Elxan Məmmədov: "Mən gedəndən sonra dünya çempionatına vəsiqə qazanacağıqsa, istefa verərəm" - MÜSAHİBƏ

19:05 - 22 Noyabr 2019

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan radiosunda "Extra Time" proqramının aparıcısı İlkin Babanın suallarını cavablandırıb.
 
- Millinin uğursuz çıxışlarında AFFA rəhbərliyinin günahkar olduğu iddia edilir. Həqiqətən də günah sizdədir?
- AFFA rəhbərliyi son seçmə mərhələdən razı deyil. Bu nəticələrdən razı deyilik. İlin sonunda İcraiyyə Komitəsinin iclası olacaq. Baş məşqçiyə suallar çoxdur. Gələcək müqavilə ilə bağlı müzakirə olacaq və qərar qəbul ediləcək. Baş məşçidən başqa, bəzi futbolçulara da suallarımız var. Əksəri meydanda 100 faizi gücünü qoysa da, bəziləri bunu etmir. Həmin futbolçularla ayrıca danışığımız olacaq. Təhlillərdən sonra dəvət edib, onlara danışacağıq.
 
- Həmin futbolçular bilərəkdən zəif çıxış edir?
- Xeyr, qətiyyən. Milliyə gələn oyunçular məsuliyyəti dərk edir. Yəqin ki, yorğunluq və ya psixoloji gərginlik var. Bunu nəzərə alıb, onlarla danışacağıq. İclasda baş məşqçi ilə çox danışacağıq. Milli ölkənin birinci komandasıdır. İl ərzində 5-6 oyun keçirir. Bu oyunlarda 100 faiz özlərini göstərməlidirlər. Sevinirəm ki, çoxu bunu edir. Fərdi olaraq, bunu etməyənlərlə danışmalıyıq. Narazılıq aydındır. Etiraz edən bir qrup insan adi azarkeşlərdir. Yəni, futbolda çalışmır, funksioner deyil, sadəcə, azarkeşlik edir. Əvvəlki illərdə mən də azarkeş idim və tələb edirdim ki, nəticə olsun. İndi də azarkeşlik edirəm. Digər narazı olanlar isə peşəkar jurnalistlərdir. Düzgün yazırlar, təndiq edirlər. Biz də oxuyuruq, təhlil edirik. Digər qrupda isə məşqçilər, veteran futbolçular var. Onların da narazılığını anlayırıq. Bununla bağlı sağıam tənqidlər varsa, baxırıq, izləyirik. AFFA rəhbərliyi, prezidenti, İcraiyyə Komitəsi, mən və federasiyanın digər şöbələri futbol oynamır. Biz bunu dəfələrlə deyirik və söyləməyə də davam edəcəyik. AFFA milli komandalar üçün şərait yaratmalıdır. Biz də bunu edirik. İnfrastruktur yaratmışıq, maliyyə ayırırıq. Futbol tədbirləri keçiririk. AFFA rəhbərliyi bunu edir. Hər həftə 7 minə yaxın uşaq liqalarda oynayır. Bunu federasiya edir. Hətta maliyyə də ayırırıq. Bunu davam etdirəcəyik. Meydanda futbolçular oynayır. Məsuliyyəti dərk edirik. Futbolçular klublardan gəlir. Baş məşçi də ən yaxşıları seçir. Həmin məşçini də AFFA İcraiyyə Komitəsi təyin edir. Məşqçini düz seçməməkdə tənqidlər olur, bəlkə də obyektivdir. Bunu seçmə mərhələnin sonunda görürük. 2008-ci ildə Berti Foqts millinin baş məşqçisi təyin edildi. 9 xal qazananda təniq etdilər ki, az topladı. Robert Prosineçkinin vaxtında 10 xal yığdıq, Bakıda Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzmaqla “Niyə də yox?!”un sonuna çatdıq. Orda da tənqidlər oldu. Sonra Millətlər Liqası gəldi. İcraiyyə Komitəsi və AFFA rəhbərliyi bu işi məmnuniyyətlə Qurban Qurbanova tapşırdı. Çünki o, ölkədə ən uğurlu mütəxəssisdir. “Qarabağ”da bu işi sübut edir. Düşündük ki, milliyə də yaxşı nəticələr verə bilər. Təbii ki, çətin idi. İki yerdə çalışmaq asan deyildi. Məqsəd Millətlər Liqasının qalibi olmaq və pley-offa çıxmaq idi. Təəssüflər olsun ki alınmadı və tənqidlər çoxaldı. Bunu da anlayırıq. Çünki bunun üçün imkan var idi, amma təəssüflər olsun ki gerçəkləşmədi. Sonra isə Nikola Yurçeviçi bu posta dəvət etdik. Uğurları yox idi və karyerasında daha çox köməkçi işləyib. Düşündük ki, bu insan çətin qrupda nəticə göstərə bilər. Bir daha deyim ki, AFFA bu nəticə ilə razı deyil. Bu nəticə bizi qane etməsə də, irəli baxmalıyıq. Məşqçinin təyinatı çətin prosesdir. Qeyri-obyektiv, süni və təəssüflər olsun ki, bizə qarşı təhqirlər də mövzuddur. Buna qarşıyıq, sözün düzünü desək. Bunları kim yaradır? Özünə dırnaqarası jurnalist deyən, bəzi “peşəkar” funksionerlər və bəzi futbolun yanında olan və marağını güdən insanlar. Azərbaycan futbolu naminə işlər görürük. 2015-ci ildə oyunların satılmasına qarşı maddələr qoyduq. İndi UEFA bizə 30 faiz azalma olduğunu deyir. Sonra yazılar dərc edildi ki, Azərbaycanda legioner limiti ləğv edilsin. Belə olanda halda agentlər bura legionerlər gətirəcəkdi. Bizə azərbaycanlı futbolçuların durumu lazımdır. Biz ölkə futbolu naminə çalışırıq, deməli, onlara lazım deyilik. Biz onlara bazar açmaq üçün mane oluruq. 1990-cı illərdə, əsrin əvvələrində Azərbaycan beynəlxalq futboldan kənar qalmışdı. Düzgünlüyü müdafiə edirik.
 
