"Heç vaxt belə bir şey görməmişəm"
“Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Dodonun apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının XII turunda səfərdə AZAL-la qarşılaşacaqsınız. Görüş barədə nə deyə bilərsiniz?
- Əsas məqsədimiz qələbə qazanmaqdı. Bu, asan olmasa da, qeyri-mümkün deyil. Qarşılaşmaya ciddi hazırlaşmışıq. Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik. AZAL da meydana 3 xal üçün çıxacaq. Çünki qələbə onlara da çox lazımdı. Lakin biz əlimizdən gələni edəcəyik ki, aktivimizə 3 xal yazaq.
- Bir çox komandalar AZAL-ın stadionunun süni ot örtüyünün bərbad vəziyyətindən şikayət edirlər.
- Mən 4 ildir Azərbaycandayam. O qədər süni örtüklü meydançada oynamışam ki, artıq çətinlik yaşamıram. Ola bilsin ki, digər futbolçular üçün müəyyən problemlər olsun.
- Milli komandaların oyununa görə 18 günlük fasilə yarandı. Bundan necə istifadə etdiniz?
- Mənim üçün ciddi heç bir şey olmadı. Ən çox ona sevindim ki, ailəmlə normal vaxt keçirdim. Həyat yoldaşım və oğluma vaxt ayıra bildim. Ən əsası, bu fasilədən istifadə edib lazımı hazırlıqlar keçdik. Baş məşqçimiz bizə tapşırıqlar verdi, bundan öncə buraxdığımız səhvlər üzərində işlədik. Məncə, fasilədəki hazırlığımız AZAL-la oyunda öz müsbət nəticəsini göstərəcək.
- “Araz Naxçıvan” klubunun dağılması ən çox “Qəbəbə”nin ziyanına işlədi. Bunu necə qarşıladız?
- Həqiqətən, bizim üçün çox pis oldu. Məncə, qaydalar heç də düzgün deyil. Çünki biz 6 xal itirdik və bu xalları bərpa etmək üçün daha 2 oyun keçirməliyik və mütləq qələbə qazanmalıyıq. Bu qəbuledilməz bir şeydi. Bəlkə I diviziondan komanda gələ bilərdi. Xalların silinməsi yaxşı hal deyil. Komandaların vəziyyətini də nəzərə almaq lazım idi.
- Bu AZAL-la oyunda komandanızın motivasiyasına təsir edə bilər?
- Təsir edib-etmədiyini oyun keçirilən zaman görəcəyik. Amma çalışacağıq ki, matça köklənək və qələbə qazanaq. Futbolda sürprizlər həmişə olur. Hər zaman yeniliklə qarşılaşmağa hazır olmalıyıq.
- Əvvəllər heç belə vəziyyətlə qarşılaşmısız?
- Yox. Heç vaxt belə bir şey görməmişəm. “Qəbələ”yə əlavə çətinlik yarandı. Biz IV pillədə idik, indi isə V yerə düşdük.
saytlarin hazirlanmasi