Azərbaycanda keçirilməsi planlaşdırılan daha bir turnir təxirə salındı

14:00 - 4 İyul 2020

Koronavirus pandemiyasına görə Azərbaycanda keçirilməsi planlaşdırılan daha bir yarış təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, söhbət Naxçıvanın ev sahibliyi edəcəyi 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasından gedir.

 

Beynəlxalq Şahmat Federasiyasının qərarına əsasən 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası bu ilin oktyabrında Naxçıvanda keçirilməliydi. 2-12 oktyabr tarixlərində təşkili planlaşdırılan yarış 2021-ci ildə baş tutacaq. Turnirin dəqiq tarixləri barədə məlumat veriləcək.

 

Ötən il Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığması çempionluq sevinci yaşayıb. Milli komanda 16 xal toplamaqla 37 dövlətin təmsilçilərini, o cümlədən Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub.

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2020" superturniri də təxirə salınıb.

Xəbər xətti