- Bəzi jurnalistlər, bir sıra mütəxəssislər və azarkeşlərin çoxu Elxan Məmmədovun bir iş görmədiyini dilə gətirir. Siz Azərbaycan futbolu üçün nə iş görürsünüz?
- Buna cavab verməyim qeyri-etik olar. Bunu İK üzvlərindən, AFFA rəhbərliyindən soruşmaq olar. Təəssüflər olsun... AFFA əməkdaşları, klubda işləyənlər peşəkarlardan ibarətdir. əməkdaşlarımız futbolun düzgünlüyü üçün çalışır. Mən də bunun üçün çalışıram. Tapşırıqları yerinə yetiririk. Azarkeş 1 xalı görəndə futbolçuları, məşçiləri, rəhbərliyi günahlandırır. 9-10 xal qazananda da baş məşqçini İcraiyyə Komitəsi və AFFA təyin etmişdi. Futbolda həmişə eyni xal qazanmaq olmur. Millidə nəsil dəyişir. Bu, önəmli haldır. Bunu futbolumuz çətinliklə qəbul edir. Reytinqə baxsaq, ilin əvvəlində görünürdü ki, bizim qrupda şansımız çox deyil. Xorvatiya ilə oyunlarda milli yaxşı rəqabət göstərdi. Uelslə Kardiffdəki oyunu da qeyd edərdim.
 
- Bir xal üçün hesabat veriləcək?
- Bəli, İcraiyyə Komitəsinin iclası olacaq. Dekabrın ortasında iclas planlaşdırılır. O iclasdan sonra qərarlar bilinəcək.
 
