(II HİSSƏ)
I HİSSƏ (http://sportal.az/news/89319)
Zaqatala futboluna aid reportajımızın ilk hissəsini təqdim etmişdik. İlk hissədə UGİM-i rəhbəri Əsgər Məmmədovun düşüncələrini nəzərinizə çatdırmışdıq. Reportajımızın ikinci hissəsi ilə tanış ola bilərsiz...
“Balaca rayondu, hər adamda da futbol qabiliyyəti ola bilməz axı”
Hazırlıqların necə keçməsini daha yaxından öyrənmək yaxşı olardı. UGİM-in “C” kateqoriyalı çalışdırıcısı Rafael Musayev bu və digər suallarımıza cavab verməklə bizi sözügedən məsələlərlə yaxından tanış etdi:
“Hazırda 2006 və 2007 təvəllüdlü uşaqlara məşq keçirəm. Ümumiyyətlə uşaq çoxdu. Futbol da elə bir şeydi ki, hər dəqiqə seleksiya aparmaq lazımdı. Balaca rayondu, hər adamda da futbol qabiliyyəti ola bilməz axı. Ona görə də seleksiya çox gedir. Çalışıram gələcək üçün yaxşı olsun. İstedadlı uşaqlar çıxarmışıq üzə. İnanırsız, mən tətilə çıxmamışam. Fikirləşə bilərsiz ki, hansısa maddiyata uymuşam, amma belə deyil. Uşaqların xatirinə tətilə getməmişəm. Çünki gəlirlər, mən də xətirlərinə dəymirəm. Bilirsiz necədi? Uşaqları buraxıram, amma yenidən yığılanda proses çətin gedir. Ona görə də buraxmıram, gələnləri də qəbul edirəm. Seleksiyaya çoxdan başlamışıq. Hazırda 30-dan çox uşaq var. Amma rəsmi şəkildə 20 nəfər olur. Digərləri yaşda balacadı, onlara da təlim keçirəm ki, lazımi mərhələyə çatsınlar. Rəsmi 20 nəfərimiz var və yarışlara çıxarmaq üçün sifariş vermişəm. Şənbə günü oynayırlar, dərslərə mane olmur. Uşaqları əsasən məktəblərdən götürürük. Kənardan baxıram, xoşuma gələnləri dəvət edirəm. Futbolda perspektiv odu ki, uşağın qabiliyyəti mütləq olmalıdı. Bu güləş deyil ki, fəndlər öyrədim. İdman məktəbində müxtəlif yaş qrupları olur. 10 yaşından da götürmək olar. Çünki təlim saatları da azdı. Həm də valideynlə anlaşmaq çətindi. Əlbəttə, bir pedaqoq kimi, valideynlərə başa salıram. Müəlliməmsə, uşaqlar da məni başa düşməli, sevməlidilər”.
“Ləvazimatlar, top və formalarla bağlı çətinliklər olur”
Əsgər bəy açıqlamasında komandaların top, geyim dəstləri və digər ləvazimatlarla təmin edildiyini bildirsə də, Musayev əksini düşünür. Sən demə heç də belə deyilmiş. Müəyyən problemlər var ki, özünü qabarıq şəkildə göstərir: “Ləvazimatlar, top və formalarla bağlı çətinliklər olur. Mən də öz nüfuzumdan yararlanıb müəyyən qurumlardan, şəxslərdən xahiş edirəm. Əsgər müəllim də hardansa tapır gətirir. Siz təsəvvür edin, hər uşağa bir top lazımdı. Çalışırıq bunların hamısını yoluna qoyaq. Yəni, əsas ləvazimatla bağlıdı. Çalışıram ki, uşaqlar bütün oyunlara forma ilə çıxsınlar. Fikirləşə bilərsiz ki, uşaqlardan pul alıram, amma belə deyil. Qətiyyən belə söhbət ola bilməz. Tanışlığım, nüfuzum vasitəsilə tapıram. İstənilən halda, bütün dövrlərdə olduğu kimi xırda çətinliklər var. Yoluna qoyuruq, hansısa şəkildə tapılmalıdı. İşin içindəyəmsə, heç kimə söz gəlməməsi üçün tapıb yoluna qoymalıyam”.
