Riçard Almeyda: "Buraxdığımız qollara baxanda istər-istəməz üzülürük" - MÜSAHİBƏ

Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları AÇ-2020-nin seçmə oyunundan sonra "Report"a müsahibə verib.

 

Sportal.az xəbər verir ki, Braziliya əsilli futbolçu məğlubiyyətlə bağlı danışıb:

 

- Onu deyə bilərəm ki, məşqçinin dediklərini, məşqdə etdiklərimizi oyunda həyata keçirməyə çalışdıq. Qarşımıza qoyulan vəzifə də rəqibi daha çox əks-hücumda yaxalamaq idi. 2-3 dəfə belə şansımız oldu, yalnız birində sevindik. Buraxdığımız qollara baxanda istər-istəməz üzülürük. Həqiqətən də sırf bəxtsizlikdən buraxdığımız qolla məyus olduq. Qarşıda daha böyük oyun var. Uelslə oyunu unudub Xorvatiya ilə görüşü düşünməliyik.

 

- Uelsin oyunçusu yerdə olarkən sizi vurdu. Sizin fikrinizcə, baş hakim qırmızı vərəqə göstərməliydi?

- Təbii ki, qırmızı vərəqə idi. Heyf ki, onu göstərən tapılmadı. 

 

- Həmin epizodda baş hakim qırmızı vərəqə göstərsəydi, nəticə başqa cür ola bilərdi? 

- Niyə də yox? Biz bir nəfər artıq oynasaydıq, topa daha çox nəzarət edəcəkdik. Daha çox hücumlar edə biləcəkdik, onlardan faydalanmaq imkanımız da böyük olacaqdı. Olardımı, olmazdımı deyə bilmərəm, ancaq ən azından ehtimal idi. Başımızı yuxarı qaldırmalı və növbəti oyuna hazırlaşmalıyıq. 

 

- Oyundan öncə mətbuat konfransında Rayan Giqqz sizi xüsusi qeyd etdi. Sizə qarşı kobudluğun onun göstərişi ilə olduğunu demək mümkündür? 

- Uels və digər böyük komandaların oyununa və oyunçularına baxa-baxa böyümüşəm. Düşünmüşəm ki, mən də nə vaxtsa belə yaxşı ola bilərəm. Hansısa komandanın nümayəndələrinin haqqımda yaxşı sözlər deməsi həqiqətən xoşdur. Amma günün sonunda etdiyim qeyri-adi bir şey yoxdur. Əlimdən gələnin ən yaxşısını edirəm ki, özüm də yaxşı səviyyəyə gəlim. Söhbət tək məndən getmir, komanda yoldaşlarımdan da gedir. Uşaqlar mənə dəstək olmasalar, heç vaxt öz oyunumu göstərə bilmərəm, onlar mənə həmişə dəstəkdir. Uelsin oyunçularının əksəriyyəti Premyer Liqa kimi çempionatda oynayan futbolçulardır. Bilirik ki, bu cür liqalarda onlar sərt oynayır. 

 

- Növbəti görüş Xorvatiya kollektivi ilə olacaq. Nikola Yurçeviçin rəhbərliyi altında onun həmyerlilərini məyus edə biləcəksiniz? 

- Bugünkü gündə bütün ölkələr futbol oynamağı öyrənib. Baxmayaraq ki, rəqibimiz dünya ikincisidir, hər halda onlara qarşı da xoş nəticə əldə edə bilərik. Heç-heçə olar, qələbə ola bilər, əsas odur ki, tam ürəkdən oynayasan, kompaktlığı saxlayasan. Futbolçular bir-biri üçün vuruşası olsalar, niyə də olmasın?

Tarix: 7 Sentyabr [14:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2019
19  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio