"Ən yaxşısını Mahmud Qurbanov bilir"
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Ceyhun Sultanovun azerisport.az saytına müsahibəsi
- Yığmamız bu gün Norveçdən xal ala biləcək gücdədi?
- Mənə elə gəlir ki, hə. Evdə oynamağımız bizim üçün üstünlükdü. Amma bunun üçün hücum futbolu oynamağımız lazımdı. Ümumiyyətlə, mənə elə gəlir ki, biz yaxşı oyun sərgiləsək, uduzmağımız da üzücü olmaz.
- Sizcə, Mahmud Qurbanov özünü baş məşqçi kimi təsdiqləyə biləcək?
- Buna əminəm. Mahmud həmişə ən yaxşısına çalışıb. Amma mənə elə gəlir ki, onun dəstəyə ehtiyacı var. Hətta uduzsaq belə, onun üstündən xətt çəkmək olmaz.
- Hücum futbolu oynamağımızı istəsəz də, Rauf Əliyev son dövrlər çox zəif çıxış edir...
- Hücum təkcə Raufdan asılı deyil. Mən ümumiyyətlə komanda olaraq hücum futbolu sərgiləməyimizi nəzərdə tuturam. Qolu təkcə Əliyev vurmamalıdı ki. Bizdə Məhəmməd Qurbanov kimi gənc, əla hücumçu var.
- Sizcə, Qurbanovun əsas heyətdə oynamaq şansı var?
- Bunu deyə bilmərəm. Ən yaxşısını Mahmud Qurbanov bilir.
- Norveçə nəyin sayəsində qalib gələ bilərik?
- Onların asmalarını neytrallaşdırmaq lazımdı. Ucaboy futbolçuları çoxdu, "ikinci mərtəbədə" oynamağı sevirlər. Bizə isə hücumda sürətli oynamaq lazımdı. Belə olan halda yaxşı nəticəyə ümid etmək olar.