Azərbaycanda klublar bu tarixdən məşqlərə başlaya bilər - açıqlama

17:55 - 13 May 2020

"Klublara məşqlərə başlamaqla bağlı tapşırıq verilməyib. Sadəcə, belə bir ehtimal var ki, mayın 15-dən komandalara hazırlığı bərpa etməyə icazə verilə bilər".

 

Sportal.az xəbər verir ki, bu fikirləri AFFA Klublar Komitəsinin (KK) sədri və "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev deyib.

 

O bildirib ki, hələlik rəsmi qərar yoxdur: "Nazirlər Kabineti yanında Operativ Qərargahdan deyilmişdi ki, karantin rejimi yumşaldıla bilər. Ola bilsin, bu qərar idman mərkəzlərinə də şamil olunsun. Belə olsa, klublar da məşqlərə başlaya bilərlər".

 

KK sədri Azərbaycan Premyer Liqasının iyunun 5-nə kimi bərpa olunacağına dair yayılan xəbərlərə də münasibət bildirib: "Bunu sizdən eşidirəm. Operativ Qərargahdan nə deyilsə, ona uyğun hərəkət edəcəyik. Çempionatın startı ilə bağlı bizə məlumat daxil olmayıb".

 

Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayın 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub. (Report.az)

Xəbər xətti