"İcraiyyə Komitəsinin iclasında legioner limitinin ləğv olunmasını yenə deyəcəm, bizim futbolçuları silkələmək lazımdır"

12:20 - 13 Mart 2020

"Hələlik legioner limiti yerində "oturub". Ancaq buna yenidən baxılsa, daha yaxşı olar. Məncə, legioner limiti götürülməlidi".

 

Sportal.az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev söyləyib. Qurum başçısı Premyer Liqamızda uzun illərdi tətbiq olunan legioner limtiinin ləğvinin zəruriliyindən söz açıb. Musayev fikrini belə əsaslandırıb: "Ona görə ki, yerli futbolçularımızda çox arxayınlıq yaranıb. Bir bunları silkələmək lazımdı. Adi mobil telefonu götürək, lazım olanda "restart" veririk. İndi futbolçulara da bunu etmək lazımdı (gülür). Ki, özlərində cavabdehlik daşısınlar. Rəqabət olmasa, futbolçu futbolçu olmayacaq".

 

Məlumdur ki, legioner limiti ilə bağlı qərarı futbolumuzun ali orqanı olan AFFA İcraiyyə Komitəsi (İK) verir. Musayev onun üzvü olmasa da, yarışı keçirən qurumun rəhbəri kimi onun iclaslarında daim iştirak edir. Novruz bayramı ərəfəsində də İK-nın növbəti iclası keçiriləcək. Musayevdən həmin toplantında bu təklifi verib-verməyəcəyini soruşduq: "Bilmirəm, nə vaxt iclas olacaq, yalançı olaram. Əvvəl də demişəm, yenə deyəcəm ki, limit götürülməlidi. Başqa cür mümkün deyil. Bilmirəm ki, İK üzvləri hansı fikirdə olacaqlar. Mən öz borcumdan çıxmaq istəyirəm" (sport24.az).

Xəbər xətti