“Həftəsonu tələbləri qalsa, oyunların vaxtını dəyişə bilərik” - PFL rəsmisi

16:36 - 5 İyun 2020

“Hələlik Premyer Liqa ilə bağlı hansısa iclas nəzərdə tutulmur. Hər şey öz axarında gedir və qaydasındadı”.

 

Sportal.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib.

 

Şahgəldiyevin sözlərinə görə, həftəsonları ilə bağlı tələblər qalsa, həmin günlərə təyin olunmuş oyunların günləri dəyişdirilə bilər. Şahgəldiyev hələlik məsələ ilə bağlı konkret bir şey olmadığını və son anda qərar veriləcəyini sözlərinə əlavə edib: “Təqvim təsdiqlənib, dəyişiklik olsa, əmr veriləcək. İndidən nəsə deyə bilmərik. Dəyişiklik olsa, son anda edəcəyik, bəlkə həftəsonları ilə bağlı qadağa götürüldü. Hamımız görürük ki, hər gün nəsə dəyişir. Ona görə də son anda qərar veriləcək. Qabaqcadan qərar verib, sonradan dəyişmək istəmirik”.

 

PFL rəsmisi hazırda çempionatın bərpa tarixini dəyişməyin planda olmadığını sözlərinə əlavə edib: “Dəyişiklik olsa, bunu son anda açıqlayacağıq, 15-20 gün əvvəldən yox. Bir gündən sonra nə olacağını bilmiriksə, 10 gündən sonra nə olacağını deyə bilmərik. Tələsmək lazım deyil, istənilən halda hər şey Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən tənzimlənir. Mətbuat konfranslarından qeydlərimizi aparırıq, bizə aid olan məsələləri sonradan həll edirik. Ona görə indidən tələsmək istəmirik”.

 

Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir.

Xəbər xətti