"Düşünürlər ki, bu gedişlə Kamran Ağayev yığmada yerini itirəcək"

Azərbaycan Premyer Liqasının 15-ci turunda qapıçıların səhvləriylə də yadda qaldı.

 

Sportal.az-a açıqlama verən milli komandamızın sabiq qolkiperi Hüseyn Məhəmmədov öncə "Keşlə" - "Səbail" (0:3) matçında kobud səhvlərlə yadda qalan Kamran Ağayevin çıxışından danışıb:

 

"Kamranın oyunda etdiyi səhvlər millinin qapıçısı kimi ona xas deyil. Təbii ki, mütəxəssislər və azarkeşlər Ağayevdən belə səhvi gözləmir. Ancaq futboldur, hər bir mövqeydə oyunçu səhv edir. Kamran uzun illərdir yığmada qapını qoruyur. Deyərdim ki, hamı ondan belə səhv gözləmir. Belə bir şey olanda isə hamı düşünür ki, Kamran zəifləyib, qapıda etibarlı deyil. Futbolda qapıçı səhv edə bilər. Artıq hamıda belə bir fikir formalaşır ki, bu gedişlə Kamran yığmada yerini itirəcək. Ancaq buna inanmıram. Ağayevə böyük simpatiyam var. Buna baxmayaraq, çalışmalıdır ki, bu səhvlər təkrarlanmasın. Çünki belə davam etsə, mövqeyini də əldən verə bilər. İnanıram ki, o, gələcəkdə bu cür səhvlə yadda qalmaz".

 

via GIPHY

 

 

Mütəxəssis "Qarabağ" - "Neftçi" (1:1) matçında Ağdam klubunun qapısını qoruyan Şahrudin Məhəmmədəliyevin oyunu barədə də fikirlərini bölüşüb: 

 

"Qurban müəllim cari mövsüm çempionatın əksər oyunlarında Şahrudin Məhəmmədəliyevə şans verir. Avrokuboklarda isə legionerlərə etibar edilir. Ona şans verilməsinin səbəbi də futbolçu qıtlığıdır. Yəqin ki, Qurban Qurbanov legioner limitini qapıda itirmək istəmədiyi üçün belə bir addım atır. Belə şans da hər qapıçıya düşmür. "Qarabağ" - "Neftçi" oyununu stadiondan izlədim. Ola bilər derbinin həyəcanından irəli gəlirdi. "Şaxtyor"la oyunda da Şahrudin bir neçə səhv etmişdi. Ancaq səhvlər də futbolun içində olur. Qurban Qurbanov sağ olsun, yerli qapıçıya bu qədər şans verir, ancaq özünü çərçivədə daha rahat hiss etməlidir. U-21-də oynayıb, əsas yığmaya dəvət alır. Gərək, bu oyunda etimadı doğruldardı. "Qarabağ" gözlənilməz qol buraxdı. Qapıçı komandanın yarısı olmalıdır. Bu qədər şans verilməyin qarşılığında sərbəst olmaq lazımdır. Belə bir formada davam etsə, inanmıram ki, Qurban Qurbanov ona şans versin".

 

via GIPHY

 

 

Veteran futbolçu "Səbail"dən Qazaxıstanın "Tobol" klubuna transfer olan millimizin qapıçısı Emil Balayevin keçidiylə bağlı bunları söyləyib:

 

"Emil Balayev tanıdığımız gənclərdən biridir. Növbəti dəfə legioner həyatı yaşayacaq. Qapı mövqeyində rəqabət daha məsuliyyətli olur. Qazaxıstan və Azərbaycan çempionatlarının fərqi var. Orada hava toplarından bir az çox istifadə edilir. Buna görə də qapıçılar tez-tez iş başında olur. Hər şey özündən asılı olacaq. Kənarda oynasa, özü və millimiz üçün yaxşı olacaq. Onun oyunlarını izləmişəm. Üzərində çalışıb, yerini möhkəmləndirməlidir. Əgər legionersənsə, yerli futbolçudan birbaş üstün olmalısan ki, sənə etibar edilsin".

 

Mehman Əşrəfov

Tarix: 6 Fevral [00:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Sentyabr 2019
15  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio