Ayxan Abbasov: "Komandadan getmək qorxaqlıq olar"

00:16 - 28 Avqust 2020

Avropa Liqasının I təsnifat mərhələsində evdə Şimali Makedoniyanın "Şkendiya" klubuna uduzan (0:2) "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis nəticəni şərh edib:

 

"Şkendiyanın gücünü bilirdik. İlk hissədə rəqibinin qarşısını alsaq da, fasilədən sonra penaltilərlə uduzduq. Səviyyə göz qarşısındadır. Onların avrokubok təcrübəsi böyükdür. Gənclərimizin avrokubok təcrübəsi qazanmalarına sevinməliyik. Bəzi futbolçular gözlədiyimiz oyunu göstərmədi. Bizə zaman lazımdır. Avropa Liqası Azərbaycan çempionatı deyil. İndi isə Premyer Liqaya köklənmək lazımdır".

 

Abbasov heyətin güclənməsinin vacibliyindən danışıb:

 

"Sumqayıt"a gəlməklə risk etmişdim. Bizi çətin iş gözlədiyini bilirdim. İndi isə komandadan getmək, döyüşü yarımçıq qoymaq qorxaqlıq olardı. Ötən mövsüm zəhmətimizin bəhrəsini gördük. Heyətimizdə çatışmazlıqlar var. Bəzi mövqeylərimiz güclənməlidir. İki transfer edəcəyimizə inanıram. Əgər reallaşmasa, çempionatda işimiz çətin olacaq".

Xəbər xətti