- Deyirlər ki, Elxan Məmmədov istefa versə, hər şey düzələcək.
- Rəhbərlik buna qərar versə, düşünsələr ki, mən gedəndən sonra milli komanda Avropa və dünya çempionatına vəsiqə qazanacaq, şəxsən özüm gedərəm. Səbəb budursa, mən gedərəm. Gülməli sözlərdir. AFFA rəhbərliyi bəzi insanları qane etmir. Çünki onların çirkin əməllərinə qarşıyıq. Ona görə də onlar belə kampaniyaya başlayırlar. Komanda uduzan kimi bu söhbətlər başlayır. Bunu son 2-3 ildə çox görürük.
 
- Sizin AFFA-nın prezidenti vəzifəsində çalışmaq fikriniz var?
- Xeyr. Belə iddiam yoxdur. İcraçıyam, xarakter olaraq icraçı rolunda daha yaxşıyam. Ali rəhbər çətin və məsuliyyətlidir. Bəlkə də, təcrübə çatışmır.
 
- Çempionatdakı klubların sayının az olmasında tənqid edilirsiz. Klubların azalmasına səbəb nədir?
- AFFA olaraq, 10 klubun olmasını istəyirik. İş adamlarının futbola marağı yoxdursa, biz nə edək? Bir neçə il əvvəl bir komanda səs-küylə Premyer Liqada oynamaq istədiyini demişdi. Biz də maliyyə sənədlərini tələb etdik. Onlar da bunu etmədi. Sonra da mətbuat və dırnaqarası jurnalistlərin vasitəsi ilə başladılar təzyiq göstərməyə. Məni, AFFA-nı tənqid etdilər ki, biz onları qoymuruq. Üç ay sonra həmin adamlara cinayət işi açıldı və məhkəmə davam edir. Qeyri-peşəkar yanaşsaydıq, çempionata gəlib, 3 ay sonra fəaliyyətlərini dayandıra bilərdilər. Bizim bütün komandaları maliyyələşdirməyə gücümüz çatmır. İcra orqanları, zavodlar, fabriklər, iş adamları qol qoymalıdır. Biz demirik ki, bir nəfər olsun, söhbət birlikdən gedir. Klub bir neçə nəfərin olsun. Biz dəstəyə hazırıq. Belə olsa, Tovuzun, Gəncənin və digər bölgələrin komandası olacaq. SOCAR bəzi klubları maliyyələşdirir.
 
- AÇ-2020-nin seçmə mərhələsində hədəf nə idi və nəticəsi nə oldu?
- Məqsəd qrupda yuxarı yerlərdə qərarlaşmaq idi. Anlayırdıq ki, rəqiblər bizdən reytinqdə öndə idi. Milli hər oyuna qələbə üçün çıxırdı. Düzdür, son iki oyunda yığma müdafiə futbolu oynadı. Bu da baş məşqçinin tapşırığı idi. Hədəfimiz 1 xal və sonuncu olmaq deyildi. Millinin ildə 5-6 oyunu olur və hər dəvət alan futbolçu çalışmalıdır ki, öz gücünü nümayiş etdirsin. Bəzi hallarda alınmır, bəzən isə rəqiblər güclü olur. Bu tsikldə komandalar bizdən güclü oldu. Bunu qəbul edək. Növbəti seçmə mərhələyə qədər qərarlar qəbul ediləcək.
 
