Xayme Romero: “Sevilya”ya qalib gəlmək iddiamız olmasa, heç oyuna da çıxmarıq”

“Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Xayme Romero “Marca” qəzetinə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Qarabağ"a asan uyğunlaşdığını deyib:

 

“Qarabağ”a adaptasiya prosesim çox asan oldu. Əlimdən gələn ən yaxşısını etməyə çalışıram. Uzun illərdir burada oynayan Miçel və Dani Kintana mənə çox kömək edir. Baş məşqçimiz Qurban Qurbanov məni bir neçə il əvvəl transfer etmək istəyirdi. Ancaq o vaxt bu, mümkün olmadı. Bu il mənimlə əlaqə saxlayıb yaxşı təklif göndərdilər. 3 illik müqavilə təklifi və Avropada oynamaq imkanı mənə yaxşı stimul oldu”.

 

İspaniyalı futbolçu "Qarabağ"dakı şərait barədə danışıb:

 

“Hər kəslə münasibətim yaxşıdır. Komandada oynamaq üçün hər bir şərait var. Bu qaydada davam etmək üçün çalışıram. "Qarabağ" fantastik şəraiti olan, futbolçunu hər şeylə təmin edən klubdur. Altı il ardıcıl Avropa Kuboklarında iştirak etməsi təsadüfi deyil. Çünki klub rəhbərindən son işçisinə qədər hamı çox yaxşı çalışır. Buradakı şərait, şərtlər La Liqanın yaxşı bir klubu səviyyəsindədir. Bizim içində oteli, istirahət edə biləcəyimiz otaqları və mükəmməl meydançası olan bazamız var. Baş məşqçi Qurban Qurbanov isə çox çalışan, futbolun hər yönünü bilən mütəxəssisdir. Uzun müddətdir klubun çalışdırıcısıdır. O, burda hər şeyi dəyişib, çempionluqlar qazanıb, komandasını Avropaya çıxarıb".

 

Romero “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib: “Komanda hal-hazırda qrupdan çıxmaq barədə fikirləşir. Bizim bunun üçün yaxşı imkanımız var və düşünürəm ki, növbəti mərhələyə çıxacağıq”.

 

Xayme "Sevilya" ilə görüşün çətin keçəcəyini deyib:

 

“Bu il “Sevilya”nın oyunlarına baxmasam da, bilirəm ki, keyfiyyətli heyətə sahib böyük komandadır. Hazırda İspaniya çempionatının birincisidir. “Sevilya” bu mövsüm Avropa Liqasının qazanmağa iddialı olan komandalardan biridir. Evdə oynayırıq və həmişə olduğu kimi qələbə qazanmağa çalışacağıq. Əgər “Sevilya”ya qalib gəlmək iddiamız olmasa, heç oyuna da çıxmarıq. Qalib gəlmək haqqında düşünmürsənsə, niyə oynayırsan? Biz hücumameyilli komandayıq. Həm topa sahib olmağa, həm də yaxşı müdafiə olunmağa çalışacağıq. Həmişə olduğu kimi, təhlükəli epizodlar yaratmaq və kollektiv oyun sərgiləmək üçün mübarizə aparacağıq”.

Tarix: 19 Sentyabr [12:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2019
17  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio