Amma bir qədər yaşlaşmışdılar. Mən isə gənc olmağımla yanaşı, fiziki cəhətdən onlardan üstün idim. İndiki nəsil Roberto Karlosun cinahla keçidlərini yaxşı xatırlayır. Karlosun 5-10 il əvvəl etdiyini mən o vaxtlar yerinə yetirirdim. Düzdür, Rəşid də cinahlardan tez-tez keçidlər edirdi. Amma məndə daha yaxşı alınırdı. Çünki, rayon uşağı idim. Biz rayon uşaqları fiziki cəhətdən çox güclü idik. Hesab edin ki, oyunda məni tapdalayanda vecimə almırdım. Mən tapdaladığım futbolçu isə yerdə qalırdı, dura bilmirdi (gülür).
– “Neftçi”də 6 qol vurmusunuz. Az deyildi?
– İndiyə kimi heç bir müdafiəçi mənim qədər qol vurmayıb. 6 qol sizə az gəlməsin. 2 dəfə də kubok oyunlarında fərqlənmişəm.
– Bəlkə bir az dəqiqləşdirək. O vaxt “Neftçi”nin müdafiəçiləri kimlər idi? Götürək Əsgər Abdullayevi...
– Özünü yorma, onsuz da məndən çox qol vuran müdafiəçi tapa bilməyəcəksən. Əsgər cəmi 1 qol vurub. Vilnüsdə “Jalgris” ilə oynayırdıq. Oyun 1:1 hesabı ilə başa çatmışdı və qolu da Əsgər vurmuşdu. Amma çox gözəl qol idi. İsgəndər Cavadov cərimə zərbəsindən asma etdi, Əsgər isə “uçaraq” başla super qol vurdu. Yüz qola dəyərdi.
– Yaxşı, yormayacam. Bəs, “Neftçi”nin heyətində neç oyunda meydana çıxmısınız?
– Ağsaqqal statistikimiz Abbas Əzimov 213 olduğunu deyir. Kubokla bir yerdə 240 civarında olar.
– İlk qolunuzu xatırlayırsınız?
– Əlbəttə. İlk qolumu Tiflisdə “Dinamo”ya vurmuşam. Tarixini də deyə bilərəm – 1980-ci il sentyabrın 13-ü. Yaxşı yadımdadır, “Dinamo”ya bir qapıçı gətirmişdilər, ilk oyununa çıxırdı. Uzaqdan topu “doqquzluğ”a göndərdim. Həmin qoldan sonra qapıçını komandadan göndərdilər. 2:1 hesabı ilə qalib gəlmişdik. O biri qolu isə İsgəndər vurmuşdu.
– Şakir müəllim, evyıxanlığınız da varmış)
– Günah özündə idi. İrəli çıxmayadı. (gülür). Həmin oyundan sonra Gürcüstanda yaşayan azərbaycanlılar bizi Bakıya qayıtmağa qoymadılar. O vaxtlar Bolnisinin 3-cü katibi azərbaycanlı idi. Əl çəkmədi ki, bizim komanda ilə oynamalısınız. Səhərə kimi Tiflisdəki azərbaycanlılar yatmağa imkan vermədilər. Ertəsi gün isə Bolnisinin komandası ilə yoldaşlıq oyununa çıxdıq. Rayonda bizi təmtəraqla qarşıladılar. Bütün evlərin darvazalarının üstündə “Dinamo – Neftçi 1:2” yazılmışdı. Təsəvvür edin ki, avtobusdan paltardəyişmə otağına kimi ayağımız yerə dəymədi. Camaat bizi əllərində aparırdı. Məni də həmçinin. Axı, “Dinamo”ya ilk qolu mən vurmuşdum.
– Həmin oyunun axırı necə oldu?
– Necə olasıdı ki? 1:2 uduzduq. “Dinamo” ilə oyundan sonra halımız qalmımışdı. Üstəlik, gecəni də yatmamışdıq. Həm də “Dinamo” ilə oyunda olduğu kimi can qoymadıq. Əsas bizə qoyulan hörmət idi. Bakıya yola salanda yol tədarükümüzüdən tutmuş hər bir şey etmişdilər. Hətta cibimizə pul da qoymuşdular.
– “Neftçi”də ən çox kimə ürək isindirirdiniz?
