AÇ-2020: biletlər satışda

18:27 - 4 Dekabr 2019

UEFA AVRO-2020 oyunları üçün biletlər bu gündən etibarən artıq satışdadır. Bilet satışının 2-ci mərhələsinin bu tarixdə başlanması 30 noyabr tarixində keçirilən püşkatmadan sonra komandaların hansı qrupda və ev sahibi şəhərlərdə oynamasının bəlli olması ilə əlaqədardır.

 

Sportal.az xəbər verir ki, azarkeşlər 4 dekabr saat 17:00-dan - 18 dekabr 17:00-a qədər yalnız www.euro2020.com/tickets saytı vasitəsilə UEFA AVRO-2020 oyunlarına biletlər üçün müraciət edə biləcəklər. Qeyd edək ki, hər bir oyuna bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, bilet satışı lotereya sistemi vasitəsilə həyata keçiriləcək. Lotereya qalibləri onlara email bildiriş gəldikdən sonra ödənişi həyata keçirib biletlərini əldə edəcəklər. Əgər loterayada iştirak edən müraciətçilərin sayı satışa buraxılan bilet sayından az olarsa boş qalan biletlər yanvar ayından etibarən birbaşa satışa çıxarılacaq.

 

Müraciətçilər özü də daxil olmaqla, maksimum 4 bilet ala bilər. Oyunlara biletlər 3 kateqoriyada təqdim olunur. Birinci kateqoriya 125 avro, ikinci kateqoriya 70 avro, üçüncü kateqoriya 30 avro dəyərində olacaq. Fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan biletlər oturacağın yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan 3-cü kateqoriya biletləri ilə eyni qiymətə - 30 avroya satılacaq və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək.

 

Çempionata ev sahibliyi edəcək digər 9 şəhərdən fərqli olaraq Bakı, Buxarest və Budapeştin ev sahibiliyi edəcəyi oyunlar üçün biletlər daha ucuz qiymətlə təklif olunur.

 

UEFA AÇ-2020 rəsmi qonaqpərvərlik satış paketləri (VIP biletlər) haqqında məlumat əldə etmək üçün EURO2020.com/hospitality linkinə keçid edə bilərsiniz.

 

Öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu – həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:

 

13 iyun, saat 17:00
Uels - İsveçrə

 

17 iyun, saat 20:00
Türkiyə - Uels

 

21 iyun, saat 20:00
İsveçrə - Türkiyə

 

4 iyul, saat 20:00
1/4 final oyunu

 

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.

Xəbər xətti