Son vaxtlar uşaq futboluna marağın artmasını Rafael bəy də təsdiqlədi. Onun sözlərinə görə: “Uşaqlarda futbola çox böyük maraq var. Amma bununla yanaşı istedad da olmalıdı. Heç olmasa qabiliyyət olmalıdı ki, onu inkişaf etdirəsən. Əlbəttə, Premyer Liqada Zaqatala təmsilçisinin olmaması marağa təsir edir. Mən “Simurq”da da çalışmışam. O ab-havanı siz də yaxşı başa düşərsiz ki, həmin vaxt valideynlər nə düşünürdü. Çalışrdılar ki, uşaqları “Simurq”a düşsün, böyüyəndə o komandada oynasın. Belə psixoloji hallar var. İndiki durumda isə düşüncələr fərqlidi. Yaxşı ki, birinci divizionda iştirak edən “Zaqatala” var. Oyunlarına baxıram, uşaqlarda da həvəs artır. Məncə, belə olmalıdı”.
Məşq sistemləri, valideyn və məşqçilərin münasibətləri
Şübhəsiz, hər məşqçinin öz sistemi olmaqla yanaşı, hər yaş qrupuna uyğun da məşqlər keçirilməlidi. Bəzi məşqçilər var ki, bu kimi məşqləri bir qədər qarışdırırlar. Yəni fərq qoymurlar. Amma təcrübəli çalışdırıcının düşüncələri başqadı: “Bu haqda sizə məlumat verim. Yeni gələnlə bir il məşğul olan uşaq eyni səviyyədə oynaya bilməz. Yeni gələnlər futbolun təməl texnikasını başa düşməlidi. Məsələn, topu saxlamaq və özü ilə aparmaq. Bunları bacarmırsa, deməli uşaq inkişaf edə bilməz. Təməl texnika düzgün keçirilməlidi. Əlbəttə, böyük yaşlıların proqramı keçilsə onlar heç bir şey başa düşməz. Uşaq mərhələ adlamalıdı”.
“Maraqlıdı, digər məşqçilər gəlib zaqatalalı uşaqların məşqlərini izləyirlərmi? Ən azı birinci divizionda çıxış edən “Zaqatala”nın məşqçilərindən kimsə davamlı şəkildə uşaqlara nəzarət edirmi?” sualına Rafael müəllim belə cavab verdi: “Premyer Liqada 10 yaş qrupu mütləq olmalıdı. Amma birinci divizionda buna önəm vermirlər. Buna baxmayaraq, rəhbərlik qrupları təklif edir. Sizi aldatmayacam, həmişə olmasa da, ayrı-ayrı vaxtlarda “Zaqatala” məşqçiləri gəlib izləyirlər. Elə Əsgər müəllim də kənardan izləyir. Hər şey halal, düzgün olmalıdı”.
Rafael bəy valideynlərin gəlib uşaqlrın məşqlərini izləməsini və uşaqların məşqçiləri ilə fikir mübadiləsi aparmaqlarını təqdirəlayiq hesab edir: “Bəzi valideynlər gəlib uşaqların məşqlərini izləyirlər. Eləsi olur, deyir ki, “bilirəm uşağımın perspektivi yoxdu, heç olmasa icazə verin o birilərin yanında oynasın”. Bəziləri gəlib perspektiv olub-olmadığını soruşur. Hamısını onlara anladıram. Bir məsələ də var. Uşaqlar məşq vaxtı intizama riayət edirlər, çərçivədən kənara çıxa bilmirlər, bu da beyinlərinə həkk olunur və pis vərdişlərdən uzaqlaşırlar, yəni, başları təmiz olur. Axı bu cəmiyyətimiz üçün də faydalı haldı. Valideynlərə hər şeyi düzgün deyirəm. Uşaqda kiçik bir işartı varsa onu bildirirəm”.
