Tərlan Əhmədov: "Heç bir məşqçi bunu yaşamaq istəməz"

Premyer Liqanın 17-ci turunun “Neftçi” – “Keşlə” (3:1) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Ardıcıl iki oyun məğlub olmaq çox acı hissdi. Heç bir məşqçi bunu yaşamaq istəməz. Görünür ki, işimizin belə uğursuzluqlarla bağlılığı  var. Qarşıda 11 oyun var. Ardıcıl iki matç uduzan komandanın oyunundan danışacağım söz yoxdu. Futbolçular əziyyət çəkirlər. Onların haqqını tapdalamaq olmaz. Hər halda, məğlubiyyətdə ən böyük günah məndədi. Görünür, hələ komandanı tam formalaşdıra bilməmişik. Qışdan sonra eniş var. Bunu yoluna qoymalıyıq. Səbrlə işimizi davam etdirməliyik.

 

- "Keşlə" adətən etibarlı müdafiə ilə seçilib. Son iki turda isə əksini görürük...
- Hərdən elə sual olur, özüm də çətinlik çəkirəm cavab verməyə. Boyoviç uzun müddət zədəli oldu. Flores kart limitini doldurmuşdu. Latın amerikalıların təlim-məşq toplanışa gəlməsi bizim üçün problemdi. Bakı hazırlığında onların heç biri iştirak etməyib. Bu gün də onun acısını yaşayırıq. Mənim məşqçilik karyeramda 5 oyun ardıcıl məğlubiyyət olub. Amma elə də olub ki, ardıcıl 17 oyunda uduzmamışıq. Düşünürəm ki, komanda toparlanacaq.

 

- Bu günkü matç göstərdi ki, "Keşlə" heyət baxımından mükafatlar uğrunda mübarizə aparan rəqiblərindən geri qalır...
- Artıq nəsə etmək çətindi. Ruslanın nə vaxt qayıdacağını bilmirik. Kamara növbəti matçda iştirak edəcək. Sezar son 3 məşqi buraxmışdı. Frutos da eynilə. Rotasiyalar üçün əlimdə olan futbolçular budu. Səbrsizliklə Ruslanla Kamaranın sıraya dönməsini gözləyirəm. Mən həmişə komanda oyunu quracağımı düşünürdüm. Amma görürəm ki, bir futbolçu böyük əhəmiyyət daşıyır. Ruslanla Kamaranın yoxluğu hiss olunur.

 

- Enişin səbəbləri nələrdi?
- Bunu açıqlamağın heç bir mənası yoxdu. İnsanın başına belə şeylər gəlir. İllərlə xoşbəxt yaşayan ailədə də hansısa söz-söhbər olur və problemlər yaranır. Çox nüanslar var. İki məğlubiyyət hər şeydən məhrum olmamağımız demək deyil.

 

- Daboya bu qədər boş ərazi verilməsi nə ilə bağlı idi?
- Əvvəl də qeyd etdim ki, bu gün “Keşlə”də futbol adına heç bir şey yox idi. Mən tələb etdiyim oyunu görmədim. Rəqib gözəl futbol nümayiş etdirdi və qələbəsini qazandı.

Tarix: 16 Fevral [21:43]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio