"Ümid edirəm ki, bu dəfə biz qalib olacağıq"
Ötən mövsümün sonunda “Xəzər Lənkəran”ın transferə çıxardığı, lakin özünə klub tapa bilmədiyi üçün yenidən cənub təmsilçisinə qayıdan xorvatiyalı qapıçı Vyekoslav Tomiçin apasport.az saytına müsahibəsi.
- “Xəzər Lənkəran”a dönüşünüz necə baş verdi?
- Klubla müqaviləm var. Rəhbərlik geri dönməyimi istədi və mən də qayıtdım.
- Ötən mövsümün sonunda transferə çıxarılsanız da, heç bir komandaya keçə bilmədiniz...
- Həmin vaxt bütün futbolçular kimi, mən də öz evimə, Xorvatiyaya getdim. Yeni mövsüm başladı, amma “Xəzər Lənkəran”dan heç kim mənə zəng eləmədi. Gözlədim, heç özümə klub axtarmadım. İndi zəng elədilər ki, sənə ehtiyac var.
- Əgər klubdan sənə zəng etməsəydilər, müqaviləniz bitənə qədər gözləyəcəkdiniz?
- Bəli. Əgər “Xəzər Lənkəran”dan maaş alıramsa, müqaviləm varsa, necə başqa klub axtara bilərəm?
- Geri dönərkən, komandada hansı dəyişiklikləri gördünüz?
- Sadəcə, baş məşqçi dəyişikliyi gördüm. O vaxt bu postda Mustafa Dənizli idi, indi isə Oğuz Çətin.
- Oğuz Çətin haqqında fikirləriniz necədi?
- Təcrübəlidi. Düşünürəm ki, “Xəzər Lənkəran” onunla uğur qazana bilər.
- Gələnədək “Xəzər Lənkəran”ın cari mövsümdəki nəticələri ilə tanış idiniz?
- “Xəzər Lənkəran” çempionata heç də yaxşı başlamayıb. Uğursuz start verib. Amma son oyunlarda qalib gəlmələri təbii ki, ümidvericidi. Qarşıda 2 vacib oyunumuz var. Noyabrın 20-də “İnter”, 24-də isə “Neftçi” ilə qarşılaşacağıq. Bu matçlar bizim hansı gücdə olduğumuzu göstərəcək.
- “İnter”lə matçdan nə gözləyirsiniz?
- Əlbəttə ki, istənilən komanda qələbə qazanmaq istəyir. Meydana 3 xal üçün çıxacağıq. “İnter” Azərbaycanın 3 ən güclü komandasından biridi. Əgər qələbə qazana bilsək, bu çox yaxşı nəticə olacaq.
- “İnter”lə oyunlar həmişə “Xəzər Lənkəran” üçün çətin olub...
- Düzdü, “İnter” müdafiəyə daha çox diqqət ayırır. Amma ola bilər ki, oyunun taleyini 1 qol həll etsin.
- XIII turda isə “Neftçi” ilə üz-üzə gələcəksiniz. “Xəzər Lənkəran” çoxdandı əzəli rəqibi ilə görüşdə qələbə qazana bilmir...
- Ümid edirəm ki, bu dəfə biz qalib olacağıq.
- Amma qarşılaşma Bakıda keçiriləcək. Bu, sizə çətinlik yaradacaq?
- Təbii ki, asan olmayacaq. Biz də istərdik ki, doğma şəhərdə oynayaq. “Neftçi” ilə keçiriləcək oyunda nominal meydan sahibi göstərilsək də, bizim üçün səfər matçı olacaq.
- “Araz-Naxçıvan” klubunun dağılmasından xəbəriniz var?
- Var. Ömrümdə görmədiyim vəziyyətlə Azərbaycanda rastlaşdım. Anlamıram ki, bir klub nə üçün çempionatın ilk yarısında çıxışını dayandırsın. Burada qəribə şeylər gördüm.
saytlarin hazirlanmasi