– Uşaqların hamısı ilə münasibətim yaşxı idi. Ən çox Əbdülqəni Nurməmmədovla oturub-dururdum. Çünki, xasiyyətlərimiz tuturdu. O da mübarizəni, qalib gəlməyi, sona kimi vuruşmağı xoşlayırdı, mən də. Əsas da sözünün yiyəsi idi. Neçə il onunla otaq yoldaşı olmuşam.
– Uşaqlıqda şəklini cibinizdə gəzdirdiiniz Banişevski ilə ilk görüşünüz yadınızdadır?
– Komandada həmişə özümdən böyüklərə hörmətlə yanaşmağa, kiçiklərə isə həyan olmağa çalışmışam. Banişevskiyə gəlincə, o, mənə böyüklük eləyib, yol göstərib. Onunla ilk görüşüm mənə yuxu kimi gəlirdi. Cəmi bir neçə ay əvvələ kimi onun şəkli ilə yatıb-dururdum. Təkcə onun yox, Tuayev, Kramarenko və digərlərinin də şəkilləri həmişə üstümdə olurdu. Kramarenkodan ötrü ölürdüm. Yaxşı qapıçı olmaqla yanaşı, o qədər “simpatiçni” idi ki, əsl futbolçu “vid”i vardı. Həmin futbolçularla bir yerdə oynayacağıma inanmırdım. Banişevski ilə uzun müddət bir yerdə oynadım, bir dəfə də olsun onu “Tolik” deyə çağırmadım. Ölənə kimi də ona Anatoli Andreyeviç deyə, müraciət edirdim. Bir məqamı da qeyd etmək istəyirəm. Bazaya təzə gələndə “Neftçi”nin futbolçularının məşqini izlədim və özümə bir sual verdim – mənim bu futbolçulardan nəyim əskikdir? Kənardan baxanda hər şey fərqli görünə bilər. Amma komandanın içərisində olanda reallıq ortaya çıxır. 5-10 gündən sonra “Neftçi”nin əsas heyətində oynaya biləcəyimə əmin idim. Sürətim var idi, topla yaxşı rəftar edirdim, hər iki ayağım işlək idi, fiziki güc də öz yerində. Deyəsən, özümü çox təriflədim (gülür).
– Kimə qarşı oynamaq çətin idi?
– Əsasən sürətli hücumçulara. Kiyev “Dinamo”sundan Oleq Bloxin və İqor Belanov, Tiflis “Dinamo”sundan Vladimir Qutsayev, “Şaxtyor”dan Viktor Qraçov... İndi hamı Qaret Beylin sürətindən danışır. Beylin keçidlərindən daha yaxşısını Bloxin eləyirdi. Bekkenbauer, Foqts kimi müdafiəçilər onun qarşısında aciz qalırdılar. Elə götürək Mahallah Əhmədovu. İndi onun kimi sürətli futbolçu var?
– Reynaldo pis qaçmır...
– Reynaldo nə qaçır ki. Müdafiəçi tərpənənə kimi Maşallah ondan 2-3 metr aralanırdı. Maşallaha, İsgəndərə və digərlərinə heykəl qoymaq lazımdır.
– O halda nəyə görə irəli gedə bilmədilər? Azından SSRİ yığmasına dəvət ala bilərdilər.
– İstəyirsən inan, istəyirsən yox, sapı özümüzdən olan baltalar imkan vermirdilər. Yoxsa, nə Maşallah, nə də İsgəndər yığmada oynayanların heç birindən zəif deyildilər. Çoxlarına onların SSRİ yığmasında oynaması sərf eləmirdi. Necə olurdu ki, “Ararat”dan, Tiflis “Dinamo”sundan yığmaya futbolçu çağırırdılar, “Neftçi”dən yox?
– Bəs, hansı futbolçu ilə bir yerdə oynamaq daha rahat olub? Özümüzünküləri nəzərdə tuturam.
– Bir neçəsinin adını çəkə bilərəm. Əli Rəhmanov, Əbdülqəni Nurməmmədov, Asəf Namazov, Səməd Qurbanov... Əsas da Əbdülqəni ilə yaxşı anlaşırdıq. Sağ cinahda top onda olanda dərhal sol cinahdan sürət yığırdım. Çünki, bilirdim topu zonama göndərəcək. Amma topu həmişə fırladırdı, yerə dəyəndə saxlamaq çətin olurdu. Həmişə də deyirdim ki, Əbdülqəni, noolar, “paraşüt” at da, səndən nə gedir? Xeyri yox idi. Yenə də bildiyini edirdi. “Neftçi”nin o vaxtkı futbolçularının demək olar ki, hamısı əsl usta idilər. Elələri ilə oynamağa nə var k? İndiki futbolçulara baxıram, ortada topu alanda 2-3 toxunuş eləməsələr ötürmə vermirlər. O vaxtın futbolçuları top onlara gəlməmiş nə edəcəklərini, kimə ötürəcəklərini bilirdilər.
