"Stadionumuzu onların sərəncamına verməyə hazırıq"
"Neftçi" klubu Azərbaycan Premyer Liqasının 13-cü turunda qarşılaşacaqları "Xəzər Lənkəran"ın matçın Bakıda keçirilməsi ilə bağlı müraciətinə mənfi cavab verib.
Bu barədə Qol.Az-a açıqlamasında "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Klub rəsmisi Lənkəran təmsilçisinin müraciətinə mənfi cavab vermələrini belə əsaslandırıb: "Xəzər Lənkəran"la istənilən stadionda oynamağa hazırıq. Lakin nominal ev sahibi "Xəzər Lənkəran" klubu olmalıdır. Bu addımı məşqçilərin, futbolçuların və azarkeşlərin istəyi ilə idman prinsiplərinin qorunması üçün atdıq. Əgər "Xəzər Lənkəran"ın stadionla bağlı problemi varsa, klubumuzun balansında olan İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu onların sərəncamına verməyə hazırıq".
Qeyd edək ki, "Xəzər Lənkəran" klubu Lənkəran stadionunun ot örtüyünün yenilənməsi ilə əlaqədar bu qarşılaşmanın Bakıda keçirilməsi üçün “Neftçi”yə müraciət edib. Müraciətdə meydan sahibi rolunda “Neftçi”nin çıxış etməsi istənilib.