“Qəbələ” onlar üçün yığma sayılır
Məlum olduğu kimi, Azərbaycanda aşağı yaş qruplarından ibarət yığmalar da var. Hər halda Zaqatala da yığma məşqçilərinin, seleksiyaçıların diqqətini cəlb etməlidi. Ancaq burdan uşaqlar daha çox Qəbələyə getməyə maraq göstərirlər. Bunun da səbələri aydındı. Hər cür şərait var, futbolçu olmaq və irəli getmək perspektivi böyükdü. Bu üzdən “Qəbələ” yaxın bölgələr üçün elə bir növ yığma kimi qəbul edilir. Bu reallığı Rafael müəllim də təsdiqlədi: “Qəbələ” Futbol Akademiyasında çox yetirməm olub. Elə vaxt olub ki, bir ildə 5-6 nəfər vermişəm. Bilirsiz ki, ora da qabiliyyətli uşaqları dəvət edirlər. Hazırda Cuma Hüseynov adlı yetirməm Qəbələ Futbol Akademiyasındadı. Özü də perspektivli uşaqdı. “Qəbələ” özü elə yığma kimidi. Bütün yaş qrupu üzrə yığmalarımızın da özəyini onlar təşkil edirlər. Yığma məşqçiləri olmasa da, “Səbail”, “İnter”, “Vətən” və sair digər klubların məşqçiləri izləyir. Onlar təlim-məşq toplanışı üçün öz komandalarını Zaqatalaya gətirirlər. Elə vaxt olub yoldaşlıq görüşü də keçirmişik. Həmin vaxt da uşaqlarımızı izləyirlər. Hazırda Zaqatala futbolunun yetirmələri, “Neftçi”də, “İnter”də, “Qarabağ”da da var. Yeni yaradılan “Leon”a da uşaq göndərmişik. Zaqatala futbol ənənəsi olan bölgədi, burada çox istedalar yetişib. Futbol oynamağı bacarırlar. Ona görə də qəbul edirlər. Daha çox “Qəbələ”yə uşaq göndəririk. Yarışlar zamanı uşaqlarımızı izləyirlər, bəyəndikləri olanda dəvət edirlər Akademiyaya, yerində seleksiya edirlər. Hər il bəyənilən oyunçuların sayı 2-3 nəfərdən artıq ola bilməz, çünki futbol belədi. Çətin oyundu, ağıl lazımdı. Həm də onlar özləri gəlib bəyənməlidilər. Buna baxmayaraq bəzən özümüz də ora uşaq göndəririk. Bəyəndiklərini seçirlər. Digərləri qayıdır öz komandamıza. Hazırda 2006 təvəllüdlü futbolçulardan bir nəfər “Qəbələ”dədi. Onlar da birinci yeri tutublar”.
“Rəhbərlik yetişdirdiyim futbolçuların əvəzində mənə heç nə verməyib”
Hər bir məşqçi yetişdirdiyi uşağı başqa kluba satacağı təqirdə şübhəsiz ki, əziyyətinin bəhrəsini görməlidi. Çünki futbolçu yetişdirmək heç də asan məsələ deyil və böyük əziyyət tələb edir. Bu zəhmətin isə qarşılığı mütləq olmalıdı. İstər ölkənin istərsə də beynəlxalq futbol qurumlarının tövsiyəsi var və bu artıq qayda halına salınıb. Amma deyəsən Zaqatalada “qaydalar” başqa cürdü. Orada məşqçi yetişdirdiyi uşağa görə heç nə almır. Daha doğrusu uşağı alan klub UGİM-ə pul ödəsə də məşqçiyə heç nə vermirlər. Hər halda bunu Rəfael bəy özü bizə söylədi: “Baxın, əvvəlki illərdə də 5-6 futbolçu vermişəm. Həqiqətən də “Qəbələ”nin İdman Akademiyası pul verib. Amma rəhbərlik mənə heç nə verməyib. Futbolda belə qanun, hallalıq deyilən bir şey var. Rəhbərliyə də narazılığımı bildirmişəm, amma, nə bilim... Daha onlar geridə qaldı, “qatar getdi” (gülür). Əlbəttə bu da müəyyən mənada mənə psixoloji təsir edir. Halallıq olmalıdı, məşqçilər həvəsləndirilməlidi. Amma hələ ki, ortada heç nə yoxdu. Evində min bir əziyyətlə yetişdirdiyin futbolçunu kimsə aparsın satsın pulunu da qoysun cibinə. Adama təsir eləməzmi? Hamı istəyir ki, evinə çörək aparsın. Aldığım maaş çox aşağıdı, saatlarımı azaldıblar. Yəni rəhbərlik elə məsləhət görübsə, biz nə deyə bilərik? Respublika səviyyəsində olan bir şeydi. Saatlarım çox olsaydı, daha da həvəsli olardım. Onsuz da həvəsim var, futbolun “manyak”ıyam. Başqa cür ola bilməz”.