– “Sümükqıran” deyildiniz?
– Yox, texnikalı futboçu olmuşam. “Kostolom” Rəşid Özbəyov, Əsgər Abdullayev, Mustafa Bilalov idi. Karyeram ərzində 1 dəfə də olsun meydandan qovulmamışam. Doğrudur, bir dəfə qırmızı vərəqə göstəriblər.
Amma oyundan sonra. Matçın komissarı vidoeyazıya baxandan sonra belə bir qərar qəbul etmişdi. Həmin epizodda kobudluqdan söhbət gedə bilməzdi. Sadəcə, rəqibi əlimlə itələmişdim. Qəsdən ayağa zərbə vurmaq, hakim görməyəndə futbolçunu zədələmək... Belə şeylər məndən uzaq olub.
– Veteran futbolçularla söhbətimdə həmişə “Neftçi”nin “Ararat”la oyunları haqda fikirlərini öyrənmişəm. Bəlkə, bir az da bundan danışaq?
– Ermənilərlə oyun həmişə çətin olurdu. Həm İrəvanda, həm də Bakıda. Tiflis “Dinamo”su “Ararat”dan güclü komanda idi. Amma gürcülərlə oyuna rahat çıxırdıq. İrəvandakı “Razdan” stadionu 70 min azarkeş tutumuna malik idi. Dağı yarıb stadion düzəltmişdilər. Bizimlə oyunda ağzınacan dolurdu. Çox maraqlıdır, orada həmişə yaxşı oynayırdıq, amma qalib gələ bilmirdik. Bir dəfə İrəvanda böyük hesabla məğlub olduq – 1:6. İnanırsınız, bəlkə də 20 dəfə real qol şansından istifadə edə bilmədik. Təkbətək çıxdıq vura bilmədik, boş qapıya düşə bilmədik, penaltidən istifadə edə bilmədik. Görün vəziyyyət nə həddə çatmışdı ki, həmişə penaltini yerinə yetirən İqor Ponomaryov sinəsini kənara çəkdi. Yazıq neyləsin, görürdü ki, top qapıdan keçmir. Asim Xudiyev gəldi ki, mən vuracam. Vurdu, amma qol olmadı. Bəxtləri gətirirdi. Futboldu da. Hər dəfə güclü qalib gəlmir ki. Bakıdakı oyunlarda isə bizim üstünlüyümüz var idi. Cəmi 1 dəfə ermənilər Bakıda bizi udublar. Baxmayaraq ki, “Ararat” SSRİ çempionu olub, heç vaxt “Neftçi”dən güclü oyun göstərməyib.
Bir məqama toxunmaq istəyirəm. SSRİ dövründə ilk “10-luğ”a düşmək olduqca çətin idi. 5 Moskva klubu ilə yanaşı, Ukrayna, Pribaltika, Gürcüstanın güclü kollektivlərilə yarışmalı idik. O vaxtlar Əhməd Ələsgərov bizə deyirdi ki, siz bircə dəfə ilk “onluğ”a düşün, adınız Azərbaycanın futbol tarixinə qızıl hərflərlə yazılacaq. İndi yetirmələrimə həmin vaxt haqqında danışanda “Neftçi”nin Avropa çempionatından güclü bir turnirdə mübarizə apardığını söyləyirəm. Doğrudan da, belə idi. Bu gün çox adam deyir ki, futbol dəyişib. Bizim vaxtımızda ləng futbol oynayırdılar, indi isə futbol daha sürətli və baxımlıdır. Boş sözlərdi. O vaxt futbol indikindən qat-qat maraqlı idi. Doğrudur, xeyli fərq var. Amma “müasir” deyə-deyə, futbolu pis günə qoyublar.
