Əfqan Həmzəyev: "Həmkarlar İttifaqı AFFA-nı qorxuya salıb"

23:33 - 12 Sentyabr 2019

Veteran futbolçu Nazim Süleymanovun sədrliyi ilə AFFA Azad Həmkarlar İttifaqı adlanan təşkilat yaradılıb. Lakin AFFA Həmkarlar İttifaqı ilə bağlı yaydığı bəyanatda bu təşkilatın qanunsuz olduğunu və ittifaqda adı çəkilən şəxslərin heç birinin qurumla əməkdaşlığı olmadığını bildirib. 

 

Sportal.az xəbər verir ki, məsələyə münasibət öyrənmək üçün Sport7.az saytı Həmkarlar İttifaqının ötən gün keçirilən iclasında çıxış edən sabiq referi Əfqan Həmzəyevə müraciət edib. 

 

- Əfqan müəllim, ötən gün Nazim Süleymanovun tərtib etdiyi tədbirdə çıxış edənlərdən idiniz. Həmkarlar İttifaqında səlahiyyətiniz nədən ibarətdir?
- Ümumiyyətlə, mən o təşkilatda heç bir vəzifədə təmsil olunmuram, nə rəhbərlikdə, nə də komitədə... Sadəcə olaraq iclası sədr kimi aparmışam. Tədbir üçün yardım istədilər, mən də etdim. 

 

- Bu ittifaqın məqsədinin nə olduğunu bir də sizdən eşidək...
- Həmkarlar təşkilatı həm anlayış, həm mahiyyət, həm də səlahiyyət baxımından geniş anlam kəsb edir. Qanunda belə bir maddə var ki, işlək bir müəssisənin tərkibində çalışan 7 nəfər yığılıb bir Həmkarlar təşkilatı təsis edə bilər. Bu təşkilatın tərkibinə baxsaq, görərik ki, burada təmsil olunan hər bir insanın bilavasitə və yaxud dolayı yolla AFFA-ya aidiyyatı var. Millinin oyunçuları, həkimləri, AFFA-nın keçmiş çalışanları və s... Bu insanların həm mənəvi, həm insani, həm də hüquqi haqları var ki, Həmkarlar İttifaqı yaratsınlar. Ümumiyyətlə, hər bir normal təşkilatda Həmkarlar İttifaqı olur. Bu həmkar birliyinin və bərabərliyinin təcəssümüdür. İnsan öz haqq və hüquqlarını qorumaq üçün birləşir. Bundan normal bir şey ola bilməz. Bu onların konstitusiya haqqlarıdır. 

 

- Ancaq AFFA-nın bu gün yaydığı bəyanatda sizlərin bu qurumla heç bir müqaviləsi ilə çalışmadığın  və AFFA-nın adindan istifadə edib belə bir təşkilat yaradılmasını qanunsuzluq adlandırıblar... 
- Məsələ elə bundadır. Mən neçə il müqavilə ilə hakimlik etmişəm, AFFA mənə qonorar ödəyib, məndən vergi tutub. Necə bunu inkar edə bilərlər? Sadəcə eşidiblər ki, Həmkarlar İttifaqı insanların haqqını-hüququnu qoruyan bir təşkilatdır və qorxuya düşüblər. Bu çox acınacaqlı haldır. Hər bir idarə, müəssisə özü normal və haqqına işləyən təşkilatdırsa, Həmkarlar Birliyinin yaranmasında özləri maraqlı olmalıdır. 

Xəbər xətti