"Şüvəlan" Premyer Liqaya hazırlaşır: "Niyə də elitada çıxış etməyək?"

"Hələ ki, seleksiya xarakterli hazırlıqlar gedir. Futbolçuların durumuna baxırıq. İkinci dövrəyə hazırlaşırıq. Futbolçular arasında seçim edirik. Çalışırıq ki, komandanı gücləndirək".

 

Sportal.az saytına açıqlamasında bu sözləri I Divizion təmsilçisi "Şüvəlan"ın yeni baş məşqçisi Adil Şükürov söyləyib. 41 yaşlı mütəxəssis qəsəbə klubundakı planları barədə danışıb: 

 

"Zirə"də gördüyümüz işlərin nümunəsi olaraq, "Şüvəlan" rəhbərliyi bizi dəvət etdi. Akademiya qurmaq istəyirik. Hər yaş üzrə komanda yaratmaq fikrimiz var. Əsas komandanı da qurmaq niyyətindəyik. "Şüvəlan"a ona görə gəldim ki, rəhbərliyin istəyilə burada akademiya formalaşdıraq. Əsas diqqətimizi bu işlərə yönəltmişik ki, seçimlərimiz düz olsun".

 

Gənc mütəxəssis komandanın I Diviziondakı hədəfindən söz açıb: "I Divizionda hədəfimiz bacardığımız qədər irəli getməkdir. 3-cü yerlə aramızda 3 xal, liderdən isə 10 xal fərq var. Hədəfimiz yuxarı pillələrdə qərarlaşmaqdır, baş məşqçi kimi buna çalışacam".

 

Adil Şükürov komandanı həm də Premyer Liqaya hazırladıqlarını bildirib:

 

"Burada lisenziya məsələləri var. Bunları indidən yoluna qoymaq lazımdır. Kluba akademiyanı daha da formalaşdırmaq üçün gəlmişəm. İndi aşağı yaş qruplarından ibarət iki komandamız var. Çalışacağıq ki, digər komandaları da yaradaq. Lisenziyalaşdırmanın şərtlərinə uyğun aşağı yaş komandaları olmalıdır. Ən azından "Şüvəlan"da bunu etməyə çalışacağıq. Çətin olsa da, bu işi həll etməliyik. Ancaq Premyer Liqada çıxış edib-etməmək bizə bağlı deyil, rəhbərliyə aiddir. Maliyyə cəhətdən də komanda hazır olmalıdır. Əgər bu da olsa, "Şüvəlan" niyə də Premyer Liqada çıxış etməsin? Çünki bu komanda əvvələr elitada oynayıb. Komanda və akademiya formalaşdırmaq yönündə çalışırıq. Lisenizyalaşdırma işlərini və maliyyəni həll yoluna qoysaq, Premyer Liqada oynamaq üçün maneə qalmır".

Tarix: 18 Yanvar [17:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Sentyabr 2019
15  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio