"Linfild"in kapitanı: "Tarix yazmaq üçün əla imkanımız var"

19:19 - 26 Avqust 2019

Şimali İrlandiyanın "Linfild" klubunun kapitanı Ceymi Malqryu "BBC Sport"a açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 2005-ci ildən komandada çıxış edən 33 yaşlı müdafiəçi Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la keçiriləcək cavab qarşılaşması barədə danışıb:

 

"Evdəki qələbə bizə imkan verir ki, cavab matçında sonadək mübarizə aparaq. Oyundan əvvəl vəziyyət əleyhimizə olsa da, qalib gəldik. Belə bir komandanı məğlub etmək bizim üçün vacib idi. Bu, bir daha göstərir ki, istənilən rəqiblə oynamaq olar. Bunun özü bir uğurdur. Heç kim Çempionlar Liqasında mübarizəni dayandırıb, Avropa Liqasına düşən komandanın bu qədər mərhələ keçəcəyini gözləmirdi. Ancaq əlimizə düşən fürsətdən maksimum yararlandıq. Tarix yazmaq və arzularımızı həyata keçirmək üçün əla imkanımız var. Bura qədər qazandığımız uğurlarla fəxr edirik. İkinci oyunda da bunu təkrarlaya bilərikmi? Kim bilir?".

 

"Linfild" Belfastdakı "Vindsor Park"da reallaşan ilk görüşdə "Qarabağ"a 3:2 hesabı ilə qalib gəlib.

 

Cütün cavab oyunu avqustun 29-u, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Xəbər xətti