- Lakin buna görə AFFA-nı tənqid edirlər.
- Təbii ki, hədəf AFFA-dır. Klublar da yaxşı nəticə göstərməyəndə bizi təqnid edirlər. Məsələn, bir komanda gedib Avropa Liqasında uduzur, deyirlər ki, çempionat zəifdir. Komanda udur, amma deyən yoxdur ki, çempionat güclüdür. Bu gün bir klubumuz Avropa Liqasında çıxış edir. 2012-ci ildə “Neftçi” Avropa Liqasında pəncərə açdı. Daha sonra “Qarabağ”la “Qəbələ” bunu davam etdirdi. “Qarabağ” Çempionlar Liqasında da gözəl çıxış etdi. Onlar bunu reallaşdıranda heç kim yazmırdı ki, çempionatımız güclüdür. Bu gün “Qarabağ” qrupda oynayırsa, bunu necə qazanır? Bunu Azərbaycan çempionatında qazanır və yarışda tətbiq edilən limitlə həyata keçirir.
 
- Ancaq yenə də AFFA-nı tənqid edirlər...
- Məsələn, Bəhlul Mustafazadə Azərbaycan futbolu üçün böyük ümiddir. O, AFFA-nın təşkil etdiyi U-12 liqasında iştirak edib. Rəhbərliyin tapşırığı ilə bölgələrdəki uşaqları futbola cəlb etmişdik. Sonradan İmişlidə məşqçi Bəhlulu seçmişdi. Sonra “Qəbələ”yə getdi və akademiyada oldu. U-15 millisindən başlayaraq, yığmalarda oynayıb. Bu futbolçu nümunədir. Ola bilər ki, millinin beynəlxalq arenadakı uğuru bölgədə işləyən məşqçidən başlasın. Biz buna futbol ailəsi deyirik. Bu, Azərbaycan futbol ictimaiyyətidir. Bölgədəki məşqçinin əziyyətidir ki, Bəhlul milliyə qədər yüksəlib. Bəhlulun parlaq gələcəyi ola bilər. “Sabah”da hər oyun meydana çıxır. Bu seçmə mərhələdə Emil Balayev də tapıntı oldu. O vaxt AFFA Emili “Ayntraxt”a yollamışdı. Bizi tənqid edirdilər ki, Balayev Frankfurt klubunda oynamır, gəlsin Azərbaycana. Almaniya Bundesliqasında çıxış edən komandada məşq etmək tamamilə ayrı keyfiyyətdir. “Səbail”ə qayıdandan sonra bir müddət oynadı və Qazaxıstana yollandı. O, Qazaxıstanda ən yaxşı qapıçılardan biridir. Mahir Emreli də bütün yaş qruplarında oynayıb. Azərbaycan futbolunun ümidləri var. Onlar liqalarda iştirak edə-edə çıxıblar üzə. Onların əziyyətini məşqçilər, funksionerlər çəkib. Heç kim zəmanət verə bilməz ki, bu nəsil Berti Foqtsun dönəmindəki yığmadan yaxşı olacaq. Futbolda hər şey mümkündür.
 
- AFFA Nikola Yurçeviçi baş məşqçi postuna təyin etməklə səhv etdiyini düşünür?
- Bunu mən deyə bilmərəm, İcraiyyə Komitəsi var. Gəlin, ədalətli olaq. O, yığmanı seçmə mərhələyə 1 ay qalmış qəbul etdi. O, təbii ki, məsuliyyət daşıyır. Qarşısına axırıncı olmamaq, yuxarı yerlərdə qərarlaşmağı qoymuşduq. Təbii ki, birinci pilləni hədəf seçmədik. Deyilmişdi ki, Avropa çempionatına vəsiqə qazanmaq üçün son şansdır. Məqsədə çatmadıq.
 
- Yurçeviçlə yollar ayrılacaq?
- Bunu deyə bilmərəm, son qərarı İK verəcək. İndiki vəziyyəti deyirəm. AFFA rəhbərliyi bu nəticə ilə razı deyil. Çox güman ki, davam etməyəcəyik. Onsuz da müqaviləsi bitir. Yaxşı nəticə olsaydı da, danışıqlar aparılacaqdı. Hüquqi baxımdan müqaviləsi sona çatır.
 