Problemlərin ümumi mənzərəsi
Bu da Zaqatala futbolundan araşdırıb üzə çıxardıqlarımız. Üzücü durumdu deyilmi? Bölgədə futbola maraq var, həvəsli uşaqlar yetərincədi. Amma bu kimi problemlər heç də xoş görünmür. Məsələn, məşqçi niyə yetişdirdiyi futbolçunun qarşılığını görməməlidi? Axı əziyyət çəkib, illərini sərf edib bu işə. Amma təkcə 300 manatla dolanmaq, quru maaşla indiki zəmanədə ailə saxlamaq mümkündümü? Ölkədə hökm sürən sosial problemlər, işsizlik və kasıbçılığın fonunda bu qədər əziyyət çəkib futbolçu yetişdirən insan ən azı normal şəkildə dolanmalıdı.
Söhbətimiz zamanı Əsgər bəy bildirdi ki, məşqçiləri kateqoriya almağa göndərsələr də, onlar imtahandan keçə bilmir. Bu da ayrı problemdi. Ümumiyyətlə, ölkədə savadsız məşqçilər kifayət qədərdi. Bu üzdən də uşaq futbolunda kadr baxımından ciddi problemlər var. Müasir dövrlə ayaqlaşa biləcək müəllimlərin və uşaq məşqçilərinin sayı o qədər də çox deyil. Nəticədə bəzi yerlərdə kiçik yaşlarından uşaqlara düzgün məşqlər keçilmir, lazımlı istiqamətə yönləndirilmir.
Digər məqam ondan ibarətdi ki, seleksiyaçı məşqçilər uşaqlara yerində baxmağa can yandırmır. Məsələn, ən azı ayda 1-2 dəfə hansısa bölgəyə səfər edib yeni istedadlar üzə çıxarmaq olar. Xüsusən də aşağı yaş qrupundan ibarət yığmalarımızın məşqçiləri bunu etməlidi. Amma UGİM-də çalışan Rafael bəyin dediklərindən belə anladıq ki, nəinki kənarda fəaliyyət göstərənlər, heç “Zaqatala”nın öz məşqçiləri də uşaqların məşqlərinə baxıb başlarını yormaq istəmirlər. Daha doğrusu, hərdənbir baxmaqla vaxtlarını keçirilər.
Azərbaycanda uşaq futbolunda problemlər kifayət qədərdir. Sevindirici məqam ondan ibarətdi ki, bölgələrdə futbolçu kimi özünə yer tapmaq arzusu olan uşaqlar çoxdu. Hər şeyə rəğmən gəlirlər, məşqlərdə iştirak edirlər, ən əsası cəmiyyət üçün faydalı olmaq yönündə addım atırlar. Stadion, şərait baxımından da Zaqatalada ciddi problemlər yoxdu. Bu bölgədə “Simurq” kimi Premyer Liqa komandası olsa, Zaqatalanın Azərbaycan futboluna faydasının ikiqat arta biləcəyinə şübhə yoxdu!
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”
Həmid
Sportal.az
Zaqatala