"Zirə"nin futbolçusu: "Hakimin qərəzli qərarı oyunun taleyini həll etdi" - MÜSAHİBƏ

22:51 - 18 Avqust 2019

Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzan "Zirə"nin yarımmüdafiəçisi Şafik Tiqrudja oyundan sonra müsahibə verib.
 
Sportal.az xəbər verir ki, fransalı futbolçu öncə matçla bağlı danışıb:
 
- Birinci hissəyə yaxşı başladıq. Xulio Rodriqes və digər komanda üzvləri qol vəziyyətləri yaratdı. Buna baxmayaraq, şanslardan yararlana bilmədik. İkinci hissədə bilmirəm ki, nə baş verdi, gücümüzmü çatmadı, deyə bilmərəm. Boş zonalar verdik rəqibə və penaltidən qol buraxdıq. Heç orada penalti də yox idi, hakimin qərəzli qərarı oldu, məncə. Çünki top “Səbail”in futbolçusunun əlinə daha əvvəlcədən toxunmuşdu. Artıq oyun geridə qaldı. Bu qərar da oyunun taleyini həll etdi. Daha sonra isə “status-kvo”nu bərpa edə bilmədik.
 
- Komandada həyəcan var idi. Çatışmazlıqlar çox görünürdü. Bunlar nə ilə bağlı ola bilər?
- Bu fikrinizlə razı deyiləm. Oyundan öncə tam hazır idik. Əfsuslar olsun ki, ilk hissədəki qol şanslarını istifadə edə bilmədik. Təbii ki, bu, ikinci hissədə sənə psixoloji cəhətdən təsir göstərir. Bunun üzərinə hakimin penalti qərarını da gəlsək, başda mən olmaqla əsəblər tarıma çəkilmişdi. İkinci hissədə heç də yaxşı oyun alınmadı.
 
- Samir Abasov kənardan futbolçuların üzərinə bağırırdı. Bu, futbolçularda psixoloji təzyiq yaratmır? Hətta sənin də üstünə qışqırırdı.
- Psixiloji təzyiq yartması fikri ilə razılaşmıram. O, bizim məşqçimizdir və istənilən halda arxamızda dayanıb. Bizim sadə səhvlər etməyimiz, asanlıqla top itirməyimiz onun aqressiv olmasına şərait yarada bilər. Bu da normaldır. Mən ona haqlı olduğumu dedim, inandırmağa çalışdım.
 
- İkinci turda “Neftçi” ilə qarşılaşma gözləyir. Avropa Liqasında vidalaşan klubla şansları necə dəyərləndirirsiniz?
- Bu, futboldur. “Neftçi” çempionatın yaxşı komandalarından biridir. Sizi inandırım ki, rəqibdən asılı olmayaraq, meydana qələbə üçün çıxır. Fərqi yoxdur, bu, “Qarabağ”dır, yoxsa “Neftçi”. Baş məşqçi və bütün komanda qələbəni fikirləşir. Rəqibinə səndən güclü olduğunu və uduzacağını öncədən deyə bilmərsən.

Xəbər xətti