Rövnəq Abdullayevin müşaviri olsaydım...

13:20 - 22 Oktyabr 2014

Təklif edərdim ki...

 

İyirmi ildir düzəlməyən futbolumuzu bir həftə, bir ay, heç bir ilə də düzəltmək mümkün deyil. Ancaq bu gedişlə biz ömrüzün sonuna kimi qapazaltı milli, Avropanın ən aşağı səviyyəli futbol ölkələri kimi yerimizdə sayacağıq. Bu vəziyyəti dəyişmək olarmı? Olar, ancaq bir şərtlə ki, arzu və istəklərimizi yox, mümkün olanı həyata keçirməyə çalışmalıyıq.

 

İndi elə bir durumdur ki, AFFA-nın başında dayanan şəxs həm ölkə rəhbərliyi, həm də klublara rəhbərlik edən iş adamlarının yanında nüfuz sahibi olmalıdır. Bu baxımdan Rövnəq Abdullayevin AFFA-nın rəhbəri olması işin xeyrinədir. Onun əlində maliyyə resursları da kifayət qədərdir, iddiası yerə-göyə sığmayan bəzi klub rəhbərləri də onunla söhbət eləyəndə özlərini yığışdırmalı olurlar.

 

Amma kənardan da, görünən odur ki, bütün vaxtını SOCAR-a ayıran Rövnəq bəyə futbol sahəsində düzgün istiqamət verən yoxdur.

 

Fikirləşirəm ki, onun müşaviri olsaydım, Rövnəq bəyə nələri tövsiyyə edərdim?

 

Təklif edərdim ki, futbolumuzu düzəltmək istəyirsə, birinci AFFA-nın inzibati binasından başlasın. Çünki bu məkan futbolumuzun beyin mərkəzi hesab olunur. Beyin yaxşı işləməyəndə isə, heç bir qərar yerində olmur.

 

Birinci təklifim ondan ibarət olardı ki, Rauf Əliyev və Elşad Nəsirovu vitse-prezident vəzifəsindən uzaqlaşdırsın. Başa düşürəm, qovmaq bir az düzgün alınmır. Necə deyərlər, üz-üzdən utanır. Bu adamları AFFA-nın fəxri üzvləri etsin. Onsuz da onları millinin oyunundan-oyununa görürük. Azarkeş kimi gəlib oyuna baxıb, sonra da çıxıb gedirlər öz iş-güclərinin dalınca. Təsəvvür eləyin ki, AFFA-nın Avropada analoqu yoxdur. Futbol federasiyasının idarəçiliyində bir nəfər də futbol adamı yoxdur. Bu, özü absurd bir şeydir. Vitse-prezident postuna İsgəndər Cavadov, Tahir Süleymanov və Yaşar Sultanov kimi şəxslər təyin olunmalıdır. Və bu adamlar hər gün səhərdən axşama qədər AFFA-da iş yerlərində olmalıdırlar.

 

Yox, deməzdim ki, Elxan Məmmədovu və Ramin Musayevi işdən qovsun. Onlar tutduqları postlarda qala bilərlər. Ancaq...

 

Elxan Məmmədov savadlı insandı. Ancaq onun Azərbaycan futbolunu təkbaşına idarə etməsi kökündən yanlış bir şeydir. Məmmədov futbolumuzda taleyüklü qərarları verməli deyil, o, verilən qərarların icra olunmasına, bu strukturun idarə edilməsinə cavabdeh olmalıdır. Belə olsa, Azərbaycan futbolu Elxan Məmmədovdan da bəhrələnə biləcək. Etiraf eləyək ki, o, strateq olmasa da, yaxşı idarəçidi.

 

PFL-in başında da elə Ramin Musayev qalmalıdır. Hərəsi bir ağılda olan klub rəhbərləri ilə üz-üzə gəlmək sizə asan gəlməsin. Bunu Musayev bacarır, hər adam bacarmaz. Ancaq Hakimlər Komitəsi heç bir halda PFL-ə tabe olmalı deyil. Başqa cürə desək, hakimlərin Musayevlə heç bir bağlantısı qalmalı deyil.

 

Hakimlər Komitəsinə Babək Quliyevin gətirilməsini məsləhət görərdim. Və təklif edərdim ki, o, bilavasitə vitse-prezident vəzifəsini daşıyan Tahir Süleymanovla əlaqədə olsun. Yəni, Quliyevdən hesab sormaq səlahiyyəti yalnız bu sahəni bilən adamda olsun. Hakim-inspektorlar Komitəsi də eyni prinsiplə çalışsın.

 

Millini isə heç düşünmədən Qurban Qurbanova verməyi tövsiyyə edərdim. Ancaq bu təyinatın öz incəlikləri var. Bəli, indiki durumda Foqtsla 9 xal yığırdıqsa, Qurbanovla 10-11 xal yığacağıq və bununla köklü heç nə dəyişməyəcək. Ona görə də, Qurban Qurbanov millidə menecer (İngiltərədə bütün səlahiyyətlərə sahib məşqçi) kimi fəaliyyət göstərməlidir. U-21, U-19, U-17 və digər yığmalara baş məşqçi və bütün digər təyinatları Qurbanov etməlidir. Yığma komandaların oyun sistemini, təlim-məşq toplanışlarını və bütün faəliyyət proqramını Qurban bəy tərtib etməlidir. Milli komandanın inkişaf planı Qurbanovun raportu əsasında müəyyən dövrə ( 5 il və ya başqa bir müddət) hesablanmalıdır. Yalnız bu halda milli inkişaf edə bilər.

 

Mütləq şəkildə AFFA-nın İnkişaf Departamenti yaradılmalıdır.  Bu departamentin əsas fəaliyyət istiqaməti klublarda uşaq futbolunun inkişaf prosesi ilə əlaqəli olmalıdır. Klublarda çalışan idman direktorları mütəmadi bu departamentlə əlaqədə olmalı, görülən işlərlə bağlı hesabat verməli, çətinliklərindən danışmalı, şikayət və tövsiyyələrini bu departamentə deməlidirlər. Ancaq bu departamentdə yalnız futbol adamları çalışmalıdırlar. Heç cür imkan vermək olmaz ki, Elxan Məmmədov bu departamentə öz marketinqçi dostlarını yerləşdirsin. Vise-prezidentlər də bu departamentin fəaliyyəti ilə bağlı mütəmadi raportlar almalı, mövcud durumdakı çatışmazlıqların həlli istiqamətində iş görməlidirlər.

 

Təklif edərdim ki... Yox, burada nəfəs dərmək lazımdır. Problemlər saymaqla bitirki? Bir deyil, iki deyil. Hələ bir AFFA-nı düzəltsin, gerisini sonra deyərəm!

     

Emin ABBASOV

Xəbər xətti