“Sözün düzünü dediyimə görə işsizəm”
Bayaq da qeyd etdiyim kimi Şakir Qəribovu 1984-ci ildə bəzi insanların istəyi ilə “Neftçi”dən uzaqlaşdırmışdılar. Həmin insanların xahişi ilə 1986-cı ildə komandaya qayıdan müdafiəçi heç 2 il keçməmiş yenidən haqsızlıqla üzləşir. Səbəbini indiyə kimi də bilmir. 32 yaşı olmasına baxmayaraq formadan düşməyən Şakir müəllim Banişevskinin bir kəlmə sözünə görə yenidən Gəncə “Dinamo”suna qayıdır. Həmin vaxt Gəncə komandasının baş məşqçisi məhz Anatoli Andreyeviç idi. Bir il 2-ci dəstədə Gəncə komandasına kömək edən təcrübəli müdafiəçi mövsüm başa çatdıqdan sonra karyerasını bitirir. Uzun müddət “Neftçi”nin şərəfini qorumuş Şakir müəllimə heç vida matçı da təşkil etmirlər. 15 illik karyerası ərzində qazandığı ev, avtomobil və mebel olur. Birdə ki, şan-şöhrət. Bundan sonra doğma Sabirabada qayıdan Qəribov yerdi “İnşaatçı”da oynayan-məşqçi kimi fəaliyyət göstərməyə başlayır. Ağasəlim Mircavadov və mərhum Ruslan Abdullayev kimi mütəxəssislərdən məsləhətlər alan gənc məşqçinin komandası 1989-cu ildə Azərbaycan çempionu olur.
Şakir müəllim 1982-ci ildə ailə həyatı qurub. Futbolçu olanda özünə söz verib ki, karyerasını bitirəndən sonra evlənəcək. O vaxt yaşlı futbolçular gənclərə evlilərin ailə qayğılarının artdığını, problemlərin çoxaldığını əsas gətirərək gec evlənməyi məsləhət görürdülər. Axı, ailə həyatı karyeralarına pis təsir göstərə bilərdi. Həm də evlənmək üçün gərək babat şəraitin olardı. Amma sevgi imkan verməyib. 27 yaşında sevib-sevilən Şakir müəllim 1983-cü ildə, 27 yaşında ailə həyatı qurub. Bir qızı var.
Söhbətin əvvəlində müsahibimlə futbolumuzun bu günü haqqında müzakirə aparmayacağımızı razılaşdırmışdım. Çünki, bu haqda söhbət saatlarla vaxt apara bilərdi. Amma vədimə naxələf çıxdım. Bir vaxtlar yığma komandalarda işləmiş Şakir müəllimdən niyə bekar qalmasının səbəblərini soruşdum. Demə, kişinin dərdi böyükmüş. Hər halda dediklərini hamısını olmasa da, kiçicik bir hissəsini təqdim edirəm: “Elə insanam ki, arxada danışmağı xoşlamıram. Nə sözüm var üzə deyirəm. Bizim futbolda sözün düzünü üzə deyənləri xoşlamırlar. Ona görə işsizəm. Mənim yetirmələrim indi yığmada oynayırlar – Nizami Hacıyev, Rauf Əliyev, Tural Nərimanov, Maksim Medvedyev, Rahid Əmirquliyev... Bu uşaqları ilk dəfə yığmaya mən gətirmişəm. Onlar soruşmalıdırlar ki, bizim müəllimimiz niyə işsizdir? Adını çəkməyəcəm, bir müddət əvvəl televiziyaların birində qonaq olan yığmanın futbolçularından birindən kimin yetirməsi olduğunu soruşublar. Mənim adımı deməyib. Verilişdən sonra ona bildirəndə ki, utanmırsan, axı, səni futbolçu eləyən Şakir Qəribovdu. Niyə bir dəfə onun adını çəkmirsən? Heç nə deməyib, başını aşağı salıb. Mənimlə yanaşı bir çox mütəxəssislərimizin işsiz qalmasının səbəbkarları bu gün futbolda işləyənlərdir. Bizim məşqçilər gəlmələrin heç birindən zəif, təcrübəsiz deyillər. Hətta, deyərdim ki, çoxlarından güclüdürlər. Neçə il aşağı yaşlı yığmalara rəhbərlik eləmişəm. Mənim vaxtında 17, həmçinin 19 yaşlılar ilk dəfə mərhələ adladılar. Buna görə hansı hörməti qoydular? Sözün düzünü dediyimə görə işsizəm”.
Söhbətləşdi: İlqar TAĞIYEV “Het-trik news” qəzeti