- Onsuz da nəticə qazanmırıq. Futbol ictimaiyyətinə mesaj verin ki, bizdən nəticə tələb etməyin, yığma üçün 5 il ərzində futbolçu yetişdirək. Bunu demək çətindir?
- Əslində, çətindir. Komandanın qarşısına qalib gəlmək hədəfi qoyulmursa, niyə oyuna çıxsın? İndiki komandanın potensialı böyükdür.
 
- Ona görə bir xal qazandılar?
- Yeni nəsildir. Əvvəl deyirsiniz, 5 il gözləyək, sonra nəticə istəyirsiniz. Bizdə yeni nəsil yetişir, gənclər cəlb edilir. Bu komandanın potensialı var. Bəlkə də, səhv deyirəm. İK-də futbol mütəxəssisləri toplaşıb. Futbolçuları klublar yetişdirməlidir və AFFA da bunun üçün şərait yaratmalıdır. AFFA bunun üçün şərait yaradıb. Tovuzda futbol akademiyası inşa edilir və gələn il hazır olacaq.
 
- “Qəbələ”nin qışda sponsorsuz qalacağı xəbərləri yayılıb. AFFA bu kluba dəstək olacaq?
- Bu məsələ növbəti iclasda müzakirə ediləcək. Dekabrda iclasımız olacaq. İstərdik ki, Qəbələdəki iş adamları, icra hakimiyyəti köməklik etsin. “Qəbələ” akademiyası Azərbaycan futboluna son 10 ildə böyük fayda verib. Bəhlul Mustafazadə bu akademiyada futbolçu kimi yetişdi. Digər futbolçular da klublarda oynayır, milli üzvləridir. Belə infrastrukturu olan klubu itirmək olmaz. Qəbələdə 6 təbii, 2 süni meydança var. Klub strukturu peşəkardır.
 
- U-21 millisinin baş məşqçisi Milan Obradoviçlə bağlı fikirləriniz necədir?
- Obradoviç üçün ilk tsikl oldu. Komandanın 6 xalı var və qrupda şanslarımız hələ çoxdur. Slovakiyanı gözəl futbolla məğlub etdik. İkinci qələbəni isə Lixtenşteyn üzərində qazandıq. Bunu da etməli idik. Çünki reytinqdə bu ökədən qabaqdayıq. Təəssüflər olsun ki, bu komanda ilə ilk oyunda faciə yaşandı. Buna baxmayaraq, İsveçrəyə qarşı da gözəl oynadıq. Qarşıda 4 oyun var. Hər şey qaydasındadır. U-21 körpü rolu oynayır. Seçmə mərhələ bitəndə A milliyə futbolçu verməlidir. Bu, bizim üçün əsas məqsəddir.
 
- U-19 millisi seçmə mərhələdə yalnız San Marinoya qalib gəldi. Samir Əliyevin taleyi necə olacaq?
- Komanda 3 xal qazandı. Samir müəllimlə yeni müqavilə bağlamışıq və onun üçün ilk tsikl idi. Çox güman, işini davam etdirəcək. İcraiyyə Komitəsinin iclasında Samir Əliyevin iki tsikl üçün millini çalışdırması qərarı verilmişdi. U-17 millisində futbol faciəsi oldu. Komanda xal qazanmadı. Bu da yaxşı nəticə deyil. Obyektiv tənqidi özümüz deyirik. Bəli, U-17 yaxşı nəticə göstərmədi. Bu komandanın hazırlıq şəraiti çox yüksək səviyyədə idi. Amma yaxşı nəticə göstərilmədi. Vüqar Məmməd hesabat hazırlayır. İş göz qabağındadır: 0 xal. Çox top buraxdıq, bu da bizi düşündürür. İcraiyyə Komitəsinin iclasında müzakirə ediləcək.
 
