"Sumqayıt"dan irqçiliklə bağlı bəyanat

16:50 - 13 Noyabr 2014

Klub bəyanat yayıb

 

Dünən "Sumqayıt" və "Qəbələ" klubları arasında keçirilən yoxlama oyununda (1:2) xoşagəlməz hadisənin yaşanması barədə xəbər vermişdik.

Sportal.az xəbər verir ki, qarşılaşmanın 40-cı dəqiqəsində stadionda olan bir azarkeş tərəfindən "Qəbələ"nin qara dərili futbolçusu Ekiqo Ehiosuna qarşı təhqiredici ifadələr səsləndirilib.

"Sumqayıt" klubu məsələ ilə bağlı bəyanat yayıb. Klubun rəsmi saytında yayılan bəyanatda deyilir: "Sumqayıt" Futbol Klubu olaraq, bu cür halları pisləyir, hadisənin araşdırılması yönündə işləri davam etdiririk. Güman olunur ki, bu şüar meydanda əyləşən bir azyaşlı tərəfindən səsləndirilib.

Sumqayıt futbolsevərlər şəhəridir, fanatlarımız bu günə qədər daim istənilən rəqibə və futbolçuya hörmətlə yanaşıb. "Sumqayıt" Futbol Klubu belə hərəkətin yolverilməz olduğunu açıqlayır".

Qeyd edək ki, həmin hadisədən bir qədər sonra, daha dəqiq fasilə zamanı klubun rəsmi fan-klubu adıçəkilən futbolçunu alqış sədaları ilə yanlarına çağıraraq ona təskinlik veriblər.

Xəbər xətti