Zinəddin Zidan: "Səhv etmək şansımız qalmadı"

11:29 - 2 Oktyabr 2019

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Brügge" ilə Madriddə 2:2 hesablı heç-heçə edən "Real"ın baş məşqçisi Zinəddin Zidan fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, fransalı mütəxəssis komandasının ilk hissədəki oyunundan narazı qaldığını bildirib:

 

"Pis nəticə oldu, amma 0:2-dən hesabı 2:2-yə gətirdik. İlk hissədəki performansımızdan razı deyiləm. Belə bir 45 dəqiqəni heç vaxt oynamamalıyıq. Məsuliyyəti üzərimə alıram. Yekunda 1 xala görə sevinə bilmərik. 3 xal qazanmalı idik. Buraxdığımız ilk qol kuryoz idi. Oyuna pis başladıq. Daha sonra konsentrasiyanı itirdik. "Brügge" ilk qoldan sonra inamını artırdı. Ani anda ikinci qolu da buraxdıq. Fasilədən sonrakı performansımızın bütün matç ərzində olmasını arzulayırdım. Sevinməsək də, pozitiv düşünməliyik".

 

Zidan fasilədə etdiyi dəyişiklərlə məğlubiyyətdən xilas olduqlarını bildirib:

 

"Fasilədə bəzi dəyişikliklər etməli idik. Əgər həmin dəyişiklikləri etməsəydim, məğlub olardıq. Bizi meydanın mərkəzində sıxmışdılar və burada futbolçularımın daha güclü olması lazım idi. Oyunda qalib gələcəklərinə inanmalı idilər. Bu barədə onlarla söhbət etdim".

 

47 yaşlı mütəxəssis səhv etmək şanslarının qalmadığını bildirib:

 

"Qrupda səhv etmək şansımız qalmadı. Önümüzdə La Liqa oyunu var. Öncə o oyunu fikirləşirik. Daha sonra ÇL-də "Qalatasaray"la matçı düşünəcəyik. İndi qrupda pis vəziyyətdəyik. Yolumuza davam etməliyik".

Xəbər xətti