- Oyun alqı-satqısı barədə xəbərlər yenə də dolaşır. Nə üçün adı hallanan klub birdəfəlik yarışlardan uzaqlaşdırılmır? 
- Burda söhbət futbolçular və məşqçilərdən gedir. Bütün komanda iştirak etmir. Fərdi şəxslər bu cinayətə əl atır. Danışılmış oyunları məhv etmək çox çətindir. İki il əvvəl səhv etmirəmsə, Almaniyada 100-ə yaxın insan buna görə həbs edildi. Hətta Çempionlar Liqasında buna görə 52 nəfər saxlanılmışdı. Bu, bizdə də var. Almaniya kimi futbol ölkəsində bu virus varsa, bizdə də mümkündür. 3 il əvvəl gördük ki, bizdə də var. Virus geniş yayılır, çalışırıq ki, bunu məhv edək. Mühafizə orqanları araşdırma edir. Məxfi komissiyamız da var. Bütün sübutları hazırlayıb, mühafizə orqanlarına veririk. Araşdırmalar gedir, gündəlik işlər görülür. Hər yerdə şəffaflıq istəyirik. Bəzilərinə xoşagəlməz deyil, amma bunu edəcəyik. AFFA rəhbərliyi bununla bağlı tapşırıq qoyub. Müsbət odur ki, Premyer Liqamız tər-təmizdir. Buna görə futbol ailəsinə təşəkkür edirəm. Ümumiyyətlə, AFFA ilə əməkdaşlıq edənlərə təşəkkürlər.
 
- AFFA Hakimlər Komitəsinin işi bir jurnalist kimi məni sevindirir. Uğurlar var, gənc hakimlər Premyer Liqaya ayaq açdı. Bu komitənin AFFA-dan asılı olması işinizi asanlaşdırdı?
- Belə çıxır ki, AFFA düzgün qərar qəbul edib. Bütün hakimlik strukturunda islahat aparıldı. Bunu üçün birbaşa UEFA ilə danışıqlar apardıq. Danışılmış oyunlardan danışanda təkcə, futbolçuları, məşqçiləri nəzərdə tutmamalıyıq. Əmin olmalıyıq ki, hakimlərimiz təmizdir, çirkin və virus əməllərdən uzaqdır. Yeni sistem qurduq, iki komitəni birləşdirdik. Frits Ştuxlik komitəyə sədrlik edir. Premyer Liqada gənc hakimlər var. Sevinirik ki, hakimlərimiz beynəlxalq oyunlara təyinat alır. Çalışmalıyıq ki, yeni Tofiq Bəhramov yetişdirək. İstəyirik ki, Avropa və dünya çempionatının final mərhələlərində hakimlərimiz təmsil olunsun. Təəssüf ki, milli komandamız buna nail ola bilmir. Amma ümid edirik ki, hakimlərimiz belə təyinat alar. Səhvlər var, amma sevindiricidir ki, bunlar qərəzli deyil. VAR sisteminin tətbiqinə başlayarıq. Yanvardan protokola start veririk. Bu müddət 18-19 aya qədər davam edir. VAR-a görə çox hakimlər tələb edilir. Yaxın iki ildə VAR-a keçə bilərik. Bütün hazırlıqlar gedir.
 
- AÇ-2020-nin ev sahibliyi edəcək şəhərlərdən biri Bakı olacaq. Bu barədə fikirlərinizi açıqlayardınız.
- Bu il böyük futbol bayramı yaşadıq. Avropa Liqasının finalı Bakıda keçirildi. AÇ-2020-nin 4 oyunu Bakıda keçiriləcək. Ev sahibi olan 12 şəhərdən biriyik. Azərbaycanda futbol bayramı olacaq. O vaxt həyəcan bir gün idi. Ancaq indi bir ay çəkəcək. Dekabrın 4-ü biletlər satışa çıxarılacaq. 36 min xarici vətəndaş ilk mərhələdə Bakıdakı oyunlar üçün bilet alıb.
 
SPORTAL.AZ

Xəbər xətti