“Qarabağ”lı futbolçuların fədakarlığı – 700 bilet necə alındı?

18:15 - 15 May 2019

Əvvəlcə məsələnin məğzi – “Qarabağ” fanatları üçün 700 bileti oyunçular atışıb alıblar. Bəli, bəli. Məhz atışıb alıblar. Daha da dəqiqi, futbolçular onlara çatacaq çempionluq mükafatının müəyyən hissəsindən imtina ediblər.

 

İndi isə detallar...

 

Futbol üzrə ölkə çempionatının son oyununda ev sahibi olan “Neftçi” biletə 50 manat qiymət qoydu. Niyə, nə məqsədlə? Məni bu sualların cavabı qəti maraqlandırmır. Məni maraqlandıran “Qarabağ” fanatlarının bu oyunda doğma komandaya dəstək verməsinə yaradılan şərait idi. Və bu şərait yaradıldı.

 

Oyuna çox az bir vaxt qalmış qəbul edilən bu qərar doğrudan da ciddi narazılıq yaratdı. Heç kim bu qərarı təqdir etmədi. Sonradan baş verənlər elə bir durum yaratdı ki, hətta “Neftçi” fanatları da bu qərara görə öz doğma klubunu qınadı.

 

Bu yerdə bir haşiyəyə də çıxım. “Neftçi”nin biletin qiyməti ilə bağlı qərarı elan olunandan sonra müxtəlif təkliflər səsləndi. Onlar arasında diqqətimi çəkənlərdən biri tanınmış PR mütəxəssisi Nəsimi Paşayevdən gəldi. Nəsimi Paşayev “Qarabağ” fanatlarına oyuna getməməyi və “Qarabağ”ın doğma meydanında iri monitorlarda oyunu izləməyi və çempionluq sevincini də məhz bu meydanda qeyd etməyi təklif elədi. Bunun üçün təmənnasız lazımı köməyi əsirgəməyəcəyini də bildirdi.

 

Bu qısa müddət ərzində gərginlik yaşayan “İmarət” Azad Azarkeş Qrupu oyunu boykot etmək barədə məsələni müzakirə etdi. Amma “Qarabağ”ın düşərgəsindən gələn zəng hər şeyi dəyişdi.

 

Onlar “İmarət”çiləri oyuna çağırdı: “Siz gəlin. Bilet məsələsi həll olacaq”.

 

Kluba güvənən fanatlar çox düşünmədi.

 

Amma vaxt darlığı və yaradılan daha bir problem hər şeyi alt üst edə bilərdi.

 

Futbolçulardan daha əvvəl klub lazım olan qədər bilet almaq üçün rəqibə müraciət edir. Hazırda “Qarabağ”da maliyyə əməliyyatları qanuna uyğun olaraq rəsmi qaydada, nağdsız həyata keçirildiyindən biletin pulunu köçürmə yolu ilə və ya kartla ödəməyə hazır olduğunu bildirir. Amma “Neftçi” nağd pul istəyir. "Qarabağ"ın bu yöndəki bütün cəhdlərini "Neftçi" süni yolla əngəlləyir. Vaxt isə daralır...

 

Bu dar macalda kimin təşəbbüsü olub bilmirəm. Amma təklif olunub ki, oyunçular, loru dildə desək, atışıb fanatlar üçün bilet alsınlar. Təbii ki, Qurban Qurbanov başda olmaqla hamı bu təşəbbüsü dəstəkləyib. Yerli oyunçular da, əcnəbilər də.  Yerindəcə toplanan pul 700 biletə çatır. Bu biletlərin 500-ü “İmarət”in payına düşür. Yerdə qalanı isə digər fanatlara paylanır.

 

Vəssalam...

 

Onu da deyim ki, “700 bilet” əməliyyatı barədə informasiya verməmək barədə razılaşılır. Amma mən bu razılaşmanı pozdum. Allahdan gizli deyilsə, bəndədən niyə gizlədək. Günah oldusa, mənim boynuma yazılsın.

 

Asəf Quliyev / qol.az

Xəbər xətti