Məşqçilikdən insanlığa qədər olan uçurum

14:15 - 21 Noyabr 2014

Kaxaber Sxadadze nümunəsi

 

Çoxları onu bəyənmir, özündənrazı və eqoist sayır. Bu xüsusiyyətlər Kaxaber Sxadadzedə elə deyilən qədər var.

 

Ancaq nə qədər təəccüblü səslənsə də, mənim bu insana həmişə simpatiyam olub. Ona bir məşçqi kimi həmişə hörmət bəsləmişəm. Saxadadze ilə tanışlığım hələ “Standard”ı çalışdırdığı dönəmlərə təsadüf eləyir. Onun “Standard”ı iddialı deyildi, amma olduqca baxımlı futbol sərgiləyirdi. Bu adamın işinə olan marağım gündən-günə artırdı.

 

Zaman göstərdi ki, Kaxa Azərbaycana gəlib-getmiş iki ən güclü əcnəbidən biridi. Bura pul qazanmaq dalınca gələnlərdən bir Kaxa, bir də Mirça Rednik məşqçilik səviyyəsini ortaya qoya bilib. Avroliqada “İnter”in azlıqda 120 dəqiqə “Elfsborq”a qarşı göstərdiyi oyun da Sxadadzenin məşqçilik bacarığı sayəsindəydi.

 

Ancaq Kaxa məşqçiliyi ilə çoxlarına nümunə olsa da, insanlığı barədə eyni sözləri demək olmur. Düzü, bu illər ərzində onunla elə də çox ünsiyyətim olmayıb. Tədbirdən-tədbirə üz-üzə gələndə də, həmişə mənə hörmətlə yanaşıb. Amma həmişə də eşitmişəm ki, onun haqqında “adamlığı yoxdur” deyiblər.

 

Əbəs yerə deməyiblər ki, alim olmaq asandı, adam olmaq çətin.

 

Sxadadzenin növbəti ədəbsizliyi “Xəzər Lənkəran”la oyundan sonra olub. Rəqib komandanın məşqçilərinə qeyri-etik jest göstərib, Yunis Hüseynova yumruq atıb.

 

Onsuz da, “İnter” bu ölkədə heç vaxt sevilən klublar sırasında olmayıb. Cahangir Hacıyevin ərsəyə gətirdiyi bu klub həmişə əcnəbilərin sosial rifahını yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş layihəyə bənzəyib. Bu klub məhz Sxadadzenin işi sayəsində az-çox diqqət cəlb eləyə bilib. Amma bu gün Sxadadze özü yaratdığını öz əli ilə dəfn etməkdədir, özü də ildırım sürətiylə.

 

Onun adı artıq mətbuatın “qara siyahısına” düşüb və çoxları onun qovulmasını istəyir. Mən isə istəyirəm ki, o, adam olsun. Ən azı ictimai tədbirlərdə özünü apara bilsin. Çünki çempionatımızın olan-qalan səviyyəsini saxlamaq üçün Sxadadze kimi məşqçilərə də ehtiyac var. Sxadadze düzəlməlidir ki, nə biz onu itirək, nə də o bizi.       

 

Emin ABBASOV

Xəbər xətti